Azərbaycanda prezident seçkiləri azad, açıq, rəqabətli olub və hamı tərəfindən tanınan beynəlxalq normalara uyğun keçirilib. Trend-in məlumatına görə, bu barədə Ukrayna Ali Radasının (parlament) müşahidə missiyasının Azərbaycanda keçirilmiş seçkilər zamanı müşahidələrin nəticələri üzrə bəyanatında deyilir. Bəyanatda bildirilir ki, seçkilər Azərbaycan Konstitusiyasına və ölkənin seçki qanunvericiliyinə uyğun keçirilib: "Dövlət və yerli özünüidarə orqanları, ölkənin seçki komissiyaları seçicilərin azad şəkildə iradəsini bildirmə hüququnu təmin edən praktiki tədbirlər həyata keçiriblər". Qeyd olunur ki, aparılan monitorinq zamanı (missiya 10 seçki məntəqəsində olub) səsvermənin nəticəsinə təsir gösətərə biləcək nöqsan aşkar edilməyib:"Bundan başqa, müşahidələrin aparıldığı məntəqələrdə səslərin hesablanması proseduru qüvvədə olan qanunvericiliyə uyğun və açıq keçirilib". Missiya seçki məntəqələrinin seçkilərin keçirilməsi və hazırlıq üzrə məqsədli və səmərəli işini qeyd edir və təsdiq edir ki, Azərbaycan Prezidenti seçkilərinin legitimliyini şübhə altına alacaq hər hansı fakt aşkarlanmayıb. Azərbaycanda keçirilmiş prezident seçkilərində hər hansı pozuntu faktı müşahidə olunmayıb. Trend-in məlumatına görə, bunu brifinqdə Baltik Assambleyasının rəhbəri, Latviya Seyminin deputatı Raymonds Veyonis deyib. R.Veyonis qeyd edib: "Mən 4 seçki dairəsinin 9 seçki məntəqəsində oldum. Müşahidələr zamanı müəyyən olundu ki, seçki məntəqələri Mərkəzi Seçki Komissiyasının tələbləri və beynəlxalq standartlara uyğun olaraq təchiz edilib, komissiyalar çox peşəkar işləyib. Bu da o deməkdir ki, onlar demokratik seçki prosesini təmin ediblər". O bildirib ki, məntəqələrdə bir sıra təşkilatların nümayəndələri - müstəqil müşahidəçilər, Azərbaycanın müxtəlif siyasi partiyalarından müşahidəçilər, həmçinin xarici müşahidəçilər olublar: "Müşahidələr zamanı hər hansı qeyri-qanuni təşviqat, seçicilərə təzyiq olmayıb, pozuntu qeydə alınmayıb. Azərbaycanda prezident seçkilərinin azad və müsbət keçdiyini hesab etmək olar".
Azərbaycanda prezident seçkiləri dinc və sakit şəkildə, müvafiq beynəlxalq standartlara uyğun şəkildə keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında TürkPA müşahidə missiyasının rəhbəri Haluk İpək bildirib. Onun sözlərinə görə, seçkilərdə 72 faiz seçici iştirak edib ki, bu da yüksək göstəricidir: "Gənclər arasında yüksək seçici fəallığını yüksək də qiymətləndirmək lazımdır". İpək, o cümlədən Azərbaycanda prezident seçkiləri ilə əlaqədar ölkədə hazırlıq və təşkilatı işlərin yüksək səviyyəsini vurğulayıb: "Seçicilərin öz Konstitusiya hüquqlarını reallaşdırmaları üçün bütün şərait yaradılıb". Onun sözlərinə görə, seçki məntəqələrinin texniki təchizatı da yüksək səviyyədə olub. O, onlarda veb-kameraların quraşdırılmasını xüsusi vurğulayıb. Həm seçki kampaniyası, həm də seçki prosesi qəbul olunan beynəlxalq standartlara uyğun şəkildə təşkil olunub. Bütün müşahidəçilərə öz missiyalarını həyata keçirmələri üçün bərabər şərait yaradılıb. Azərbaycanda seçki məntəqələrində atmosfer çox yaxşı idi, səhər saatlarından etibarən məntəqələrdə səs vermək istəyənlərin növbəsi müşahidə olunurdu. