Havalar azca soyuyan kimi asqırıq, öskürək səsləri də çoxaldı. Boğaz ağrısı isə bəlkə də, hər iki adamdan birini yaxalayıb. Bu, artıq mövsüm dəyişikliyinin təzahürüdür. Deməli, payız mövsümü təbiətin "qızıl” dövrü ilə yanaşı virus xəstəliklərini də özüylə gətirib. Havaların dəyişməsi, temperaturun enməsi insanların səhhətində bir sıra mənfi halların yaranmasına səbəb olur.
Həkimlər də adətən mövsüm dəyişikliklərində əhalini ehtiyatlı olmağa, səhhətlərinə biganə qalmamağa çağırırlar. Və çağırışlarını mövsüm dəyişikliyi və havaların soyumağa başlaması ilə əlaqədar qrip mənşəli virusların da yayılma ehtimalının artması ilə izah edirlər. Çünki havaların soyuması bu kimi xəstəliklərə yoluxma risqini artırır. Xüsusilə də adenovirus, qrip və paraqrip kimi infeksion xəstəliklərə. Odur ki, əhali diqqətli olmalıdır.
Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla "Şərq”ə açıqlamasında bildirdi ki, hər il qrip xəstəliyi özünü tamamilə başqa cür göstərir:
- Əgər tarixə nəzər salsaq görərik ki, qripin müəyyən ştamları hətta xeyli insan tələfatına da səbəb olub. Bunlardan biri "ispan qripi” kimi tarixə düşüb. Qrip ümumiyyətlə, karantin infeksiyalar sırasına aiddir. Epidemiya və pandemiyaya meylli bir virusdur. "Quş qripi”ndən başqa qalan bütün qrip növləri hava-damcı yolu ilə yayılır. Bu səbəbdən də qrip xəstəliyi heç bir sərhəd tanımadan, qitədən-qitəyə, materikdən-materikə çox asanlıqla yayılır. Ümumiyyətlə, elə bir şəxs olmaz ki, qış aylarında yuxarı tənəffüs yollarının infeksiyasına bir dəfə də olsun yoluxmasın. Yuxarı tənəffüs yollarının 20-yə yaxın infeksiyası var ki, biz bunların hamısını qrip adı altında ümumiləşdiririk. Virusların təhlükəliliyi onların daim öz formalarını dəyişməsi ilə bağlıdır. Ona görə də, vəziyyətdən asılı olaraq hər il qripə qarşı müəyyən profilaktik tədbirlər görülür. İlkin olaraq, primitiv tədbirlərdən başlamaq lazımdır. Yəni kütləvi yerlərdə xəstə insanlarla təmasların azalması, onların yataq rejiminə keçirilməsi və s. kimi tədbirlər görülür. Bilirsiz, iqlimin özündə müəyyən problemlər var. Digər tərəfdən də, havaların qeyri-sabit keçməsi, mütəmadi olaraq havanın temperaturunun qalxıb düşməsi virusların yayılmasına səbəb olur. Viruslardan qorunmaq üçün yaxşı olar ki, əhali ictimai nəqliyyatda, müxtəlif ticarət mərkəzlərində, məktəblərdə, müəssisələrdə xəstə adamlarla təmasları azaltsın, xəstə adamlara sağalana qədər işdən məzuniyyət vermək, onları evə göndərmək və yataq rejiminə keçirmək lazımdır. Virusla mübarizə aparmaq onsuz da mümkün deyil. İstənilən tədbir virusun törədə biləcəyi fəsadların qarşısını almağa yönəlir. Bunun üçün də bir sıra vacib şərtlər var ki, onlardan ən əsası karantin elan olunması, əhalinin kütləvi toplaşdığı yerlərdə, məktəblərdə, uşaq bağçalarında, ali təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılmasıdır.
A.Qeybulla havalar soyuduqca qrip viruslarına yoluxma ehtimallarının da artacağını dedi:
- Məlum məsələdir ki, qrip virusları soyuq havalarda daha çox yayılır və ona yoluxma ehtimalı da artıq olur. Bir çox viruslar soyuq, hətta şaxtalı havada da özünü qoruma qabiliyyətinə malikdir. İnsanlar da payız-qış aylarında viruslara daha çox və daha tez yoluxur. Bu da immunsistemin zəifliyi ilə əlaqəlidir. Zəif orqanizm viruslara daha tez yoluxur. İnsan xəstələnibsə, deməli, orqanizmi zəifləyib. İlk növbədə orqanizmin gücünü bərpa etmək lazımdır. Bunun üçün də orqanizmin müdafiə qabiliyyətini gücləndirən, vitaminlərlə zəngin qidalar qəbul edilməlidir, insan istirahətə çox vaxt ayırmalıdır ki, orqanizm itirilmiş enerjisini bərpa etsin. Qripə yoluxanda daha çox maye qəbul edilməlidir. Əgər hərarət varsa, hərarətsalıcı maddələrdən və antibiotik preparatlardan istifadə edilməlidir.
Payız-qış aylarında orqanizmin immuniteti zəifləyir və xəstəliklərə qarşı zəif olur. Odur ki, əhali orqanizmin gücləndirilməsinin qayğısına qalmalıdır. Hazırda payız mövsümüdür və vitaminlərlə zəngin meyvələr boldur. İmmunsistemi gücləndiricək qidalar qəbul edilməli, vitaminlərə üstünlük verilməlidir. Sanitar-gigiyenik qaydalara riayət etmək, kütləvi yerlərdə, nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə tibbi maskalar taxmaq məsləhətdir.