21 yaşlı azərbaycanlı qız İŞİD-ə niyə qoşulub? - AÇIQLAMA

İlqar Altay: "Səbəb isə düşünürəm ki, həmin bölgələrdə olan ədalətsizliklər, məmur özbaşınalıqları, həyat gərginliyidir"


"İŞİD terror təşkilatının indiyəqədər görünməyən təzahür və xüsusiyyətləri var. Məsələn, ilk dəfədir ki, terror təşkilatı gizli yox açıq mübarizə aparır." 

Bu barədə Sherg.az-a 21 yaşlı azərbaycanlı qızın İŞİD terror təşkilatına qoşulmasına münasibət bildirərkən tanınmış kriminalist İlqar Altay bildirib. 

Onun fikrincə, öz gücünə, qətiyyətinə görə, hətta bəzi dövlətlərlə də açıq vuruşur: 

"İlk terror təşkilatıdır ki, topu, tankı, ordusu, ictimai tənzimləmə qaydaları var. Özünü "dövlət" kimi aparır. Bir özəl xüsusiyyəti də yaxından uzaqdan, dini və milliyyətindən asılı olmayaraq insanları cəlb etmə qabiliyyətidir. Hətta Avropanın İngiltərə, Almaniya kimi ən sivil, inkişaf etmiş ölkələrində də gəncləri öz dəstəsinə cəlb edə bilir. Rusiya və Azərbaycandan, Orta Asiya respublikalarından da İŞİD-ə qoşulanlar az deyil. Xüsusən də, Şimali Qafqaz zonasından bu təbliğata uyub qoşulanlar çoxdur. Səbəb nədir? 

Birincisi, həmin ölkələr və bölgələrdə tərbiyə, dünyagörüşü, vətən, dövlət anlayışı təbliğatının zəif olmasıdır. Hətta İŞİD-in uzaqdan gəlib insanların beynini yuyub aparması qədər zəifdir ictimai və dövlət təsiri insanlara. İkinci səbəb isə düşünürəm ki, həmin bölgələrdə olan ədalətsizliklər, məmur özbaşınalıqları, həyat gərginliyidir. İnsanlar bezib ya da darıxıb yeni bir maraqlı məkan axtarırlar. Mən deyərdim ki, İŞİD-ə cəlb olunmada maddi həvəsləndirmə səbəb az rol oynayır. Bu qoşulmanı tənzimləyən mənəvi və dini təbliğatdır".

Ayyət Əhməd