Azərbaycan xalqı dünən növbəti beş il üçün taleyini həll etmək məqsədilə seçki məntəqələrinə üz tutdu. Hər kəs öz seçdiyi namizədə səs vermək hüququndan istifadə etdi. Qeyd edək ki, builki prezident seçkilərində 10 namizəd prezidentlik uğrunda mübarizə aparırdı. Ötən gün sənət adamları Azərbaycanın hər bir vətəndaşı kimi sənət aləmində olan tanınmışlar da səsvermə məntəqələrində öz seçdikləri namizədə səs verdilər. Biz də "Şərq” olaraq bəzi sənət adamları ilə əlaqə yaratdıq. Maraqlandıq görək, səsvermələrdə onlar öz konstitusion hüquqlarından istifadə etdilərmi? Görən builki seçkilərdə Azərbaycanın tanınmış sənətçiləri kimi prezident görmək istədilər?
Azərbaycanın Xalq artisti Faiq Ağayev "Şərq”ə açıqlamasında bildirdi ki, hər bir Azərbaycan vətəndaşı kimi o da səsvermədə iştirak edib: "Mən də Azərbaycan vətəndaşı olaraq kostitusiya hüqüqlarımdan istifadə etdim. Yasamal Rayon seçki dairəsində seçdiyim namizədə səs verdim. Bunu açıq şəkildə deməkdən də çəkinmirəm. "Mənim Prezidentimə”, Cənab İlham Əliyevə səs verdim” söylədi.
Əməkdar artist Ədalət Şükürov da səhər saatlarında Nərimanov rayon 14 saylı seçki dairəsində həyat yoldaşı ilə birlikdə səsvermədə iştirak etdiyini vurğuladı: "Mənim bir seçimim var. İlham Əliyevə ailəliklə səs verdik. Başqa bir namizədi düşünə belə bilməzdim. Bizim üçün bir namizəd var, bir seçimimiz var, o namizədi dəstəklədik. Biz bundan sonra da İlham Əliyevi prezident kimi görmək istəyirik”
Əməkdar artist Aybəniz Haşımova da builki prezient seçkilərində iştirak edib. Sənətçi bizimlə söhbətində "Ötən gün Yasamal rayon 18-ci seçki dairəsinə gedərək səsvermə hüququmdan istifadə etdim. Mən namizədliyini irəli sürən hər kəsə hörmətlə yanaşıram. Ancaq mənim bir namizədim var. Mən də öz namizədimə səs verdim. Mən Azərbaycanı bu gün nə qədər firavan, inkişaf etmiş görürəmsə, sabah da bu torpağı belə görmək istəyirəm. Ona görə də gələcəyinə inandığım İlham Əliyevi dəstəklədim, ona səs verdim”.
Müğənni Röya Ayxan 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 5 saylı seçki məntəqəsində səs verib. Müğənni bildirib ki, bir müğənni və vətəndaş kimi hər zaman öz öhdəsinə düşəni etməyə hazırdır: "Elə seçkilərdən öncə Azərbaycanın bölgələrində düzənlənən konsertlərdə iştirak etdim. Bu gün də çox sevə-sevə gəlib səsimi verdim. Buna görə də şadam”. Xatırladaq ki, Röya Ayxan səs verməyə prodüseri Kənan Bayramovla birgə qatılıb.
Müğənni Nazənin də ötən gün prezident seçkilərində ailəsi ilə birlikdə iştirak edib. Xətai rayonundakı 5 saylı seçki dairəsində səs verən sənətçi "Biz ailəvi şəkildə prezident seçkilərində iştirak etdik. Mən və ailə üzvlərim öz namizədimizə, İlham Əliyevə səs verdik. Mən Azərbaycanın sabahını yalnız İlham Əliyevlə işıqlı görürəm. Ona görə də ona səs verdim” bildirdi.
Müğənni Nadir Qafarzadə də builki prezident seçkilərində iştirak edərək səsvermə hüququnudan istifadə edib. Nadir Qafarzadə də İlham Əliyevə səs verdiyini bildirdi. Yeri gəlmişkən, Nadir Qafarzadə özünün fasebook səhifəsində də səsvermədə iştirakını sübut edən fotoşəkillərini paylaşıb.