Mətbuat Qarabağın həllinə əngəllər yaradır

Politoloqlar Elmar Məmmədyarovun açıqlamasında həqiqət payının az olmadığını düşünürlər
“Görürük ki, mətbuat vasitəsilə məlumatların yayılması ümumi fonu qaraldır, digər yandan tarazlığı pozur”

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensivlik davam etdirilir. Bəlkə biz mətbuata bu barədə çox məlumat vermirik, amma deyə bilərəm ki, həm həmsədrlərlə, həm də öz səviyyəmdə nazirlərlə müzakirələr aparırıq”. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir danışıqların davam etdirildiyini də vurğulayıb: "Mətbuata məlumat vermirik. Qərara gəlmişik ki, bəlkə mətbuatsız nəticə əldə edək, sonra bu barədə mətbuata məlumat verək”.

Nazirin açıqlamasını dəyərləndirən tanınmış jurnalist və politoloq Tofiq Abbasov qeyd edib ki, burada mətbuat vasitəsilə ictimai qüvvələrin məlumatlarla bağlı fikir yürütməsindən və cəmiyyətlərdə müəyyən mövqe formalaşdırmasından söhbət gedir: "Əlbəttə, bunlar bir növ prosedura təsir göstərirlər. Baxın, biz Ermənistanın indiki vəziyyətində bunun bariz nümunəsini görürük. İlk dəqiqədən bəlli olanda ki, Ermənistan kompromislərə getməyə məcburdur və rayonların qaytarılmasını öz üzərinə götürməlidir, bu xəbərdən sonra işğalçı ölkədə hər şey alt-üst oldu və küçə qaynayır. Az qala Serj Sarkisyanı müxalif qrupların iştirakı ilə ictimai qüvvələr satqınlıqda günahlandırırlar. Bu onsuz da Ermənistan üçün qaçılmazdır. Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır. Bu gün Humanitar Forumda yalnız Prezident İlham Əliyev deyil, digər təşkilatlar da dedilər ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir. Bunu prosesə qatılan həmsədrlər də bilir. Bu artıq günün reallığıdır ki, Ermənistan küncə sıxılıb və özü üçün əlverişli olmayan vəziyyətdə gərək geri çəkilsin. Lakin bu baş verməsin deyə, artıq Ermənistanda küçə və meydanlar S.Sarkisyana öz yanaşmalarını diktə edirlər. Ondan tələb edirlər ki, geriyə bir addım da dönsən, sən düşmənsən. Görün, məlumatların sızması nə dərəcədə vəziyyəti stabillikdən, tarazlıqldan çıxarır. Digər yandan da qeyri-müəyyən fon yaradır ki, bu da danışıqlar prosesinə qətiyyən yumşaqlıq və xeyir gətirmir. Hesab edirəm ki, bu cür yanaşmada rasional bir nüvə var. Görürük ki, mətbuat vasitəsilə məlumatların yayılması ümumi fonu qaraldır, digər yandan tarazlığı pozur”.

Ekspert XİN başçısının fikirləri ilə tam razı olduğunu söyləyib: "Bizə lazım olan odur ki, Azərbaycanın mövqeyi üzərində daimi sülhün əldə olunması təmin olunsun və son saziş imzalansın. Biz görürük ki, bu istiqamətdə Azərbaycan diplomatiyasının uğuru danılmazdı. Yəni biz sözümüzü dedik, mücadilə meydanında separatçıların cavabını verdik. Bütün birliyi də inandıra bildik ki, gücümüz, təpərimiz kifayət edir ki, tək Qarabağı deyil, hətta Ermənistanı da çökdürək. Bizə lazım olan da budur ki, proses öz həllini tapsın. Odur ki, bizim məlumatımızın az və ya çox olması ikinci dərəcəli məsələdir. Əsas odur ki, bizim arzumuz bərqərar olsun, torpaqlarımız işğaldan azad olunsun və ərazi bütövlüyümüz təmin olunsun”.

Ayyət Əhməd