Azərbaycanda 6 Rihanna yaşayır

Sayalı Sadıqova: “Azərbaycanda əcnəbi adların qoyulduğu uşaqlar milliyətcə azərbaycanlı ola bilməz”



Azərbaycanda doğulan körpələrə əcnəbi ad qoyanların sayı artır. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, əcnəbi adlar daha çox qız uşaqlarına verilir. Beləliklə, son beş ildə 157 qız uşağına Diana adı verilib, 55 körpəyə Sabrina, 34-nə Selena, 22-nə Sveta adı qoyulub.

Bunda başqa, son beş ildə qoyulan əcnəbi adlar arasında İzel (8), Karolina (5), İzabel (3), İzabella (14), Lidiya (2), Lusiya (1), Liza (13), Rihanna (6), Luiza (8), Culiya (2), Selenay (2) Serenay (3), Janna (1), Tina (1), Aleksa (1), Kameliya (4), Marqarita (3) kimi adlar da yer alıb. Oğlan uşaqlarına qoyulan əcnəbi adlar arasında Raul adı üstünlük təşkil edir. Belə ki, son beş ildə 1910, bu il isə 331 körpəyə bu ad verilib.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova bildirib ki, Azərbaycanda əcnəbi adların qoyulduğu uşaqlar milliyətcə azərbaycanlı ola bilməz: "Azərbaycanda, milli ad sistemi var. Valideynlər uşaqlarına ad seçərkən həmin sistemdən yararlansalar yaxşı olar. Amma elə valideynlər var ki, övladına bizim soy-kökümüzlə bağlı olmayan, əcnəbi adlar qoymağa cəhd edirlər. Hətta uşağına gülünc ad qoymaq istəyənlər də var. Amma bu hallara qətiyyən yol verilmir. "ASAN Xidmət”dən bizə hər gün yenidoğulmuşlara verilən adlarla bağlı məlumat daxil olur. O adların arasında, azərbaycanlı uşaqlara əcnəbi adların verilməsi halları qeydə alınmayıb”.

S.Sadıqova deyir ki, Azərbaycanda uşaqlara qoyulan adların siyahısında olan dəyişikliklər və qadağalar yalnız milliyyətcə azərbaycanlı olan şəxslərə aiddir. Azərbaycan vətəndaşlığını qəbul edən, başqa millətin nümayəndəsi olan şəxslər üçün bu qadağalar keçərli deyil: "Azərbaycanda milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri də yaşayır. Hər bir xalqın da öz ad sistemi var. Azərbaycanda yaşayan yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlar, ləzgilər, udilər, ruslar, molokanlar, ingiloylar və digər xalqlar təbii ki, öz uşaqlarına öz soy-köklərinə bağlı olan ad verməlidirlər. Baxmayaraq ki, onlar Azərbaycan vətəndaşı sayılırlar, amma öz millətlərinə məxsus adları övladlarına qoya bilərlər. Amma bu, azərbaycanlılara aid deyil. Məsələn, milliyətcə rus olmayan birinin öz uşağına Pavel adı qoyması nə dərəcədə düzgündür? Belə hal olanda valideynlər məhkəməyə versə də, "ASAN Xidmət” uşağa bu cür adların qoyulmasına azərbaycanlılara icazə vermir”.

S.Sadıqova bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olduğunu, "ASAN Xidmət”in həmin qərara istinad etdiyini söyləyir: "Nazirlər Kabinetinin qərarında da milli ad sisteminin qorunmalı olduğu, gülünc doğuran adlardan istifadənin yolverilməz olduğu qeyd olunub. Ona görə də, "ASAN Xidmət” ad qoyularkən bu qərara istinad edir. Əcnəbi adların azərbaycanlı uşaqlara qoyulmasına yol verilmir. Elə adlar var ki, o adları ancaq rus, ispan, yəhudi, fars, gürcü və sair xalqların nümayəndələri öz övladına qoya bilər. Ona görə də, valideynlər həmin adlara qadağa ilə bağlı məhkəməyə müraciət edəndə, biz onlara başa salırıq ki, bu adlar bizim milli ad sistemində yoxdur”.

S.Sadıqova azərbaycanlı uşaqlara əcnəbi adların qoyulmadığını iddia etsə də, bu yaxınlarda ana olan həmkarlarımızdan biri, Fəridə Abdıyeva öz övladına Orli adını verib.

Dilçilik İnstitutunun direktor müavini, Filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva da azərbaycanlıların öz övladlarına başqa xalqlara aid adların verilməsinin düzgün olmadığı fikrindədir. Onun qənaətincə, istənilən azərbaycanlının adı çəkiləndə onun sözün əsl mənasında bu xalqın nümayəndəsi, azərbaycanlı olduğu bilinməlidir: "Mən azərbaycanlıların öz övladlarına əcnəbi ad qoymasını düzgün hesab etmirəm”.

M.Mirzəliyeva iddia edir ki, bunun müxtəlif səbəbləri olur: "Bəzən övladına əcnəbi ad verənlər hansısa sevdikləri xarici kinonun, əsərin qəhrəmanının adını öz uşaqlarına qoyurlar. Amma elələri də var ki, bunu müasirlik hesab etdiyindən, öz övladına əcnəbi adı verir. Ümumilikdə götürdükdə, Azərbaycanda ailələrdə yeni doğulan uşaqlara ad verərkən nəsildə olan nənə-babaların adlarına üstünlük verilir. Bu, həmin insanları yaşatmaq anlamına gəlir. Amma bəziləri də var ki, nəinki uşağa nənəsinin, babasının, ümumiyyətlə, öz xalqına xas olan adı vermir. Mənim fikrimcə, öz xalqını sevən insan uşağına yad ad qoya bilməz. Bəlkə də, əcnəbi adı verməyi müasirlik, öz adlarımızı qoymağı geridəqalmışlıq kimi qiymətləndirirlər. Amma səhv edirlər”.

Ayyət Əhməd