Hətta səsvermə zamanı uzun növbələr yaranıb
Dünən səhər saat 8:00-dan etibarən Azərbaycan Respublikasında növbəti prezident seçkisinin səsverməsi başlayıb. 10 namizədin mübarizəyə qatıldığı marafonda Mərkəzi Seçki Komissiyasının həyata keçirdiyi səsvermə prosesini müşahidə etmək üçün müxtəlif məntəqələrdə olduq. Səsvermə prosesi çox mükəmməl şəkildə tənzimlənib. Bütün dairələrə çoxsaylı seçici axını olub. Bu da seçicilərin aktivliyinin, seçkiyə olan maraqlarının göstəricisidir. Hətta, bəzi məntəqələrdə elektoratların növbələnməsi də qeydə alınıb.
Kampaniyada ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalardan, Qeyri-Hökumət, beynəlxalq və "exit-poll” həyata keçirən təşkilatlardan müşahidəçilər iştirak ediblər. Yerli müşahidəçilərlə yanaşı, əcnəbi müşahidəçilər da səvermə kampmaniyasının demokratik və ədalətli şəkildə reallaşdığını bildiriblər. Səsverməyə qatılan elektoratlar da prosesdən razı qaldıqlarını, hər hansı bir təzyiq və basqı ilə üzləşmədiklərini və seçkilərin şəffaf şəkildə keçirildiyini söyləyiblər. İlk olaraq 16 saylı Yasamal II seçki dairəsinin 11 saylı seçki məntəqəsinə yollandıq. Sözügedən məntəqədə öz təşəbbüsü ilə müşahidələr aparan Şöhlət Mustafayeva səsvermənin normal müstəvidə aparıldığını qeyd edib: "Saat 8-dən etibarən buradayam. Seçicilər səslərini verib gedirlər. Hələ ki, etiraz edən elektorat yoxdur. Hər kəs öz təşəbbüsü ilə seçimini edir. Bütün işlər qaydasındadır. Hamı seçimində azaddır. Seçicilərə təzyiq və basqıdan söhbət belə gedə bilməz. Əcnəbi müşahidəçilər də bütün prosesləri yaxından müşahidə etdilər. Səsvermə prosesinin yüksək səviyyədə aparıldığını bildirdilər. Bu məntəqədən xoş təəssüratla ayrıldılar”.
Kampaniyaya öz təşəbbüsü ilə qatılan müşahidəçi Qafarlı Rəşid seçkilərin yüksək səviyyədə keçirildiyini deyib: "Heç bir problem yoxdur. Seçicilərin aktivliyi hiss olunur. Avropa Şurasından gələn müşahidəçilər də hər şeyin qaydasında olduğunu bildirdilər. Səsvermə demokratik yolla keçirilir”.
Amerika parlamentinin müşahidəçisi David Podoff səsvermə kampaniyasının leqal və ədalətli şəkildə aparıldığını vurğulayıb: "Səsvermənin gedişatından çox razıyıq. Azərbaycan xalqında seçki əhval-ruhiyyəsi aydın şəkildə görünür. Demək olar ki, Azərbaycan xalqının 75-80 faizi seçki prosesinə qatılır. Bu az göstərici deyil. Elektoratlar çox sərbəst və könüllü şəkildə iştirak edirlər. Bu xalq seçkiyə qatılmağın əhəmiyyətli olmasını gözəl anlayır. Azərbaycan seçiciləri səs verməyə can atırlar. Bunu müsbət dəyərləndiririk. Müşahidələr də müstəqil şəkildə keçirilir. Bütün məsələlər demokratik yolla çözülür. Hər hansı bir qanun pozuntusu yoxdur. Hətta, ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərində Azərbaycanın demokratik seçki təcrübəsindən faydalanmağı düşünürük. Azərbaycan xalqını təbrik edirik”.
Avropa Şurasının üzvü Tumbarello Roberto bildirib ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan seçki prosesinin demokratik və şəffaf keçirilməsi üçün lazımi bütün şərait yaradılıb: "Komissiya tərəfindən hər bir kiçik detal belə düşünülüb. Azərbaycanda seçkilərin şəffaflığı bəzi Avropa ölkələrində keçirilən seçki prosesindən daha üstündür. Ölkənizdə seçki ab-havası var və bu seçicilərin aktivliyinin, seçkiyə olan maraqlarının göstəricisidir”.
