Kənd Təsərrüfatı Nazirliyi Bakıdan köçürülsün

“Sovetdən qalma əksər nazirliklərin sayı getdikcə azaldılmalı, səlahiyyətlər bələdiyyə və icra hakimiyyətlərinə verilməlidir”



Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, millət vəkili Eldar Quliyev Kənd Təsərrüfatı Nazirliyinin şəhər ətrafına köçürülməsini təklif edib. Deputat qeyd edib ki, bu qurum
respublikanı əhatə edən nazirliklərdən biridir. Regionlarda nazirliyin nümayəndəlikləri, səlahiyyətli şəxsləri var:

"Bu qurumu hansısa regionda deyil, heç olmasa, Bakıətrafı qəsəbələrdən birində, Qaradağda, Sabunçuda, Əzizbəyov rayonlarından birində yerləşdirmək olar. Bakı mərkəzdir. İstənilən istiqamətdən bura gəlmək rahatdır. Yəni, bu baxımdan nazirliyin hansısa ucqar rayona köçürülməsini deyil, elə Bakıda mərkəzdən kənara köçürülməsini məqbul sayıram. Hətta cənab Prezident İlham Əliyev də Bakının yükünün azaldılması üçün bəzi qurumları və universitetləri şəhər kənarına çıxarmağı məsləhət gördü. Hesab edirəm ki, bu, Bakının tıxac probleminə böyük təsir edə bilər”.

Təklifi müsbət dəyərləndirən tarix elmi üzrə fəlsəfə doktoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bunun vacib məsələ olduğunu söyləyib: "Yalnız Kənd Təsərrüfatı Nazirliyi deyil, digər nazirliklər də regionlara köçürülməlidir. Məsələn, Turizm Nazirliyi Qəbələyə köçürülə bilər. Bu cür paylamalar Bakıdakı yük və ya tıxacın aradan qaldırılmasına dəstək olacaq. Bir də Qərb ölkələrində tez-tez dəyişən kiçik hökumətlər var. Onlar nazirliklərin sayını minimuma endirirlər. Ona görə də, sovetdən qalma əksər nazirliklərin sayı getdikcə azaldılmalı, səlahiyyətlər bələdiyyə və icra hakimiyyətlərinə verilməlidir”.

Ayyət Əhməd