“İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər”





Azərbaycanda enerji təhlükəsizliyi sisteminin təməli 1970-ci illərin əvvəllərində məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi liderin səyi nəticəsində həmin tarixdən etibarən respublikanın elektrik enerjisinə olan tələbatı yerli imkanlar hesabına ödənilməyə başlanılıb və xalq fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edilib. 1970-1980-ci illər ərzində elektroenergetika sahəsi yeni texnika və texnologiyalar əsasında gücləndirilib. 1971-ci ildə Araz çayı üzərində "Araz” su elektrik stansiyası inşa edilib. Qarabağ bölgəsinin elektrik enerji təchizatının yaxşılaşdırılması, enerjinin ötürülməsində itkilərin azaldılması məqsədilə Tərtər çayı üzərində "Sərsəng” su anbarı və eyniadlı su elektrik stansiyası istifadəyə verilib.

1980-ci illərdə isə "Şəmkir” SES və Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan, gücü 2400 meqavat olan, 8 enerji blokundan ibarət "Azərbaycan” DRES-i əhalinin istismarına verilib. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkənin enerji sistemi yenidən qurulub və müasir şəraitə uyğun olaraq inkişaf etdirilib.

"Barmek” insanları qaranlıqda qoydu

Ötən əsrin axırlarında ölkə ərazisində, xüsusən paytaxt Bakının enerji təchizatında yaranan problemləri həll etmək məqsədilə bir sıra mühüm addımlar atıldı. 2000-ci ildə "Bakıelektrikşəbəkə” Açıq Tipli Səhmdar Cəmiyyəti yaradıldı və əlverişli şərtlərlə uzunmüddətli "icarəyə” verildi. Qurumun idarəetməyə verilməsi həmin dövrdə daxili imkanların məhdudluğu ilə əlaqədar idi. 2002-ci ilin yanvarında müsabiqədə qalib olmuş Türkiyənin "Barmek” şirkəti ölkədə fəaliyyətə başladı. Şirkətlə bağlanmış müqaviləyə əsasən, yeni yaradılmış "Barmek” Bakıya müasir texnologiyaların gətirilməsini, 150-yə qədər yüksək gərginlikli yarımstansiyanın modernləşdirilməsini, qəza vəziyyətində olan kabel və hava xətlərinin yeniləşdirilməsini təmin etməli idi. Bundan başqa, "Barmek” istehlakçıların yeni, müasir sayğaclarla təmin edilməsini, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını da öz boynuna götürmüşdü. Lakin şirkət əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi qüsurlara yol verdi, öhdəliklərin heç birini yerinə yetirmədi. Az miqdarda gətirilən elektrik avadanlığı Türkiyənin, Çinin və Rusiyanın 1970-1980-ci illərdə istehsal etdikləri köhnə texnologiyalar idi. Bütün bu səbəblərə görə, "Barmek”in idarəçiliyi 2006-cı ildə dayandırıldı. Dövlət başçısının qərarı ilə 2006-cı ildə

"Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa edildi və enerji təminatı üzrə islahatlara start verildi.

"Azərişıq” Azərbaycanı işığa qərq etdi

"Bakıelektrikşəbəkə”nin təkcə Bakı və ətraf qəsəbələri deyil, bütün Azərbaycan ərazisini əhatə edən yeni bir quruma çevrilməsi ölkə başçısının apardığı iqtisadi və sosial siyasətin uğurlu nəticəsi idi. 2006-cı ildən başlayaraq 9 il müddətində möhtəşəm işlər görüldü. Bakı və ətraf qəsəbələr dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edildi, elmi-texniki nailiyyətlərdən səmərəli istifadə olundu, peşəkar kadrlar formalaşdı. Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 6 min 200 meqavata qaldırıldı, texniki itkilər 17 faizdən 8 faizə endirildi. Ölkəmizdə ilk dəfə 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradıldı. Bununla da istehlakçıların fasiləsiz, dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatı yüksək səviyyədə təmin edildi. Tədricən qurum bütövlükdə Azərbaycan ərazisinə nəzarət etməyə başladı. Ona görə də 2015-ci ilin 10 fevralında Prezident İlham Əliyevin sərəncamı ilə "Bakıelektrikşəbəkə”nin adı dəyişdirilərək "Azərişıq”ASC adlandırıldı. "Azərişıq” uğurlu fəaliyyətini davam etdirərək respublikamızın 57 rayon və şəhərini əhatə etməklə, 7 regional enerji təchizatı satış idarəsi yaratdı. Bunlar Bakı, Şimal, Cənub, Şimal-Qərb, Aran, Mərkəzi Aran və Qərb Regional Enerji Təchizatı və satışı idarələridir.

