"2025-ci ilə qədər neftin qiyməti 60 dollardan baha olmayacaq" - PROQNOZ

İlham Şaban:"...Neft ehtiyatlarının azalması, ona tələbatın artması səbəbindən neftin qiymətində artım baş verəcək”



""British Petrolium” şirkəti 2025-ci ilə qədər neftin qiymətinin 60 dollardan baha olmayacağını proqnoz verib”.

Bunu "Sherg.az”a neftin qiyməti ilə bağlı müzakirələrə münasibət bildirərkən Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban deyib. 

O bildirib ki, həmin vaxt bu şəkildə əsaslandırılmış fikirləri bir sıra iri neft şirkətləri bəyan etdi:

"Yaxın perspektiv üçün olan proqnozlar neftin qiymətinin aşağı düşəcəyi ilə bağlı idi. Bu proqnozları onunla əsaslandırırlar ki, neftin qiyməti baha olan zaman dünyada neft yataqlarının araşdırılmasına (kəşfiyyata) çox böyük vəsaitlər qoyulub. 

İndiki dövrlə müqayisədə 3 dəfə çox kəşfiyyata vəsait xərclənib. Nəticədə həm neft, həm də qaz yataqları aşkarlanıb, hasilat üçün hazırlanıb. Bundan sonrakı dövr üçün şirkətlərin kəşfiyyat xərcləmələri lazım deyil. Neftin qiyməti 70-80 dollar olurdu ki, kəşfiyyatlar aparılsın.

Dünya və yüksək inkişaf etmiş ölkələr texnologiya cəhətdən o qədər yüksək mərhələyə qədəm qoyublar ki, enerjidən istifadənin optimallaşdırılmış həddinə çatıblar. Enerjidən istifadə heç də əvvəlki illərin proqnozunda göstərildiyi kimi yüksək səviyyədə deyil. İstilik, avtomobillərin sərfiyyatı və s. üçün 10 il ərzində istehlakda inqilabi sıçrayışlar edilib.

Bunun nəticəsində alternativ enerji özünü bazarda təsdiq etməyə başlayıb. Alternativ enerji mənbələrində 1,4 -1,5 faiz illik artım müşahidə olunur. Ona görə, yaxın illərdə neftin qiymətində böyük dəyişiklik gözlənilmir. Həm istehlakçılar, həm də istehsalçılar bu qiymət səviyyəsinə vərdiş edəcək. Ondan sonra neft ehtiyatlarının azalması, ona tələbatın artması səbəbindən neftin qiymətində artım baş verəcək”.

Qeyd edək ki, "SOCAR Trading" şirkətinin icraçı direktoru Arzu Əzimov dünya birjalarında neftin qiymətinin uzun müddət ərzində 40-60 dollar dəhlizində dəyişəcəyini açıqlayıb.

Aysel Aslan