Tviterdə xaos bitmir

Mask qohumlarını işə götürür

  Dünyanın ən zəngin insanlarından biri – Elon Mask (Elon Musk) maddi çöküş yaşanan tviteri  44 milyard dollara satın aldıqdan sonra sosial media platformasının minlərlə əməkdaşını işdən qovdu, ardınca isə öz qohumlarını işə götürdü. Bununla belə, Maskın şirkətində sular durulmur, bu texnoloji nəhəngdə baş verənlər gündəmdən düşmür. Mask əməkdaşların işdən çıxarılmasını şirkətin zərərə işləməsi ilə izah etməyə çalışır, lakin vəziyyətin yaxşılaşmasını söyləmək yenə də çətindir.  Bu günlərdə isə şirkət çalışanlarından birinin ofisdə iş vaxtı yuxuya getməsini əks etdirən görüntülərin sosial şəbəkədə yayılması müzakirələri yenidən alovlandırıb.

Bazar ertəsi işə gedənlər ofisdəki bəzi otaqların yataq otağına çevrildiyini görüb. Yataq otaqlarına çarpayı, oturacaqlar, xalça, pərdə və konfrans zalı ilə əlaqələndirilmiş monitorlar qoyulub. 

Deyilənə görə, hər mərtəbədə 4-8 yataq otağı quraşdırılıb. Mask isə paylaşım edərək “gərgin iş şəraitində çalışanlara dincəlmək imkanı yaratmışam”, - deyib. San-Fransisko bələdiyyəsi isə “kimsə hüquqdan üstün deyil. 

Hər kəs binaların təyinatı üzrə istifadəsinə hökümlüdür. Kimsə qaydaları poza bilməz. İş yerində yataq otağı təhlükəlidir”, söyləyib.

 E.Mask isə əməkdaşları işdən qovmaqda davam edir. E.Mask şirkətdə uzun illərdir vəkil işləmiş Ceyms Bakeri də işdən çıxarıb. 

Buna səbəb kimi isə Bakerin ABŞ-də 2020-ci il prezident seçkiləri zamanı C.Baydenin oğlu Hunter Baydenlə bağlı məlumatların tviterdə senzuraya məruz qalmasını göstərib. “Business Insider” dərgisi isə E.Maskın əmisi oğlanlarını işə qəbul etdiyini yazıb. Xəbərə görə, E.Mask tviteri satın aldıqdan bu yana 7 min 500 əməkdaşın 70 faizi ya işdən çıxarılıb, ya da istefa verib.