Bayramlarda, özəl günlərdə hər kəs öz yaxınlarını bir arada görməyi arzulayır. Qarşıdan gələn Qurban bayramı ərəfəsində də əfv olub-olmaması əsasən də məhbusların ailələrini intizarda qoyur. Bir az əvvəl əfvin olmayacağı bildirilsə də, daha sonra əfvin gözlənildiyi söylənildi. Son vəziyyəti öyrənmək üçün hüquq müdafiəçisi Səadət Bənənyarlı ilə əlaqə saxladıq. Onun sözlərinə görə, Əfv Məsələləri Komissiyasının növbəti iclası yaxın günlərdə baş tutacaq. "Həmin komissiya il boyu daxil olmuş ərizələri araşdırır, əfv siyahısını tərtib edir. Komissiyanın işinin yekunlarına dair hər zaman KİV-ə məlumat verilsə də, onların iclasları qapalı keçirilir. Nəticələr ölkə başçısına təqdim olunur. Bu əfv sənədinin imzalanması isə birbaşa prezidentin səlahiyyətinə aid məsələdir. O istədiyi halda siyahıdan kimisə silə də bilər, əlavə də edə bilər. Amma adətən heç kəsi silmir, əksinə, siyahıya əlavələr edir. Mənə elə gəlir ki, bu ilin sonuna qədər əfv imzalanacaq. Bu Qurban bayramına da təsadüf edə bilər, Dünya Azərbaycanlılarının Həmrəylik gününə də”.