Əvvəla təcrübəli kadrlar yetişdirilməlidir
Dini televiziyanın açılması təklifi birmənalı qarşılanmır
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda dini televiziyanın yaradılmasını təklif edib. Şeyxülislam bu barədə ölkə başçısı ilə də danışdığını da bəyan edib: "Cənab Prezident bu praktikanın mövcud olduğu ölkələrlə maraqlanıb. Avropada və digər ölkələrdə belə nümunələr var. Bu məsələsə olduqca vacibdir. Çünki bəzən mətbuatda nabələd halda dini mövzulara toxunulur. Amma vahid dini televiziya olduğu təqdirdə bu işin peşəkarlar tərəfindən görülməsinə nail olacağıq”. QMİ sədri jurnalistlər üçün dini kursların açılmasını də təklif edib.
Dini televiziya məsələsinə MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov da münasibət bildirib. T.Məmmədov bildirib ki, yaxın gələcəkdə Azərbaycanda yeni telekanalın açılması gözlənilmir: "Şeyxülislam Hacı Allahşükür Paşazadə dini televiziyanın açılması ilə bağlı təklif irəli sürüb. Lakin bu, hələ dini telekanalın açılacağı demək deyil. Şeyxülislam təklif irəli sürüb. Hər kəs təklif verə bilər. Mövcud reklam bazarı, mövcud vəziyyət və digər məsələlər müzakirə olunur və Şura bundan sonra müsabiqə elan edir. Azərbaycan böyük ölkə deyil, indiki telekanalların sayı ölkə üçün daha çoxdur və reklam bazarı bunları əhatə edir. Ona görə də yeni telekanalın açılması yaxın gələcək üçün məqsədə müvafiq hesab edilmir”. Televiziya eksperti, professor Zeynal Məmmədli açılması təklif olunan dini telekanalın dövlətdən maliyyələşməsinin əleyhinə olduğunu deyib: "Dini telekanala tələbat varsa, mən bunun yaradılmasında problem görmürəm. Amma bu, dövlət büdcəsi hesabına olacaqsa, mən əleyhinəyəm. Onsuz da bizdə dövlətdən maliyyələşən kanallar var. Yox əgər bu, dindarların öz vəsaitləri hesabına olan bir kanal olacaqsa, onlar sərbəstdir. Televiziyanın məzmunu isə çox güman ki, qanuni tələblərə söykənəcək. Yəni, buna artıq dindarın özü qərar verəcək. Bir də əsas məsələ orada peşəkar kadrların olmasıdır. Həmin televiziya cəmiyyətin nüfuzunu qazanacaqsa, niyə də olmasın?”. SpaceTV-də "İnam” verilişinin müəllifi və aparıcısı, şərqşünas Seyid Camal Əzimbəyli deyib ki, Dini Komitənin təşkilatçılığı ilə İTV-də "Din və cəmiyyət”, Space TV-də isə "İnam” proqramı izləyicilərə təqdim olunur. Həftədə bir saat efirə gedən verilişlərdə birbaşa Ruhanilər İdarəsinin nəzarətində olan məscidlərin tanınmış din xadimləri, axundları ekspert qismində iştirak edirlər: "Bu proqramlar maarifləndirmə və QMİ-nin axundlarının efirə çıxması baxımdan önəmlidir. Bizdə efir canlıdır, izləyicilər verilişə zəng edirlər, suallarını verirlər və cavab alırlar. Yəni bir neçə kanalın görə bilməyəcəyi işi "İnam” və "Din və Cəmiyyət” verilişləri görür. Din və dövlət münasibətlərinin möhkəmlənməsi mühüm amildir. Əgər hörmətli Şeyx həzrətləri dini kanalı lazımlı bilirsə, biz bunu dəstəkləyirik. Amma qardaş Türkiyənin praktikasında gördük ki, dini kanallar bəzən dövlətçiliyin təhlükəsizliyi baxımından problem yaradırlar. Bəzi hallarda dini kanallarda zərərli xadimlərin təbliğatı gedir. Məncə, əsas məsələ yüksək hazırlıqlı kadrların yetişdirilməsidir. Kadr yetişmədən kanal açılacaqsa, ciddi problemlərlə üzləşə bilərik. Cəmiyyətin, toplumun qəbul etdiyi, din-dövlət münasibətlərində milli kimliyin vəhdətini qoruyan dini kadrları efirlərə çıxarmayacağıqsa, yenə əvvəlki sifətləri göstərəcəyiksə, kanal açmağın faydası