İstismar müddəti bitmiş bütün qurğular sürətlə yeniləndi

Hazırda respublikanın bütün qəsəbə və kəndlərinin, bütövlükdə yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işləri geniş şəkildə, sürətlə davam etdirilir. "Azərişıq”ASC-nin həyata keçirdiyi tikinti, yenidənqurma işlərinin həcmi əvvəlki illərlə müqayisədə bir neçə dəfə artırılıb. Xüsusilə nəzərə almaq lazımdır ki, bu işlər əlavə investisiya vəsaitləri cəlb etmədən təşkilatın daxili resursları hesabına həyata keçirilir. 2006-cı ilə qədər "Bakıelektrikşəbəkə”nin Nərimanov və Xətai rayonlarında cəmi 2 inzibati binası mövcud idi. 10 il müddətində 50-yə yaxın ofis binası, yardımçı və texniki əhəmiyyətli bina və qurğular tikilib istifadəyə verilib. Yeni tikilən yarımstansiyalar isə xüsusi layihə əsasında iki transformatorlu olmaqla qapalı tipli tikilir. Yüksək və alçaq gərginlikli xətlərin yarımstansiyaya girişi və çıxışı xüsusi kabel kanalları vasitəsi ilə izolyasiyalı kabellərlə həyata keçirilir. Ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış köhnə transformatorlar yeni tip, qapalı komplekt transformator məntəqələri ilə əvəz olunur. 2015-ci ildə 1450 ədəd, 2016-cı ildə isə 1650 ədəd bu tip transformatorlar quraşdırılıb.

Ucqar kənd və qəsəbə sakinləri də işıqlı həyatdan məhrum qalmırlar

"Azərişıq” respublikamızın bütün şəhərlərində, kənd və qəsəbələrində, hətta ən keçilməz dağ silsilələrində belə genişmiqyaslı işlər görür. Zaqatala rayonunun Qalalı kəndi 35 illik fasilədən sonra 24 saat dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Rayon mərkəzindən 30 kilometr məsafədə yerləşən kənd sakinləri üçün radio-televiziya əlçatmaz idi. "Azərişıq” yaradıldıqdan sonra bu problem aradan qalxdı. Qurum cəbhə bölgəsində yerləşən rayonlara da xüsusi diqqət və qayğı göstərir. Düşmənlə təmas xəttində yerləşən Tərtər, Ağdam və Füzuli rayonlarında köhnəlmiş, istismara yararsız elektrik dayaqları dəyişdirilir. Naqillər, transformatorlar yeniləri ilə əvəz edilir və müasir tipli yarımstansiyalar quraşdırılır. Bu bölgələrin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzindədir. Astara şəhərinin "Ərçivan” yarımstansiyasında da ildırımötürücü qurğular gücləndirilib. 60 ədəd yeni dayaq basdırılıb, müasir hava xətti çəkilib. Lənkəranda da bu cür təhlükəsizlik tədbirləri həyata keçirilərək enerji ötürücüləri sazlanıb. Dağlıq ərazi olan Lerik rayonunda keçən əsrin 1960-cı

illərində çəkilmiş Hamarat xəttində əsaslı təmir işləri aparılıb. Yardımlı, Masallı, Hacıqabul elektrik şəbəkələrində də təhlükəli məqamlar qaldırılıb. Ümumilikdə, cənub ərazilərində 12 yarımstansiyada yoxlama-təmir işləri aparılıb. Dağlıq ərazilərdən keçən bütün hava xətləri sazlanaraq işlək vəziyyətə gətirilib. 247 dayaq dəyişdirilərək dəmir-beton dayaqlarla əvəz olunub. 500-dən çox izalyator quraşdırılıb və 74 km köhnə naqil yenilənib. O cümlədən, İsmayıllı şəhərində, Xanagah, Qurbanəfəndi, Tircan kəndlərində və Basqal qəsəbəsində 1163 ədəd yeni dəmir dayaq quraşdırılıb. İsmayıllıda "Azərişıq” ASC-nin daxili vəsaiti hesabına yeni inşa edilmiş ofis binası istifadəyə verilib. İki mərtəbədən ibarət ofis binasında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. Zəruri avadanlıqlarla yanaşı, kompyuter texnikası və internetlə təmin edilib. Abunəçilərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün xüsusi otaqlar da yaradılıb.

