Gürcüstanda dövlət dilini bilməyən vətəndaşlara qarşı ciddi sanksiyalar tətbiq ediləcək. Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanovun verdiyi məlumata görə, artıq bununla bağlı iqtidar təmsilçilərinin hazırladığı qanun layihəsi parlamentə təqdim olunub və müzakirəyə çıxarılıb.
Qanun layihəsi iki oxunuşdan keçib. Deputatın fikrincə, sözügedən qanun layihəsindən ən çox əziyyət çəkən orada yaşayan azərbaycanlılar olacaq: "Hazırkı iqtidar Gürcüstanda yaşayan azərbaycanlılara qarşı mövqeyini açıq-aşkar nümayiş etdirir. İndi də dövlət dilini bilməyənlərin cəzalandırılması üçün sənəd hazırlayıblar. Düşünürəm ki, bu, daha çox azərbaycanlılara qarşı yönəlmiş qanun layihəsidir. Biz buna etiraz edirik və sonadək qanun layihəsinin qəbul olunmaması üçün mübarizə aparacağıq”. Deputat bildirib ki, əgər sözügedən qanun layihəsi qəbul olunarsa, dövlət dilini bilməyənlər avtomatik olaraq rəsmi qurumlardakı işlərindən azad olunacaqlar. Bu zaman parlamentdə gürcü dilini bilməyən 2 deputatımız - Əli Məmmədov və Mahir Dərziyev də mandatını itirəcək.
"Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli isə deyir ki, özümüz üçün rəva bilmədiyimizi başqasından istəməyə haqqımız yoxdur. Əgər soydaşlarımızdan kimsə gürcü siyasətinə girmək istəyirsə, bu halda mütləq həmin dövlətin rəsmi-milli dilini öyrənməlidir: "Ölkəmizdə rəsmi dövlət strukturlarında yazışma və danışıq dili Azərbaycan dilidir. Dil amili milli dövlətlərin mühüm göstəricilərindən biridir. Gürcüstan müstəqil dövlətdir və öz qanunları var. Bu layihəyə görə heç kim qonşu respublikanı qınaya bilməz. Əgər dövlətin dili gürcü dilidirsə, onda dövlətdə təmsil olunan hər kəs birmənalı şəkildə bu dili bilməlidir. Ona görə də məsələyə normal yanaşıram və burda qeyri-adi diskriminasiya elementi görmürəm. Layihə sadəcə, konstitusiyada ehtiva olunan şəkildə müəyyən bir tələbin qanunla tənzimlənməsidir”.
Z.Məmmədli qeyd edir ki, bu qanunun sadə insanlara qətiyyən aidiyyatı yoxdur: "Əgər soydaşlarımızdan kimsə perspektiv arzusundadırsa, ölkə siyasətinə girmək niyyətindədirsə, gürcü dilini mütləq öyrənməlidir. Yox əgər dili bilmirsə və öyrənməkdə çətinlik çəkirsə, onda belələrinin heç qabağa getməsi lazım da deyil. Necə ola bilər ki, Gürcüstan parlamentinin üzvüsən, amma bu dövlətin dilini bilmirsən? Bəs onda necə danışacaq, hansı dildə soydaşlarımızın problemini qaldıracaq? Bizdə belə şey olsa qəbul edərikmi? Əlbəttə, etmərik. Mərkəzləşmiş milli hakimiyyət amili bütün dövlətlərdə əsas aparıcı modellərdən biridir. Bunlardan imtina edilməsi və hansısa etnik azlıqların hakimiyyətə gəlməsi milli dövlətçiliyin süqutu ola bilər.