9 oktyabr tarixində Azərbaycan Respublikasında prezident seçkilərində Fransanın "Opinion Way” tədqiqat institutunun keçirdiyi "exit-poll”-un nəticələri açıqlanıb. 9 oktyabr Azərbaycan Respublikasında prezident seçkilərində Fransanın "Opinion Way” tədqiqat institutunun keçirdiyi "exit-poll”-un nəticələrinə görə, İlham Əliyev 82,2 % səslə birinci olub. Azad Azərbaycan müstəqil teleradio şirkətinin sifarişi ilə Fransada fəaliyyət göstərən həmin bu tədqiqat institutu 64 DSK üzrə 99 məntəqədə exit-poll keçirib. "Exit-poll”-da 4701 səs vermiş respondent iştirak edib. "Exit-poll”-un keçirilməsi metodologiyasına uyğun olaraq, seçki məntəqəsindən çıxan səs vermiş vətəndaşlar onlara təqdim olunan anketi özləri dolduraraq, şəffaf qutuya salıblar. "Exit-poll”-da iştirak edən seçicilərin anonimliyi təmin edilib.
Şəffaf qutular səsvermə günü ərzində 4 dəfə (saat 12:00, 15:00, 17:00, 19:00) açılıb və məlumatlar mərkəzə ötürülüb.
"Exit-poll”-un yekun nəticələrinə görə, namizədlər aşağıdakı kimi səs toplayıblar:
1. Ağazadə İqbal Fehruz - 1,7%
2. Əliyev İlham Heydər - 82,8 %
3. Əlizadə Araz Məmməd Mübariz- 0,5%
4. Hacıyev Hafiz Ələmdar - 0,4%
5. Həsənli Cəmil Poladxan - 9,3%
6. Həsənquliyev Qüdrət Müzəffər - 2,9%
7. İsmayılov İlyas Abbas - 0,5%
8. Məmmədov Sərdar Cəlal - 0,6%
9. Oruc Zahid Məhərrəm - 0,7%
10. Quliyev Fərəc İbrahim - 0,6%
Qeyd edək ki, prezident seçkilərinin şəffaf, azad, ədalətli və dünyada qəbul olunan demokratik standartlara uyğun şəkildə keçirilməsinə yardım göstərilməsi məqsədilə Fransada fəaliyyət göstərən "Opinion Way” tədqiqat institutunu Azad Azərbaycan müstəqil teleradio şirkəti "exit-poll” keçirilməsi üçün Azərbaycana dəvət edib.
Bu ilin iyul ayının əvvəlindən tədqiqat institutu ilə danışıqlara start verilib və avqust ayının sonunda tərəflər arasında müqavilə imzalanıb. "Opinion Way” tədqiqat institutu seçkiqabağı vəziyyətin öyrənilməsi məqsədilə sentyabrın 23-dən 29-dək bütün ölkə üzrə 1000 nəfər arasında ictimai rəy sorğusu keçirib. Sorğuda iştirak edən və "Əgər seçkilər bu gün keçirilsəydi, kimə səs verərdiniz?” sualını cavablandıran respondentlərin 79,9%-i İlham Əliyevə səs verəcəklərini bildiriblər.