Elektron xidmətlərin tətbiq edilməsi ilə insan faktoru minimuma endirilib

"Azərişıq” tərəfindən yerlərdə əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün optimal iş şəraitinin yaradılması istiqamətində işlər davam etdirilir. Təkcə İsmayıllı yox, bütün regionlarda müasir ofis binaları tikilir. Artıq 18 rayonda yeni binaların tikintisi başa çatdırılıb, 10 rayonda isə iş gedir. Binalarda şəbəkə əməkdaşları üçün hər cür şərait yaradılır, iş otaqları müasir qurğularla təmin edilir. Ev və obyektlərdə yeni tipli elektron sayğaclar quraşdırılır. İndiyədək 950 mindən çox elektron-rəqəmsal sayğac istismara verilib. Ödəmə əməliyyatlarında insan faktorunun minimuma endirilməsi üçün alış nöqtələrində məsafədən oxunma cihazları - "Alfa metronika RTU” quraşdırılıb. "Elster” tipli sayğaclar quraşdırılma və istismar yerindən asılı olaraq saatlıq, sutkalıq, həftəlik və aylıq sərfiyyat göstəricilərini virtual yaddaş blokunda toplayır. Daha sonra avtomatik olaraq mərkəzə ötürür. İstənilən müdaxilə və ya istismar şərtlərini pozan şərait yarandıqda sayğac mərkəz xəbərdarlıq məlumatlarını çatdırır. Bir sözlə, "Azərişıq” ASC öz missiyasını - istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsini daim şərəflə yerinə yetirir.

2015-2025-ci illəri əhatə edən fəaliyyət planı

"Azərişıq” ASC-nin perspektiv inkişaf istiqamətləri barədə danışan qurum sədri Baba Rzayev yeddi aydır icrasına başlanılmış Dövlət Proqramı haqqında məlumat verib. Sədr bildirib ki, proqramın birinci hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edir: "Tədbirlər planı regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə hesablanıb. Ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış transformatorların yenilənməsi-müasir tipli avadanlıqla təchiz edilməsi prosesi gedir. "Azərişıq” tərəfindən 2015-2025-ci illəri əhatə edən fəaliyyət planı hazırlanıb. Qarşıdakı on il üçün elektrik enerjisinə olan tələbatın proqnozu çıxarılıb və artan dinamika müəyyənləşdirilib. 2015-ci ildən 2025-ci ilə qədər Azərbaycanda elektrik enerjisinə olan tələbat 7 min meqavatdan 10 min MVt-a qədər artacaq. Regionların elektrik enerjisinə olan tələbatın ödənilməsi və perspektivdə (2020-ci ilə qədər) yaranacaq elektrik yüklərinin qarşılanması üçün mövcud paylayıcı elektrik şəbəkələrinin təmirini və bərpasını, yeni elektrik verilişi xətlərinin çəkilişini aktuallaşdırıb. Fəaliyyət planında qeyd olunan obyektlərin tikintisinin və yenidənqurma işlərinin 5 il ərzində həyata keçirilməsi planlaşdırılıb. Hazırda 4 ərazidə yarımstansiyaların tikintisi yekunlaşıb. İlk olaraq 35 kilovoltluq Fatmayi, Xaçmaz, Sarıqaya və Gəncədəki Nizami yarımstansiyaları inşa edilib və istifadəyə verilib. İndi hər bir rayonda, şəhərdə, qəsəbədə və kənddə yenidənqurma işləri aparılır. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir, müasir tipli yarımstansiyalar və Komplekt Transformator Məntəqələri quraşdırılır. Maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji nailiyyətlərlə təchiz olunur”.

"Azərişıq” enerji sahəsində köhnə stereotipləri aradan qaldırıb

Qurum sədri vurğulayıb ki, regional şəbəkələrin qurulması və müasir texnoloji avadanlıqla təchiz olunması ilə bərabər yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir: "Kadrların təkmilləşdirilməsi, yenidən hazırlanması məqsədi ilə davamlı olaraq stasionar və səyyar treninqlər təşkil edilir. Gənc kadrlar xüsusi layihə çərçivəsində Səhmdar Cəmiyyətin müasir maddi-texniki bazası olan Tədris Mərkəzində təkmilləşdirilərək rayon və şəhər elektrik şəbəkələrində müxtəlif istiqamətlər üzrə işə qəbul olunurlar. "Azərişıq” ASC elektrik enerjisi haqlarının ödənilməsində də köhnə stereotiplərin aradan qaldırılmasına çalışır. Bu istiqamətdə istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır. Abonentlərin diqqətinə çatdırılır ki, istifadə etdikləri elektrik enerjisinə görə ödəmələri "Azərişıq” ASC-nin Regional Enerji Təchizatı və Satışı İdarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirsinlər. Bundan başqa, internet üzərindən "azerishiq.az "saytı vasitəsilə onlayn rejimdə ödəmə aparıla bilər. Bir ildən artıqdır ki, "Azərişıq” "ASAN xidmət” mərkəzləri ilə birgə fəaliyyət göstərir. Qurum "ASAN” mərkəzlərində edilən xidmətlərin sayını artıraraq Bərdə və Gəncədə də fəaliyyətə başlayıb. Bütün görülən tədbirlər, yaradılan şərait və infrastruktur deməyə əsas verir ki, çox yaxın zamanlarda "Azərişıq” ASC tərəfindən ölkəmizin ən ucqar nöqtələrində belə Azərbaycan vətəndaşları regionda ən keyfiyyətli və təhlükəsiz elektrik enerjisi ilə təmin olunacaq.

İsmayıl Qocayev

Yazı "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.