Suriya erməniləri Qarabağa köçürülür

“Beynəlxalq aləm ciddi təhlükələrlə üzləşəcək”



Suriya erməniləri Qarabağa köçürülür. Bu barədə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələri icrasız qalıb, Minsk Qrupunun fəaliyyəti nəticə verməyib:

"Mütəmadi olaraq mülki əhaliyə atəş açılır. Suriyadan ermənilər gətirilərək Dağlıq Qarabağa yerləşdirilir. Azərbaycanın işğal olunmuş ərazilərində narkotik məhsullar əkilir. Silah qaçaqmalçılığı baş verir, terrorçular hazırlanaraq münaqişə zonalarına göndərilir. Ancaq onlar anlamırlar ki, bu məsələ təkcə Azərbaycan yox, o cümlədən region və bütünlüklə dünya üçün problemdir”. Ə.Həsənov əlavə edib ki, işğal altında olan Dağlıq Qarabağda bütün yaşayış infrastrukturları, abidələr dağıdılıb: "Münaqişə çərçivəsində ölkəyə ümumilikdə 500 milyard dollar ziyan vurulub”. Komitə sədrinin açıqlamalarına münasibət bildirən Azərbaycan Demokrat Partiyasının rəhbəri, politoloq Sərdar Cəlaloğlu deyib ki, işğala məruz qalmış bütün ərzilərdə bu cür qanunsuz əməllər həyata keçirilir: "Neqativ halların yayılmasının, buna şərait yaradılmasının əsas səbəbi avtoritar rejimlərin cinayətlərdə maraqlı olmasıdır: "Ölkəyə nəzarət mexanizmini itirən kriminal hökumətlər məqsədli şəkildə radikal qrupların formalaşmasına, narkotika becərilməsinə şərait yaradırlar. Onlar bilərəkdən həmin bölgələrdə terrorçular, narkomanlar yetişdirirlər. Nəzəri olaraq Dağlıq Qarabağ bu cür qüvvələrin inkişaf etməsi üçün "münbit ərazi” hesab olunur. Dünya təcrübəsinə baxsaq, belə halların dəfələrlə təkrar edildiyini görərik.

Bununla yanaşı, işğal edilmiş ərazilərdə insanlar əleyhinə təhlükəli eksperimentlər də aparılır. Bunun da səbəbi Ermənistan rəhbərliyindəki ciddi boşluq və düşmən ölkədə hökm sürən avtoritar rejimdir”. S.Cəlaloğlu vurğulayıb ki, terrorçuluq və narkotika sadəcə bir xalqa, konkret siyasi qrupa deyil, bütün dünyaya təhlükə yaradır: "Terrorizm ümumilikdə bəşəriyyəti narahat edən, bütün insanlığı hədəfə alan məsələdir. Ona görə də təkcə Azərbaycan deyil, haqqın və sabitliyin yanında olduğunu iddia edən dünya ölkələri ermənilərin cinayətlərinə qarşı çıxmalıdır. Əgər beynəlxalq aləm Dağlıq Qarabağda bu cür təhlükəli halların yaşanmasını və özlərinin ziyan görməsini istəmirsə, onda Ermənistana təzyiq edərək torpaqların qaytarılmasına nail olmalıdır. Əks halda ciddi təhlükələrlə üzləşəcəklər”.

İsmayıl