Almaniyada yaşayan azərbaycanlılar oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiklərini bəyan ediblər. Trend-in məlumatına görə, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin idarə heyəti və Koordinasiya Şurasının bəyanatında qeyd olunur ki, ötən beş il ərzində Azərbaycan rəhbərliyinin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycan bir dövlət kimi siyasi cəhətdən sabitləşib, dünya iqtisadiyyatında Azərbaycanın mövqeyi güclənib, ölkədə sosial islahatlar həyata keçirilib və bunun nəticəsində ölkədə sosial-ictimai həyatın səviyyəsi yüksəlib, həmçinin təhsil və mədəniyyət, idman və turizm, ətraf mühitin mühafizəsi sahələrində də böyük irəliləyişlər əldə edilib:
"Qərb və Şərqin kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində hər iki dünya sivilizasiyasının müsbət nailiyyətlərini əks etdirməyə çalışaraq Avropa məkanına inteqrasiyanın mərhələlərini uğurla keçib. Keçən dövrdə Azərbaycanın dövlət səviyyəsində yürüdülən həm xarici siyasəti, həm də xaricdə yaşayan azərbaycanlılarla bağlı diaspor siyasəti hər bir dünya azərbaycanlısı, azərbaycançlılq ideyası üçün fərəhli olub”.
Bəyanatda qeyd olunur ki, bütün bunlar, əlbəttə, Azərbaycan Respublikasının rəhbərliyi və şəxsən Prezident İlham Əliyevin böyük zəhməti nəticasində başa gəlib: "Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qloballaşma dövründə, Cənubi Qafqaz regionundakı mürəkkəb vəziyyət şəraitində, son illərdə olan dünya maliyyə böhranı dövründə, dünya ictimaiyyətinin Azərbaycana olan "ədalətsiz” və "tənqidi” münasibəti zamanında Azərbaycanın taleyini böyük siyasi bacarıqla düzgün istiqamətləndirib, vətənimizin qürurunu qoruya bilib, həddindən artıq məsuliyyətli və şərəfli vəzifəni yerinə yetirərək Azərbaycanı inkişaf yolu ilə mütəmadi olaraq irəliyə aparıb”.
Bəyanatda bildirilir ki, Azərbaycanın gələcəyi, vətənimizin rifahı üçün və prezidentliyinin son on ilində əldə olunan müvafiq nəticələrə görə qarşıda gələn prezident seçkilərində cənab İlham Əliyev alternativi olmayan layiqli və inamlı namizəddir.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin idarə heyəti və Koordinasiya Şurası Azarbaycanın gələcəyi naminə oktyabrın 9-da keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və namizəd cənab İlham Əliyevə səs vermək barədə yekdilliklə qərar qəbul edib.