olmayacaq”. Media Təqib Mərkəzinin rəhbəri, ilahiyyatçı-alim Elşad Miri "Şərq”ə açıqlamasında bildirib ki, o, Azərbaycanda təkcə televiziyalardan deyil, bütün media vasitələrindən düzgün istifadə edilməsinin tərəfdarıdır: "Öncə bu təklifi irəli sürən insanların özünün arzusunun həqiqətən saf olması ürəkaçan olardı. Məsələn, bu gün QMİ-nin heç özünün saytı düzgün fəaliyyət göstərmir. Bu məsələnin gündəmə gətirilməsinin ikinci səbəbi də, ANS televiziyasının bağlanması ilə əlaqədardır. Çünki bu televiziya az qala Allahşükür Paşazadənin hara, nə zaman getdiyini də çəkib göstərirdi. Hazırda isə onun şansı bir az azalıb. Çünki A.Paşazadəni bütün Qafqazın Şeyxi kimi millətə aşılayan elə məhz ANS idi. Yəqin, buna görə belə bir fikir formalaşdırıb və məqsədinə nail olmağa çalışır. Onu da qeyd edim ki, şəxsən mənim televiziyaya çıxmağıma qadağa qoyan elə həmin şəxsin özüdür. İdarə etdikləri qurumun saytı belə düzgün fəaliyyət göstərməyən, ümumiyyətlə, sosial mediada olmayan biriləri televiziya açıb nə edəcəklər? Televiziya açıb, Aygün Kazımovanı ora çıxarıb din haqqında hansı fikirdə olduğunumu soruşacaqlar, yoxsa bütün gün televiziyalarda olan hansısa "hacı”, "məşədi”, "kərbəlayi”ni efirə çıxarıb insanlara yanlış informasiyalarmı verəcəklər?”. Elşad Miri məsələdən çıxış yolu kimi kadr yetişdirilməsinin lazım olduğunu vurğulayıb: "Hər şeydən əvvəl bu sahəni yaxşı bilən kadrlar yetişdirmək lazımdır. Bu gün belə kadrların yetişməsi üçün QMİ heç bir iş görmür. Faktiki olaraq hazırda QMİ sədri ilə bağlı yazılan kitabların sayı, həmin idarədə din barədə yazılan kitabların sayından çoxdur. Belə bir qurumun necə televiziya yaradacağını düşünün. Bu səbəbdən Milli Televiziya və Radio Şurasının "yaxın gələcəkdə Azərbaycanda yeni telekanalın açılması gözlənilmir” deməsi də əsaslıdır. Ancaq arzu edirəm ki, ilk növbədə təcrübəli kadrlar yetişdirilsin və ondan sonra televiziya açılsın. Yoxsa, 30 ildən qalan, köhnəlmiş beyinləri ortaya çıxarıb nəsə iş görmək "molla kanalı” açmaq kimi bir şeydir”. İlahiyyatçı məsələnin qonşu Türkiyə ilə müqayisə edilməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Türkiyədə bu sahədə yetişmiş kadrlar çoxdu: "Həmin ölkədə belə bir kanal TRT-nin nəzdində "TRT Diyanət” adı ilə açılıb. Lakin o kanalın izlənmə səviyyəsi çox aşağıdır. Bütün bunlarla yanaşı, digər reytinqli kanallarda da dinlə bağlı verilişlər göstərilir. Mövzuların müzakirəsi zamanı dinlə bağlılığı olan insanlarla yanaşı, bağlılığı olmayan şəxslər də həmin verilişə çıxarılır. Nəticədə belə proqramlardan həm insanlar öyrənir, həm də verilişlər reytinqli olur. Burada insanlar fərqli fikirləri görürlər və debat adlandırılan ənənənin, gözəl müzakirə formasının şahidi olurlar. Ancaq bizdə məsələ fərqlidir. Məsələn, mənim də müəllimim olmuş akademik Vasim Məmmədəliyev Mədəniyyət Televiziyasında həftədə 10-15 dəqiqə efirə çıxır. Lakin həmin çıxışlara baxanda insan utanır ki, bunu danışan akademikdir, yoxsa molla? Əgər bu səviyyədə davam edəcəksə, mən bunun əleyhinəyəm. Ancaq bu, arzusunda olduğum bir işdir. Əgər gözəl kadrlar yetişdirib, gənclərin vasitəsi ilə düzgün şəkildə məsələlər müzakirə
ediləcəksə, insanlar da faydalanacaqsa, bunun tərəfdarıyam. Ancaq indiki vaxtda bu təşəbbüslə çıxış edən o qurumun özünün tabeliyində olan məscidlər, onların imamları, axundları elə işlər görürlər ki, insanları hətta məscidə getməkdən belə uzaqlaşdırırlar”.
