Dünən 9 oktyabr Prezident seçkiləri günü idi. Seçki prosesinin necə keçdiyini öyrənmək üçün paytaxtdakı bir neçə seçki məntəqəsində olduq. İlk olaraq qeyd edim ki, jurnalist kimi daxil olduğumuz məntəqələrdə bizə problem yaradan, müsahibə almağımıza və şəkil çəkməyimizə maneçilik törədənlər olmadı. Əksinə, MSK nümayəndələri, seçki məntəqəsinin sədr və katibləri bizi gülərüzlə qarşıladılar və reportaj hazırlamağımız üçün hər cür imkanı yaratdılar. Əksər məntəqədə yerli müşahidəçilərlə bərabər, xarici müşahidəçilər də seçki prosesini mütəmadi izləyirdilər.
Bütün bölgələrdə səhər saat 8-dən etibarən başlayan səsvermədə demək olar ki, erkən saatlardan seçicilərin aktivliyi hiss olunurdu. Xüsusən ötən seçkilərə nisbətən builki seçkidə vətəndaşların iştirakı daha aktiv idi. Seçicilərin əksəriyyətinin gənclər olması isə bir daha sübut edirdi ki, gənc nəsil ölkənin ictimai-siyasi həyatında aktiv rol oynamaqda maraqlıdır və öz parlaq gələcəklərinin qayğısına qalırlar. Yollandığımız ilk məntəqə 16 saylı Yasamal II Seçki Dairəsinin 11 saylı Seçki Məntəqəsi oldu. Səsvermə başlayandan seçki prosesini izlədiklərini deyən müşahidəçilər ciddi heç bir qanun pozuntusuna rast gəlinmədiklərini bildirdilər. Öz təşəbbüsü ilə seçkidə müşahidəçilik edən Eyyubov Kamran seçkinin sakit məcrada davam etdiyini və indiyə kimi heç bir neqativ olayla rastlaşmadığını dedi: "Hələlik hansısa problem görməmişəm. Seçicilər aktiv şəkildə iştirak edirlər. Bizə də müşahidə üçün normal şərait yaradılıb. Heç bir narazılığımız, şikayətimiz yoxdur. Yəni ümumi qaydada seçkilərin gedişatından razıyıq. Səhər saatlarında səsverməyə gələnlər daha çox gənclər idi, günortaya doğru isə yaşlı nəslin nümayəndələri çoxalmağa başladı. Demək olar ki, komissiya üzvləri bir dəqiqə olsun boş dayanmayıblar. Aktivlik çox yüksək səviyyədədir, seçicilərin ardı-arası kəsilmir”. Müşahidəçi hansısa seçicinin məntəqəni narazı tərk etdiyini görmədiyini bildirdi: "Siyahıda adını tapmayan vətəndaşlara hansı orqanlara müraciət etmələri haqqında komissiya üzvləri ətraflı məlumat verirlər”.
Yeni Azərbaycan Partiyasından seçkiyə müşahidəçi kimi qatılan Cabbar Süleymanov da seçkinin şəffaf keçdiyini bəyan etdi: "Saat 8-dən burdayam. Hələlik hər şey normal davam edir. Seçicilər gəlirlər, sərbəst şəkildə heç kimin təzyiqinə və yönləndirməsinə məruz qalmadan səslərini verib gedirlər. İnsanların əhval-ruhiyyəsi yüksəkdir”.
Azərbaycan Gənclərinin Demokratik İnkişafına Yardım İctimai Birliyinin nümayəndəsi Vüsalə Qasımova da müşahidəçi kimi seçkini izlədiyini söylədi:
"Seçkidə aktivlik çox yüksəkdir. Artıq bizdə olan məlumata görə, 1420 nəfərdən 320 nəfəri ardıcıl olaraq səsvermədə iştirak ediblər. Bu, saat 10:45 olan məlumatdır. Həm gənc, həm də yaşlı nəsildən xeyli sayda insan səsverməyə gəlirlər. İnanıram ki, bu cür gedişlə günün ikinci yarısında daha çox insan seçkiyə qatılacaq və səsvermə imkanı olan şəxslərin 70 faizi öz namizədlərinə dəstək olmaq üçün məntəqələrə üz tutacaqlar. Qeyd edim ki, bu müddət ərzində hansısa neqativ halla rastlaşmamışıq. Biz seçki sonuna qədər bu məntəqədə olacağıq və sonda yekun nəticələr haqqında müşahidələrimiz əsasında protokol tərtib edəcəyik.