Yeni Azərbaycan Partiyasından olan müşahidəçi Aynur Abdullayeva seçkilərin normal qaydada aparıldığını bildirib: "Məntəqə saat 8-də fəaliyyətə başlayıb. Özbaşınalıq halı müşahidə olunmayıb. Xarici müşahidəçilər də gəlmişdi. Hər şey öz qaydası və axarı ilə davam edir. Seçicilərdən narazılıq edən yoxdur. Hamı səsvermədə müstəqil şəkildə iştirak edir və istədiyi namizədə səs verir. Seçicilərin səsvermə hüquqlarının əlindən alınması kimi hal müşahidə olunmayıb”.
A.Abdullayeva seçici axının çoxluğundan da danışıb: "Özünüz də görürsünüz ki, məntəqələrə seçici axını çoxdur. Bəzən növbələnmələr də yaranır”.
A.Abdullayevanın qənaətinə görə, səsverməyə qatılanlar arasında sayca gənc nəslin nümayəndələri üstünlük təşkil edir: "Yaşlı nəslin nümayəndələri də seçkiyə qatılmaqda maraqlıdırlar. Amma, gənclərin sayı daha çoxdur. Gənclərin əksəriyyəti isə tələbələrdir”.
80 yaşlı seçici Xəlilov Səyyad Şirin oğlu da səsvermə prosesindən razı qaldığını vurğulayıb: "52 il orta məktəblərin birində riyaziyyat müəllimi kimi çalışmışam. Gənc yaşlarımdan etibarən seçkilərdə iştirak etmişəm. Hazırkı səsvermə prosesində hər şey yaxşı idi. Dəstəklədiyim namizədi seçdim. Kimsə mənə təzyiq göstərmədi. Sənədlərimi qanunun tələb etdiyi formada yoxladılar və səs vermə kabinetlərinə getməyimi xahiş etdilər. Mən də öz namizədimi seçdim. Məni heç kim narahat etmədi. Seçkini təşkil edən qurumdan çox razıyam”.
S.Xəlilov Azərbaycan xalqının seçkiyə böyük həvəslə qatıldığını qeyd edib: "Mən 80 yaşlı adam səsverməyə gəlirəmsə, deməli xalqımızda seçkiyə maraq var. Ümumiyyətlə, mənin tanıdığım həmyaşıdlarım, qohumlar, yoldaşlar və dostlar da seçkidə iştirak edəcəklərini deyirdilər. Ona görə də hesab edirəm ki, Azərbaycanda seçki əhval-ruhiyyəsi duyulur. Azərbaycan xalqının seçkilərə marağı var. Bunu təkzib etmək olmaz”.
Seçici Tahirə Sərdarova seçki prosesinin lejitim yolla keçirildiyi qənaətindədir: "Səsvermə çox yaxşı keçdi. Mənə istədiyim namizədi seçmək üçün kimsə əngəl yaratmadı. Hər şey normal idi”.
T.Sərdarova da seçici axınının çox olduğu düşüncəsindədir: "Yarım saatdan artıqdır ki, növbə gözləyirəm. Seçkiyə gələnlərin sayı çoxdur. Ötən seçkilərlə müqayisədə indi seçicilərin sayı çox artıb”.
Daha sonra 16 saylı Yasamal seçki dairəsinin 19 saylı seçki məntəqəsinə üz tutduq.
Adıçəkilən məntəqədə müşahidəçi qismində fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Ramil Aslanov seçkilərin dinc və sakit tərzdə keçirildiyini söyləyib: "Hər şey göz qabağındadır. Müxtəlif təşkilatlardan müşahidəçilər var. Onlar da müşahidələr aparırlar. Məntəqə açılandan buradayam. Narazı gedən seçici olmayıb. Beynəlxalq təşkilatlardan müşahidəçilər gəlmişdi. Əcnəbi müşahidəçilər də Azərbaycan xalqının seçkidə maraqlı olduğunu qeyd etdilər. Oturdular 20 dəiqəyə yaxın müşahidələr apardılar. Artıq 4 ölkənin müşahidəçi gəlib-gedib. Onlar da prosesdən razı qaldılar”.
