“Kerrinin bəyanatında hədəf Rusiyadır”

“ABŞ rəsmisi təşəbbüsü əlinə aldığını iddia edən Moskvanın münaqişənin həlli istiqamətində addım atmamasını qınayır”



"Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil”. Bu bəyanatla ABŞ-ın Dövlət katibi Con Kerri çıxış edib. Kerri deyib ki, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında yaranan münaqişənin aradan qaldırılması üçün şərait hələ yaranmayıb.

Onun sözlərinə görə, bu gün bir sıra dondurulmuş münaqişələrin həlli nəzərdən keçirilmir: "Səbəbi odur ki, tərəflər, yəni ölkə liderləri buna hazır deyillər”. ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, Fələstin-İsrail münaqişəsi bu tip problemlərə aid deyil: "Fələstin problemi, Yaxın Şərqdəki münaqişələr də mürəkkəbdir. Lakin bir sıra kompleks qərarlarla bu problemi həll etmək mümkündür”. Məsələni şərh edən politoloq Arzu Nağıyev "Şərq”ə açıqlamasında deyib ki, Con Kerrinin sözləri düzgün anlaşılmayıb: "Noyabrda ABŞ-da seçkilər olacaq. Çox güman ki, Obama administrasiyası belə bir problemi gələcəyə ötürmək istəmir. Ona görə də bu cür açıqlamalar verir. Düşünürəm ki, Kerrinin bəyanatında əsas hədəf Rusiyadır. Yəni ABŞ rəsmisi təşəbbüsü əlinə aldığını iddia edən Moskvanın münaqişənin həlli istiqamətində addım atmamasını qınayır. Məqsəd SSRİ-nin varisi olan Rusiyanı günahlandırmaqdır. Kerri Dağlıq Qarabağı dondurulmuş münaqişə adlandırır və iddia edir ki, liderlər razılığa gələ bilmirlər. Məlumdur ki, Azərbaycan diktə edən, yəni şərt irəli sürən tərəfdir. Buna haqqımız var, çünki biz işğala məruz qalan tərəfik”. Ekspertə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri ancaq bəyanat verməklə məşğuldur. Onların heç bir əməli fəaliyyəti yoxdur: "İşğalçı Ermənistan bundan istifadə edərək müxtəlif siyasi şoular təşkil edir və danışıqlar prosesindən qaçır. Əlbəttə, belə məqamda biz də anlayırıq ki, nəticəsiz danışıqlar naminə masa arxasına oturmaq mənasızdır. Azərbaycan öz sözünü qanunlar çərçivəsində deyib. Biz işğalçıların torpaqlarımızı dərhal və qeyd-şərtsiz boşaltmasını tələb edirik”.

İsmayıl