Kiməsə məntəqəsi ilə bağlı bildiriş gəlməyə bilər. Hər kəs yaşadığı bölgədəki seçki məntəqəsinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq siyahıda öz adını tapa bilər. Şəxsən mənə də heç bir bildiriş gəlməyib, özüm seçki məntəqəsinə gedəndə siyahıda adımın səhv yazıldığını gördüm və tələb etdim ki, adımı düzəltsinlər. Çünki mən aktiv bir vətəndaş kimi öz səs hüququmdan istifadə etmək istəyirəm. Komissiya tez zamanda problemi aradan qaldırdı və səsimi verdim”.
Öz təşəbbüsü ilə seçkilərdə müşahidəçilik edən Əli Səmədov seçkinin yüksək fəallıqla keçdiyini vurğuladı: "Özünüz müşahidə edirsiz. İnsanlarda seçki ab-havası açıq şəkildə görsənir. Artıq cəmiyyətimiz daha çox siyasi proseslərə münasibət bildirirlər. İnsanlar çalışır ki, öz vətəndaşlıq mövqelərini ifadə etsinlər. Mən keçmiş seçkilərdə mütəmadi olaraq iştirak etmiş adam kimi deyə bilərəm ki, builki seçkidə canlılıq daha çoxdur. Saat hələ 11-dir. Demək olar ki, seçicilərin üçdə biri artıq səsini veriblər. Yəni demək istəyirəm ki, bəlkə də günortadan sonra seçicilərin sayı azaldı. Bir şeyi də qeyd edim ki, təşkilatçılıq çox mükəmməl şəkildə qurulub”.
Bitərəf müşahidəçi kimi seçkiləri izlədiyini deyən Mahir Həsənov heç bir təşkilatın üzvü olmadığını, könüllü surətdə MSK-ya müraciət edərək müşahidəçilik statusu aldığını bildirdi: "Neçə illərdir ki, seçkilərdə iştirak edirəm, ancaq bugünki insan axınını heç vaxt görməmişəm. 4 saatdır burdayam, insanların fəallığı məni heyran edir. Xüsusən saat 8-9 arası seçiciləri sayıb qurtarmaq olmurdu. Adətən istirahət günləri səhərlər camaat yatır, gec dururlar. Amma indiki ictimai aktivlik göstərir ki, vətəndaşlar gələcəklərini təminat altına almaqda çox maraqlıdırlar. Bitərəf müşahidəçi kimi gördüklərimdən çox məmnunam. Bir saat əvvəl xarici müşahidəçilər də gəlmişdi. Jurnalistlər onların da təəssüratlarını soruşdular. Zənn edirəm, əcnəbilər çox razı qaldılar. Hətta gördükləri mənzərə onları əməlli-başlı təəccübləndirmişdi”.
Müşahidəçilər arasında gənc fəallardan olan Elməddin Əmirov da var idi. Gənc müşahidəçi seçkinin intensiv keçdiyini dedi: "Heç bir qanun pozuntusu müşahidə etməmişəm. Əksinə Azərbaycanda seçki mədəniyyətinin çox yüksək formada olduğunun şahidi oldum. Gördüklərimdən belə qənaətə gəlirəm ki, seçki həqiqətən də çox şəffaf şəkildə keçir. Komissiya üzvləri yorulmadan operativ şəkildə fəaliyyət göstərirlər. Onların da xidmətini qiymətləndirirəm. Bir Azərbaycan gənci kimi çox şadam ki, ölkəmizdə ədalətli, tam demokratik seçkilər keçirilir. Bundan əvvəlki seçkilərdən fərqli olaraq builki seçicilərin sayı xeyli artıb. İnsanlar səsverməyə qatılmaq üçün maraq göstərirlər, hətta adlarını siyahıda tapmadıqda narahat olurlar və mütləq səsvermədə iştirak etmək istədiklərini bəyan edirlər. Özüm də gənc olduğum üçün daha çox cavan insanları izləyirəm və tələbələrin çoxluq təşkil etdiyini deyirəm. Amma ümumi götürəndə demək olar ki, aktivlik bütün yaş qruplarını əhatə edir”.
56 yaşlı seçici Sabir Əliyev də seçkidən razı qaldığını bildirdi və qeyd etdi ki, qaldığı yerdə hamı bir nəfər kimi səsvermə məntəqəsinə gəlib: "Əvvəllər belə şey görməmişdim. Əgər kimsə hansısa təzyiqdən, saxtakarlıqdan danışırsa, əmin olun yalan deyir. Şəxsən mənə qarşı heç kim təzyiq etməyib və hansısa namizədə səs verməyi "tövsiyyə” etməyib. Özüm könüllü surətdə xalqın mənafeyinə xidmət edən namizədə səs vermişəm”. Digər seçici Gülayə Səmədova da məntəqədə onu çox gözəl ab-hava ilə qarşıladıqlarını deyib: "İstədiyim namizədə səsimi verdim. Ümid edirəm ki, səs verdiyim namizəd xalqımızın düzgün seçimi ilə üst-üstə düşən namizəddir”. Yaşlı seçici Əhməd Seyidov da səsvermə prosesinin gözəl keçdiyini vurğulayıb: "Mən hər kəsdən bir ağsaqqal kimi xahiş edirəm ki, öz seçimlərini düzgün etsinlər. Çünki bugünki firəvanlıq xaricdən gələn qonaqların belə sevincinə səbəb oldu. Onlar da ölkəmizdə keçirilən seçki prosesinin şəffaflığı ilə tanış olanda heyrət edirlər”.