R.Aslanovun sözlərinə görə, saat 9-dan sonra elektoratların axını daha da çoxalıb: "Seçkilərə gələnlərin sayı çoxdur”.
Bakı Metropolitenindən olan müşahidəçi Rza Sadiqov seçki ilə bağlı məsələlərin qaydasında olduğunu deyib: "Saat 8-dən buradayam. Prosesə etiraz edən seçici görməmişəm. Seçicilərin heç bir narahatlığı yoxdur. Hansı namizədi istəyirlərsə, ona da səs verirlər. Elektoratların sayı anbaan artır. İnsanlar seçkiyə qatılmaqda maraqlıdırlar. Xarici ölkələrdən olan müşahidəçilər də gəlmişdi. Onlar da müəyyən müşahidələr apardılar. Bu məntəqədən gedən proseslərdən razı qaldıqlarını ifadə etdilər”.
"Exit-poll” həyata keçirən "AJF&Associatets, INC” adlı beynəlxalq təşkilatın azərbaycanlı nümayəndəsi Elnarə Kazımova də səsəvermənin normal müstəvidə davam etdiyini qeyd edib: "Tam normal, ədalətli və demokratik seçki keçirilir. Hələ ki, heç bir qanunsuzluq qeydə alınmayıb. Seçicilərdən aldığımız sorğulardan çıxış edərək deyirəm ki, elektoratlar çox razıdırlar. Xarici ölkələrdən gələn müşahidəçilər də aparılan proseslərdən məmnundurlar. Heç bir problem yoxdur”.
E.Kazımova onu da əlavə edib ki, seçicilərin mütləq əksəriyyəti xalqımızın parlaq gələcəyinin qarantı cənab İlham Əliyevə səs verir: "Seçicilərin əksəriyyəti hazırkı prezident cənab İ.Əliyevə səs verdiyini deyir”.
22 yaşlı seçici İsmayıl Qədirov da seçkilərdə hər hansı bir problemlə üzləşmədiyini vurğulayıb: "İstədiyim namizədə səs verdim. Narazı elektorat yox idi. Hər kəs könüllü şəkildə gəlib dəstəklədiyi namizədə səs verir”.
İ.Qədirov seçkiyə qatılanların sayının çox olduğu qənaətindədir: "Seçki məntəqələrinə güclü axın var. 20 dəqiqədən artıqdır ki, növbə gözləyirəm. Əlbəttə, Azərbaycan xalqının seçki proseslərinə qatılması təqdirəlayiq haldır”.
42 yaşlı seçici Akif Quliyev də prosesin demokratik şəkildə keçirildiyini bildirib: "Öz namizədimi seçdim. Bu mənim seçim haqqımdır. Hər bir vətəndaş öz namizədinə səs verə bilər. Onların haqqıdır. Bu haqqı kimsə bizdən ala bilməz. Almadılar da. Müxalif düşərgənin təmsilçisiyəm. Amma bildirirəm ki, hər şey qaydasında keçdi. Hansı partiyanı və namizədi dəstəkləməsindən asılı olmayaraq, insan gərək Allahını unutmasın. Demokratik yolla tənzimlənən prosesləri necə gizlətmək olar? Buna iftira, böhtan və ləkə yaxmaq olmaz. Çünki ləkələmək istəsək də, yapışmayacaq. Yaxşı halı müsbət dəyərləndirmək lazımdır. Mən də prosesi müsbət dəyərləndirirəm. Hətta, əcnəbi müşahidəçilər də vardı. Onlar da bəzi seçiciləri sorğu-sual etdilər. Heç bir problem olmadı”.
A.Quliyev hesab edir ki, builki seçicilərin sayı ötən seçkilərə münasibətdə 10 dəfələrlə artıb: "Yaşadığım ərazidə, hər kəs seçkiyə getməkdən danışırdı. Binamızın bütün sakinləri seçkiyə gedəcəklərini söyləyirdilər. Bu çox sevindirici haldır. Əlbəttə, ölkədə demokratik mühitin mövcudluğu insanlarda seçkinin ədalətli şəkildə keçəcəyi rəyini formalaşdırıb”.