“Türkiyədə aktyora olunan hörmət, bizdə millət vəkilinə olunmur”

Kənan M.M: “Orda bizə tələbat yoxdu. Mən öz aktyorlarımıza daha çox üstünlük verirəm”
“Bizim Anar Heybətov kimi aktyorumuz heç də türk aktyorlarından zəif deyil”


Rejissor Kənan M.M. Türkiyədə filmə çəkilib. "Oldumu şimdi?” adlanan ekran işi komediya janrındadır. Dekabrın 16-da Türkiyədə filmin nümayişi keçiriləcək. Daha sonra Bakıda qala gecəsinin təşkili nəzərdə tutulub.

Sənətə kifayət qədər "kapriz”lə yanaşan Kənan M.M-in türk filmindən gələn dəvəti qəbul etməsi də maraqla qarşılanıb.

Kənan M.M. "Şərq”ə bu barədə açıqlama verib: "Hamını maraqlandıran sual odur ki, nə əcəb Kənan Türkiyədə filmə çəkilmək təklifini qəbul etdi? Çox sadə bir cavabım var. Çünki filmin yapımçısı azərbaycanlı idi. Bu səbəbdən razı oldum. Yəni deyirlər niyə Türkiyəyə getdin? Belə bir deyim var. Çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə. Sanki o sualı mənə verənlərə burda mən yükəm, varlığım onların yerini dar edir. Qaldı Türkiyədə çalışmağa, mən Azərbaycanı o qədər çox sevirəm ki, torpağıma bağlı insanam. Mən axı azərbaycanlıyam. Azərbaycan çörəyi yeyirəm. Doğmalarım, dostlarım burdadı. İkincisi, burda Kənan M.M bir dənədi, Türkiyədə isə Kənan M.M-lər çoxdu. Mən 15 ildi Azərbaycanın sənət aləmindəyəm. Mən özümü 15 ilə ancaq sübut edə bilmişəm. Qazandıqlarımı atıb sıfırdan Türkiyədə başlaya bilmərəm”.

Türkiyədən digər filmlərə, seriallara mütəmadi dəvət gəlsə, Kənan razılaşacaqmı? Sualımızı cavablandıran rejissor "Mən səmimi insanam. Ona görə də yalandan xoş söz deməyi bacarmıram. Bizim bəzi sənətçilər hərdən qeyri-real fikirlər dilə gətirirlər. Misal üçün, mən heç vaxt övladlarıma sənətə gəlməyə icazə vermərəm. Niyə də? Sual verirəm. Sən bahalı maşına oturanda da, dəbdəbəli həyat yaşayanda sənət yaxşıdı, amma övladın bu sənətə gələndə pis olur. Əgər bu sənət o qədər pisdisə, sən niyə burda qalmağa can atmısan? Əgər elə pis sənətdisə, niyə burdasan? Pisdisə, o sənətdən gələnlərlə 5 dənə ev, maşın almayaydın da... Bilirsiz, qaldı mənə Türkiyədən dəvət gələr məsələsinə, real olmaq lazımdı. Filmdə çəkilmək, filmə dəvət olunmaq tələbat məsələsidi. Sənə gərək tələbat olsun ki, filmə dəvət etsinlər. Gəlin açıq deyək də, orda bizə tələbat yoxdu. Mən öz aktyorlarımıza daha çox üstünlük verirəm. Bizim Anar Heybətov kimi aktyorumuz heç də türk aktyorlarından zəif deyil. Türkiyənin ən məşhur aktyorları ilə onu müqayisə etsək, mən Anara üstünlük verərəm. Sadəcə Türkiyədə sənətkara, aktyora dəyər verirlər. Orda aktyora verilən hörmət, diqqət bizdə millət vəkilinə verilmir. Fərq sadəcə bundadı. Orda aktyor özünü dəyərli hiss edir. Sənət adamları duyğuya önəm verən insanlardı. Amma maddiyyat da önəmlidi. Bizim aktyorlara "semiçka” pulu verilir, Türkiyədə isə sənətə yetərincə dəyər var”.

Filmdə aktyorlar Yavuz Seçkin, Orhan Aydın, Seda Güven, Serkan Şengül, Şevki Özcan və başqaları rol alıb.

Tahirə