İlahiyyatçı-yazar Cavid Cabbarlı isə düşünür ki, Şeyxin təklifi gecikib: "Əslində, çoxdan olmalı idi. Çünki dini telekanalın olması ictimai sifarişdir. Hesab edirəm ki, belə bir telekanalın olması iki cəhətdən çox önəmlidir. Birincisi, dinin gündəlik vacibatı məhz bu telekanalla yayımlanar və Azərbaycan vətəndaşları çətin seçim qarşısında qalmazlar. İkincisi, islam dininin elmi təbliğatı məhz həmin telekanal vasitəsilə baş tutar. Bu zaman insanlar həm sistemli şəkildə din öyrənər, həm də dövlət-din münasibətlərində gərginlik yaranmaz”. Ekspertə görə, Azərbaycanda dini telekanal fəaliyyət göstərərsə, dindən sui-istifadə halları da azalar: "Jurnalistlər üçün dini kurslar təşkil olunması da ciddi və önəmlidir. Lakin düşünürəm ki, bu məsələdə könüllülük prinsipi olmalıdır. Yəni kurslar təşkil olunsun, istəyən jurnalist qatılsın və ən azı sertifikat alsın. Dini mövzuda yazmaq istəyən jurnalist ən azı sadə terminləri bilməlidir”. İlahiyyatçı Bəhruz Camal da düşünür ki, respublikada ənənəvi din daşıyıcılarının düzgün istiqamətdə dinə yiyələnməsi və digər missionerlərin ideoloji təsirinə düşməmək üçün dini kanalın açılması mühüm addımdır: "Gecikmiş olsa da, məsələyə müsbət yanaşırıq. Çünki biz bəzi kanalların nəzdində yayımlanan bir saatlıq dini verilişlərin məmləkətdə ənənəvi din daşıyıcılarına müsbət təsir göstərdiyini müşahidə etmişik. Jurnalistlərə dini kursların keçirilməsi məsələsi də önəmlidir. Bəzən səriştəsiz jurnalistlərin və ya kimlərinsə diktəsi ilə yazılan məqalələr həqiqi ilsam inancını təhqir edir. Buna görə də dini kanalla bağlı irəli sürülən təklifi və atılacaq addımları məqbul və zəruri hesab edirik”. İlahiyyatçı Fərid Abdullah indi gündəmə gətirilən məsələnin daha öncə təklif edildiyini bildirib: "Dini kanala ehtiyac var. Çünki din elə bir məfhumdur ki, hamı ondan danışa bilir. Xalq arasında bir çox xürafat, qeyri-həqiqət dolu məlumatlar yayılıb və onların hamısı din adı altında təbliğ olunur. Cəmiyyət də çox vaxt dini ağızlardan öyrənir. Lakin haqpərəst, əsl vətəndaş mövqeyi sərgiləyən, xalqının rifahını arzulayan dini mütəxəssisin sözünə qulaq asan yoxdur. Daha doğrusu, onlara meydan verilmir. Ümid edirəm ki, xeyirli bir nəticə hasil olar”. Ekspert ümumilikdə dini təbliğat məsələsinə də toxunub: "Bildiyiniz kimi əvvəllər televiziyada və başqa mətbu orqanlarda gözəl təşəbbüslər göstərilirdi. Hətta orta məktəblərdə maarifləndirici layihələr keçirilirdi. Bu, gözəl işdir. Xüsusən orta məktəblərdə ümumi dini bilgilər verilməsi mühüm məsələdir. Lakin müəyyən səbəblərdən təkliflər öz həllini tapmır”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb