Onun seçkilərdə qələbə qazanmaq şansı yoxdur
“Özünə hörmət edən hər hansı bir gürcü vətəndaşı və siyasətçisi Rusiya ilə bağlı hər hansı bir məsələyə dəstək verməməlidir“
"Hakimiyyətə gələcəyim təqdirdə bir çox siyasətçini cəzalandıracam”. Bu barədə Gürcüstanın eks-spikeri Nino Burcanadze bildirib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat Partiyası yaxşı bilir ki, Burcanadze hakimiyyətə gəlsə, onların yenidən hakimiyyətə qayıtmaq şansları olmayacaq:
"Böyük ehtimalla onlar heç siyasətdə də qalmayacaqlar. Mən ədaləti bərpa edib, cinayətkarları məsuliyyətə cəlb edəcəyəm. Onlarla birgə məsuliyyəti "Gürcü Arzusu” Partiyası da daşıyacaq”.
Məlumat üçün deyək ki, Burcanadze Rusiyameyilli siyasəti ilə seçilir. O, Moskvanın Gürcüstandakı əsas müttəfiqi hesab edilir.
Siyasətçinin təhdid dolu açıqlamasını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, N.Burcanadze Gürcüstan parlamentinin vitse-spikeri olub və bu, onun üçün ən böyük uğur olub. Bu halın bir daha təkrarlanacağı mümkün görünmür: "Ona görə ki, Gürcüstanla Rusiya arasındakı münasibətlər gərgindir. Moskva Gürcüstan torpaqlarının bir hissəsini qoparıb. İşğal etdiyi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Orada qoşunları yerləşdirib. Özünə hörmət edən hər hansı bir gürcü vətəndaşı və siyasətçisi Rusiya ilə bağlı hər hansı bir məsələyə dəstək verməməlidir. N.Burcanadze Rusiyapərəst olduğunu gizlətmir. Amerika və Qərbi tənqid edir. Rusiyaya isə çox müəmmalı səfərlər edir və yüksək səviyyədə qəbul olunur. Konfrans və seminarlarda iştirak edir. Məncə, heç bir gürcü siyasətçi Rusiya ilə sıx əlaqə saxlamamalıdır. Ancaq Burcanadze bunu edir. Baxın, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, hansısa azərbaycanlı siyasətçi gedib İrəvanda erməni rəsmiləri ilə görüşür. Bu da faktiki eyni mənzərədir. Ona görə də hesab edirəm ki, N.Burcanadzenin seçkidə qələbə çalması heç inandırıcı deyil. Əslində onun bu çağırışı ölkəni vətəndaş müharibəsinə sürükləməkdir. Burcanadze həm Saakaşvili və onun tərəfdarlarını, həm də indiki hakimiyyəti tənqid edir. Məsələ də ondadır ki, parlament seçkilərində məhz bu iki partiya arasında rəqabət gedəcək. Digərləri çox aşağı faiz səs qazanacaq. N.Burcanadze hərəkatı isə ümumiyyətlə 1 və ya 2 faiz səs toplaya bilər”.
Ayyət Əhməd