Dövlət önə çıxdı, Ukraynadakı azərbaycanlılar rahat nəfəs ala biləcək
Bu ölkənin baş prokuroru ilə Zakir Qaralovun telefon danışıqları problemin ictimailəşməsindən xəbər verir
Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkəsində azərbaycanlılara qarşı törədilmiş cinayət hadisələri ilə bağlı ona ünvanladığı məktuba cavab olaraq Azərbaycanın baş prokuroru Zakir Qaralova zəng edib. Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, telefon danışığı zamanı baş prokurorlar bu sahədə atılacaq birgə addımları müzakirə ediblər.
Ukraynanın baş prokuroru azərbaycanlı həmkarına söz verib ki, qısa müddət ərzində zərərçəkənlərin yaxınlarını, azərbaycanlı icma rəhbərlərini qəbul edəcək. Səfirlikdən Ukraynada azərbaycanlıların oğurlanmaları və hücuma məruz qalmalarına etiraz olaraq sentyabrın 14-də bu ölkənin Daxili İşlər Nazirliyi (DİN) qarşısında keçirilən aksiyadan sonra azərbaycanlıların oğurlanması faktının qeydə alınmadığı bildirilib: "Avqust ayında bir nəfər oğurlanmışdı ki, o da sonra sərbəst buraxılıb. Bundan başqa, hələlik azərbaycanlıların oğurlanması halı qeydə alınmayıb”.
Qeyd edək ki, sentyabrın 16-da Azərbaycanın baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin baş prokuroru Yuri Lutsenkoya müraciət edib.
Ukrayna baş prokurorunun reaksiyasını dəyərləndirən kriminalist-ekspert İlqar Altay qeyd edib ki, bu ölkədə soydaşlarımıza qarşı törədilən cinayətlərin qarşısının alınması istiqamətində görülən işlər Azərbaycanın xaricdəki soydaşlarımıza göstərdiyi diqqətin nəticəsidir: "Əlbəttə, məlum səylərə uyğun nəticələr olmalı idi və olur da. Görünür, Ukrayna rəhbərliyi də ərazisində olan kriminal hadisələrdən narahatlıq keçirib. Bundan başqa, Z.Qaralovun müraciəti, ictimailəşmiş müraciətdir. Bu da oradakı soydaşlarımıza ruh, dəstək verir. Azərbaycan dövlətinin öz soydaşına sahib çıxması onlara rahatlıq gətirir. Artıq soydaşlarımız bilir ki, Azərbaycan hökuməti hər bir soydaşına, vətəndaşına sahib çıxır. Biz fikirləşirdik ki, Ukraynadakı qətllərə media və QHT səviyyəsində reaksiyalar verək. Amma baş prokurorun timsalında dövlət səviyyəsində meaj verildi. Və hökumət bu işdə ictimaiyyətdən də qabağa keçir”.
Ekspertin qənaətincə, Ukraynanın baş prokuroru bu ölkə DİN- in fəaliyyətini nəzarətə götürəcək: "Z.Qaralovun müraciətinin ictimai əhəmiyyəti də var. Yəni məlum müraciət oradakı soydaşlarımızın narahatlığına son qoya bilir. Eyni zamanda onların Azərbaycana bağlılığını, sevgisini artırır. Buradakı insanlarımızda dövlətimizin qayğısına arxayın olub, hansısa xarici ölkəyə gedib, diaspor təşkil etməsinə əminlik yaradır. Harada olmasından asılı olmayaraq Azərbaycan dövləti öz vətəndaşlarının qayğısı ilə maraqlanır və bu, ümumi dövlətçiliyimizin səviyyəsini göstərir”.
Ayyət Əhməd