Yay aylarından səhhətində yaranmış problemlərlə oxucularını nigaran qoyan Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlu ilə əlaqə saxladıq. Hələ də səhhətinin yaxşı olmadığını bildirən V.Səmədoğlu, intensiv şəkildə müalicə aldığını bildirdi. "Neçə müddətdir ki, nasazam. Müalicələrim davam edir”.
Səsinin tonundan da səhhətində yaranmış problemləri sezmək olurdu. Hətta ilk cümləsi də o oldu ki: "Qızım, mən xəstəyəm, ağrıyıram”.
Nəzərinizə çatdıraq ki, qan təzyiqinin yüksəlməsi və şəkərdən əziyyət çəkən V.Səmədoğlu, bir müddət əvvəl Moskvada həkim müayinəsindən keçib və müalicə olunub.
Son müsahibələrinin birində gələcək yaradıcılığı üçün öz həyatı ilə bağlı memuar və Hüseyn Arifin maraqlı sərgüzəştlərini yazacağını bildirmişdi. Lakin səhhətində yaranmış problemlər ucbatından yaradıcılıqdan uzaq düşüb. Ümid edək ki, xalq şairimiz tezliklə öz sağlamlığına qovuşaraq, oxucularını maraqlı yazıları ilə sevindirər. Şairimizə şəfa diləyirik.