Milyonçular erməni dilənçilərini xilas edə bilməyəcək

“Ermənistandakı vəziyyəti düzəltmək üçün “sehirli çubuq” lazımdır”



Ermənistan rəhbərliyi təzə hökuməti milyonçularla formalaşdırır. Yeni Baş nazir Karen Karapetyandan sonra Səhiyyə Nazirliyinə təyinat alan Levon Altunyanın da Moskvada böyük var-dövlət sahibi olduğu deyilir. Altunyan nazir təyin olunana qədər Ermənistanın ən böyük sığorta şirkətinin icraçı direktoru olub.

Xatırladaq ki, Ermənistanın yeni Baş naziri Karapetyan Rusiyanın "Qazprom” şirkətində direktor müavini kimi çalışıb. Mühüm vəzifələrdə çalışmış Baş nazirin Rusiyada böyük biznesə sahib olduğu bildirilir. Ekspertlərə görə, boşalan nazir postlarına milyonçuları gətirən Prezident Serj Sarkisyanın niyyəti bərbad sosial durumdan əziyyət çəkən erməni ictimaiyyətinin əhval-ruhiyyəsini yüksəltməkdir. Mövzu ilə bağlı "Şərq”ə danışan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri milyonçuların erməniləri xilas edə bilməyəcəyini deyib. Onun fikrincə, erməni biznesmenlər öz pullarını xalq üçün sərf etmək fikrində deyillər: "Yeni nazirlər Ermənistanda mövcud olan oliqarxiya sisteminin üzvləridir. Onlar əldə etdikləri imkanlarla bizneslərini inkişaf etdirəcək, daha çox varlanacaqlar. Qısa müddətdə nə Baş nazirin, nə də digər imkanlı nazirlərin ciddi iqtisadi islahatlar aparması real görünür. Bunu yeni Baş nazir özü də etiraf edib. Ermənistandakı vəziyyəti düzəltmək üçün "sehirli çubuq” lazımdır. Düşmən ölkə maliyyə cəhətdən çox bərbad vəziyyətdədir. Yaxın dönəmdə ermənilərin dirçəlməsi mümkünsüzdür”. Politoloq bildirib ki, hakimiyyətə gətirilən nazirlər var-dövlətlərini Rusiyada qazanıblar: "Onların hamısı Rusiya xüsusi xidmət orqanlarının nəzarətindədir. Həmin şəxslərin Ermənistanda hakimiyyətə gətirilməsi Rusiyanın post-Sarkisyan dövrünə hazırlaşdığını göstərir. Bu, hansısa siyasi kataklizmə getmədən, rahat şəkildə hakimiyyət keçidini təşkil etməkdir. Həmin şəxslərin rejimə daxil edilməsi növbəti parlament seçkisinə hazırlıqdır. Bildiyiniz kimi, Ermənistanda konstitusiya dəyişib. Seçkilərdən sonra ölkənin idarəetməsi Prezidentin yox, hökumət başçısının, yəni Baş nazirin əlində olacaq. Baş nazir Karapetyan isə birbaşa Rusiyaya bağlıdır”.

İsmayıl