Problemlə bağlı mərkəzə kütləvi müraciətlər edilir
“Bakı-Kart” layihəsinin rəhbəri Ceyhun Əliyev isə problemlə bağlı ümumiyyətlə, danışmaq istəmədi
"Milli Ön” aparatları, yumşaq desək, əhalinin pulunu "yeyir”. "Milli Ön” vasitəsilə yükləmə etmək istəyən, lakin müvəffəq olmayan vətəndaşların necə əsəbiləşdiyinin, hirsləndiyini dəfələrlə müşahidə edirik. Konkret ünvan da göstərə bilərik; Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində, Mətbuat prospektində "Azərbaycan” Nəşriyyatının qarşısındakı avtobus dayanacağında qoyulmuş "Milli Ön” aparatları ilə yükləmə etmək istəyən vətəndaşların pulu havayı gedib.
Aparat pulu "udub”, ancaq kartda yükləmə icra olunmayıb. Əhalini narahat edənsə budur ki, belə hallarda köməyə heç kim və heç nə çatmır. Pulunu itirmiş vətəndaş bir ətrafına, bir də aparata baxa-baxa qalır. Oxşar vəziyyət metrostansiyalarda da yaşanır. "Bakı-Kart” aparatları da gah kağız əskinazları, gah da dəmir pulları qəbul etmir. Sərnişin dəqiqələrlə ona-buna xahişdə bulunur, yalvarır ki, "başına dönüm, məni də keçir”. Görəsən, ölkənin milli valyutası eyni ölçülü, eyni həcmli deyilmi ki, qəpiyin birini qəbul edir, birini yox?! Bəzən bildirirlər ki, dəmir pullar difektli - yəni əyri-üyrü olduqda aparat qəbul etmir. Amma şəxsən şahidi olmuşam ki, hətta rəngi üstündə, par-par parıldayan 20, 10 qəpiklikləri də aparat qəbul etməyib, sərnişininin sifətinə "çırpıb”. Hətta bir dəfə məndən onlar üçün də yükləmə etməyimi istəyən və təzə 20 qəpiklik vermiş xanıma, yarızarafat, yarıgerçək "xanım, bu aparat təzə pulları qəbul etmir, köhnəsi varsa, verin”, dedim. Aparatların doğru-düzgün işləməməsi səbəbindən sərnişinlər yükləmədə problemlər yaşayır, səhər-səhər işə getdikləri yerdə əsəbləri gərilir.
Problemlə əlaqədar öncə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etdik. Şöbənin rəhbəri Nuridə Allahyarova "Şərq”ə açıqlamasında bu problemlə bağlı Mərkəzə kütləvi müraciətlər edildiyini bildirdi:
- Bəli, bu problem var. Mərkəzə bu problemlə bağlı son 1 ayda kütləvi müraciətlər daxil olur. Biz də "Milli Ön” şirkətinə rəsmi müraciət etmişik. Bizə bildirilib ki, yaxın zamanda problem həllini tapacaq.
N.Allahyarova qeyd etdi ki, "Bakı-Kart” aparatları olmayan ərazilərdə "Milli Ön” aparatlarının qoyulması ona görə təmin edilib ki, vətəndaşlar gediş kartlarında balanslarını istədikləri zaman artırmaq imkanı əldə etsinlər. Lakin "Milli Ön” aparatları yalnız balansı artırmaq deyil, eyni zamanda müxtəlif funksiyaları yerinə yetirdiyi üçün bəzən yükləmədə problemlər yaranır. Lakin şirkət problemin yaxın zamanda həll ediləcəyini bildirib.
Bakı metropoliteni stansiyalarındakı "Bakı-Kart”larda yükləmə ilə bağlı yaranan çətinliklərə isə "Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən cavab almaq istədik. Şöbənin rəhbəri Nəsimi Paşayev "Şərq”ə açıqlamasında sözügedən aparatlara metropolitenin cavabdehlik daşımadığını söylədi. "Bakı-Kart” layihəsinin rəhbəri Ceyhun Əliyev isə problemlə bağlı ümumiyyətlə, danışmaq istəmədi. Və bizə, məsləhət gördü ki, "Bakı Nəqliyyat Agentliyindən məlumat ala bilərsiniz”. "Bakı-Kart” aparatlarına məhz onların cavabdehlik daşıdığını xatırlatdıqda isə israrla "bunu sizə kim deyib” sualının üzərində dayandı. Hörmətli Ceyhun müəllimə deyəsən, xatırlatmaq lazımdır ki, "Bakı-Kart” layihəsinin rəhbəri olaraq məhz onun adı qeyd olunub. Aparatları gətirib quraşdıran şəxs onlara cavabdehlikdən boyun qaçırırsa, "Bakı-Kart”ların vətəndaşlarla məzələnməsi də artıq təəccüblü görünmür. Nəhayətdə, dəmir qutudur, nə dili var, nə də... Yox, "ağzı” var, pul "yeməyə”.
Məlahət Rzayeva