Baş çəkdiyimiz növbəti məntəqə 15 saylı Yasamal I Seçki Dairəsinin 31 saylı Seçki Məntəqəsi idi. İçəri girərkən elə qapının ağzındaca seçicilərdən seçimlərini öyrənən "Exit-poll” nümayəndələri ilə qarşılaşdıq. "AJF&Associatets, İNC” adlı beynəlxalq təşkilatın "Tərəqqiyə Elmi Dəstək” İctimai Birliyi ilə təşkil etdiyi "Exit-poll” nümayəndəsi Günel Səfərova seçicilərdən öyrəndiyi ilkin nəticələri bizə açıqladı: "Hər iki saatdan bir seçkinin ilkin nəticələri haqqında supervayzerlərə məlumat veririk. İlkin seçki nəticələrinə görə, namizədlərdən İlham Əliyev bütün siyasi rəqiblərini arxada qoyub. Seçicilər arasında aktivlik yüksəkdir. Səsverməyə gələnlər arasında tələbələr daha çoxdur. Amma səsverənlər "Exit-poll”a daha çox maraqlanırlar. Düzdür, birinci çəkinirdilər, amma get-gedə bizə alışdılar. Hətta çox vaxt biz onlara deyil, onlar bizə yaxınlaşırlar və adlarını qeyd etmək istəyirlər. Biz burda iki nəfərik. Hər seçki məntəqəsində təşkilatımız tərəfindən iki nəfər nümayəndə qoyulub. Saat 5-ə qədər burda olacağıq”.
Müstəqil müşahidəçi Allahverdi Ələkbərov əhalinin çox aktiv şəkildə seşkilərdə iştirak etdiyini bildirib: "Seçkilərə söz ola bilməz. Hər şey əladır. Müşahidələrimə əsasən gənclər xeyli fəal olduqlarını deyə bilərəm”.
BAXCP tərəfindən seçkiyə müşahidəçi kimi qatıldığını deyən partiya funksioneri də hələlik səsvermənin normal keçdiyini qeyd etdi: "İntensivlik var. Heç bir problemə rast gəlməmişik. Bunu xarici müşahidəçilər də qeyd edir. Bayaq burda ATƏT-in nümayəndəsi var idi. Seçki müşahidəçisi kimi bir müddət seçkiləri izlədi, qeydlərini apardı və getdi. Hesab edirəm ki, seçkini xaricilər də yaxşı qiymətləndirəcək. Çünki burda hansısa qanun pozuntusunun şahidi olmadılar”.
ASDP-dən olan müşahidəçi Şahin Maşayev də həmkarları ilə razılaşdığını və hər hansı neqativ hallarla üzləşmədiyini bildirdi: "Hələki ciddi qanun pozuntuları yoxdur. Səsvermə sakit məcrasında davam edir. Elə səhər saatlarından etibarən seçkidə aktivlik hiss olunur. Gənclərin, xüsusən tələbələrin fəallığı görünür. Zənn edirəm ki, günün ikinci yarısında səsverməyə gələnlərin sayı daha da artacaq”.
YAP-dan müşahidəçi kimi qatılan Gülüstan Qasımova da seçki prosesinin qaydalara uyğun şəkildə getdiyini və insanların axın-axın səsverməyə gəldiklərini qeyd etdi: "Biz səhərdən burdayıq. Aktivlik yüksək səviyyədədir. Demək olar ki, seçicilərin arxası kəsilmir. Komissiya üzvləri də seçicilkərlə xoş rəftar edirlər. Əgər kimsə yanlışlıqla, yəni adı bu məntəqədə olmadığı halda bura gəlisə, MSK üzvləri onlara hər cür yardımı edirlər”.
Seçkidə 16 saylı şəhər poliklinikasının həkimləri də iştirak edirdilər. Onların da bir növ müşahidəçi olduğunu nəzərə alaraq seçkilərlə bağlı fikirlərini öyrəndik. Həkim Rəfiyeva Solmaz seçkilərin tam obyektiv şəkildə getdiyini bildirdi: "Maşallah olsun, gələn-gedənlər azalmaq bilmir. Heç bir söz-söhbət, narazılıq yoxdur. Hamı gülərüzlə səsini verib çıxıb gedir”.