"Elçibəy 20-ci əsrin sonlarında Azərbaycanın siyasi həyatında önəmli rol oynamış bir lider və dövlət xadimidir".
Bunu "Sherg.az"a açıqlamasında Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin ən yaxın köməkçisi işləmiş Oqtay Qasımov onun Azərbaycan siyasi tarixindəki rolundan danışarkən deyib.
O. Qasımov söyləyib ki, Ə. Elçibəy Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda hələ 1970-ci illərdə fəaliyyətə başlayıb:
"O bundan sonrakı dövrdə milli azadlıq hərəkatının lideri olub və bunun nəticəsi olaraq Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edib. Elçibəy bir il hakimiyyətdə olsa da, həmin müddət ərzində dövlətimizin həyatı üçün önəmli işlər görüb. Bu işlərin sırasında öncə Azərbaycanın milli valyutası olan manatın tədavülə buraxılması qeyd olunmalıdır. İkinci vacib məsələ Sovet dövründən qalmış rüşvət mexanizmi olan qəbul sistemindən imtina olunaraq test üsuluna keçiddir. Digər tərəfdən Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində ordumuz özünün ilk qələbələrini qazandı və Qarabağın əhəmiyyətli hissəsini erməni işğalından azad etdi. Onun ən ciddi uğurlarından biri isə rus ordusunun Azərbaycandan çıxarılmasıdır. 200 ildən çoxdur Azərbaycanda yerləşən və işğalçı statusu daşıyan 75 minlik ordu məhz Elçibəyin təşəbbüsü ilə torpaqlarımızdan çıxarıldı".
O.Qasımov əlavə edib ki, Əbülfəz Elçibəy bütöv Azərbaycan və müsavatçılıq ideyasını siyasi müstəviyə gətirən bir liderdir:
"Biz günümüzdə də bu idealogiyanın nə qədər aktual olduğunu görürük. Həmçinin Bəy türk dünyasının birliyi üçün də mübarizə aparırdı. Bu gün həmin ideyaların nə qədər doğru olduğunu müşahidə edirik. Hətta indiki dövrdə türk dövlətlərini özündə birləşdirən bir təşkilatın yaranması və dövlətlər arasında inteqrasıyanıın güclənməsi Əbülfəz Elçibəyin ideyasının bəhrələrindədir. Təbii ki, Elçibəyə qədər bu düşüncələrin daşıyıcıları olub. Ziya Gökalp, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Mustafa Kamal Atatürk və digərləri bu idealogiyanın ilk baniləridir. Lakin Elçibəy də bu düşüncənin davamçısı olub. Bu baxımdan Əbülfəz Elçibəyin 85 illik yubileyi daha yüksək səviyyədə keçirilməlidir. Çünki o xalqımızın tarixində özünəməxsus yeri olan bir liderdir. Nə qədər ki, millətimiz və dövlətimiz yaşayır, Əbülfəz Elçibəy kimi həyatını xalqın rifahına həsr etmiş liderlərin xatirəsi də yaşamağa davam edəcək. Bəyin yubileyində siyasi partiyaların, ictimai təşkilatların və digərlərinin iştirakı mümkündür".
Qeyd edək ki, iyunun 24-ü Azərbaycanın böyük siyasi xadimi, sabiq ölkə başçısı Əbülfəz Elçibəyin 85 illik yubileyidir.