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasından (QDİƏT PA) olan müşahidə missiyasının Rusiya Dövlət Dumasından olan üzvü Saliya Murzabaliyeva bildirib. Onun sözlərinə görə, yüksək seçici fəallığı Azərbaycanda yüksək vətəndaş aktivliyindən, vətənpərvərlik hisslərindən və vətənə sevgidən xəbər verir. Murzabaliyeva bildirib ki, ölkənin bütün əhalisinin bu gün aparılan siyasi kursu və ölkənin sonrakı inkişafını dəstəklədiyi aydınlaşır. Missiyanın Gürcüstan Parlamentindən olan üzvü Mixail Mançvariani bildirib ki, seçkilər yüksək səviyyədə təşkil edilib. Onun sözlərinə görə, bütün partiyaların nümayəndələri missiya ilə söhbət zamanı təsdiqləyirdilər ki, heç bir pozuntu olmayıb. Onun sözlərinə görə, missiya Sumqayıt və Bakıdakı məntəqələrdə olub və müşahidəçilərə də seçkilərin müşahidə olunması ilə bağlı heç bir maneə olmayıb. Mançvarianinin sözlərinə görə, səsvermə prosesi zamanı pozuntular olmayıb və seçkilər yüksək səviyyədə keçirilib. Fransanın bütün beş partiyasını təmsil edən Fransadan olan müşahidəçilər Quba rayonunda monitorinq keçirib və missiyanın heç bir pozuntu müşahidə etmədiyini təsdiqləyirlər. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Fransa Senatından olan missiyanın rəhbəri Natali Qule bildirib. Qulenin sözlərinə görə, on il bundan əvvəl o, İlham Əliyevin qalib gəldiyi ilk seçkilərdə missiyanın üzvü kimi iştirak edib və ona görə də ölkə ilə yaxşı tanışdır. Qule bildirib: "Mən nə dediyimə görə məsuliyyət daşıyıram, on il ərzində mən Azərbaycanda seçki sisteminin inkişafında böyük inkişaf gördüm". Fransa Senatından olan müşahidəçilər missiyasının digər üzvünün sözlərinə görə, seçkilər yüksək səviyyədə keçirilib və seçki məntəqələrində heç bir problem yaşanmayıb. Onun sözlərinə görə, missiyanın bütün üzvləri eyni mənzərənin şahidi olublar. O bildirib: "Mən Fransa və Azərbaycandakı səsvermə prosesi arasında heç bir fərq görmürəm. Ancaq Azərbaycanda seçkiləri daha çox missiya izləyir". ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzinin müşahidə qrupu Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı rəyini açıqlayıb. Qrupun üzvü, ABŞ-dan olan hüquqşünas Tia Mkittrik deyib ki, qrupun üzvləri Bakıda və Bakıdan kənarda bir çox seçki məntəqələrində müşahidə aparıb. Qrupun rəyini açıqlayan Müstəqil Siyasi Monitorinq Mərkəzinin rəhbəri Lida Lavsin isə qeyd edib ki, seçki məntəqələrində texniki işlər və səsvermənin təşkili beynəlxalq standartlara cavab verirdi: "Mütəxəssislərimiz heç bir seçki məntəqəsində Seçki Məcəlləsinə zidd hallarla rastlaşmayıb. Seçki zamanı həm yerli, həm də beynəlxalq müşahidəçilər seçkiləri sərbəst şəkildə izləyə bilirdilər. Seçki prosesinin bütün iştirakçıları prosesin tam yüksək səviyyədə təşkil olduğunu bildirib. Məntəqə seçki komissiyalarının üzvləri seçki qanunvericiliyi ilə tam tanış idilər və istənilən sualı izah edə bilirdilər. Mütəxəssislərimiz hər hansı qanun pozuntusu ilə rastlaşmayıblar". Qrupun digər üzvü, Polşa Seyminin deputatı Andrej Romanek isə bildirib ki, səsvermə tamamilə qanunauyğun şəkildə keçirildi və insanların seçim hüquqları tam təmin olundu: "Biz hansısa qanun pozuntusuna rast gəlmədik. Seçki prosesi yüksək səviyyədə təşkil olunmuşdu və səsvermə prosesi şəffaf keçirilirdi. Müşahidə missiyamızın yekun rəyi ondan ibarətdir ki, seçkilər şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirildi. Seçkilər Azərbaycan vətəndaşlarının iradəsini ifadə etdi və seçicilər öz seçimlərini etdilər". Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun nümayəndə heyəti ötən gün keçirilən prezident seçkilərinin müşahidəsi ilə bağlı mətbuat konfransı keçirib. QDİƏT nümayəndələri İsmayıl Şafi (Türkiyə), Sergey Markov (Rusiya), Evangelos Venetis (Yunanıstan), Enyo Savov (Bolqarıstan) seçki ilə bağlı bəyanat hazırlayıb. QDİƏT nümayəndələri bildiriblər ki, onlar prezident seçkilərində beynəlxalq müşahidəçi missiyasını yerinə yetirmək üçün seçki günü Bakı şəhərinin Səbayel, Nəsimi, Yasamal, Binəqədi, Nizami, Nərimanov və Xətai rayonlarında seçki məntəqələrində apardıqları müşahidələr nəticəsində seçkilərin mütəşəkkil qaydada, qanun pozuntuları olmadan keçdiyinin, seçicilərin sərbəst və azad şəkildə istədikləri namizədə səs verməsinə maneçilik törədəcək hallara yol verilmədiyinin şahidi olublar: "Seçki məntəqələrinin üzvləri, seçkidə öz namizədi ilə iştirak edən ayrı-ayrı partiyaların müşahidəçiləri, səsvermənin gedişini izləyən mətbuat nümayəndələri və "exit-poll” ciddi qanun pozuntusu haqda məlumat və şikayətin şahidi olmadıq. Seçki məntəqələrində seçicilərin hər hansı namizədə səs verməsini təbliğ edən və ya onların iradəsinin əksinə səs verməyə çağıran təbliğat halları ilə rastlaşmamışıq. Hesab edirik ki, beynəlxalq müşahidəçi qrup missiyasını reallaşdırdığımız seçki dairələrində prezident seçkiləri beynəlxalq standartlara uyğun olaraq azad, ədalətli və şəffaf şəkildə keçirilib”. Türk Dövlətləri Əməkdaşlıq Şurasının (TÜRKKON) seçki müşahidə missiyası Azərbaycanda prezident seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib. TÜRKKON baş katibi Xəlil Akıncı bildirib ki, onlar bir hissəsi işğal altında olan Ağdam rayonu ərazisində müşahidə aparıblar. X.Akıncı bildirib ki, missiyada Qazaxıstan, Qırğızıstan və Türkiyədən 11 nəfər təmsil edib: "Qarabağ bölgəsində olan yeganə beynəlxalq müşahidə missiyası TÜRKKON missiyası olub. Bəzi məntəqələrdə "exit-poll” keçirilməsi ilə rastlaşdıq. Amma "exit-poll” bütün məntəqələri əhatə etmirdi. Bəzi məntəqələrdə tibb xidmətlərini hazır vəziyyətdə gördük. Ümumilikdə deyə bilərəm ki, izlədiyimiz bu seçki öz texniki imkanlarına görə ən mükəmməl seçki idi. Biz seçkilərdə qalib gələn Azərbaycan prezidentini təbrik edirik». Mətbuat konfransında çıxış edən TÜRKKON nümayəndələri qeyd ediblər ki, səhər saatlarında səsverməyə qatılım 45-50% civarında olub. Müşahidə missiyası dairə və məntəqə seçki komissiyalarının üzvləri və seçicilərlə görüşüb, onların fikirlərini öyrəniblər. Seçki zamanı problemlər qeydə alınmayıb. Beynəlxalq QHT üzvlərinin təmsil olunduğu Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi Azərbaycanda keçirilən prezident seçkilərində apardıqları müşahidələrlə bağlı yekun mətbuat konfransı keçirib. Mərkəzin sədri, müşahidə missiyasının rəhbəri Claude Maniquet bildirib ki, seçkiləri 9 nəfərin təmsil olunduğu nümayəndə heyəti izləyib və yekun bəyanat hazırlayıb. C.Maniquetin sözlərinə görə, bəyanatda seçkilərdə aparılan müşahidələr və əldə olunan nəticələr öz əksini tapıb: "Beynəlxalq QHT üzvləri tərəfindən gün ərzində Bakı, Sumqayıt və digər yaxın ərazilər daxil olmaqla 200 seçki məntəqəsində müşahidələr aparılıb, günün sonunda isə 11 məntəqə səs sayma prosesi izlənilib. Bundan əlavə, sağlamlıq imkanları məhdud əlil insanlar üçün səyyar qutuların, Bakıdakı cəzaçəkmə müəssisəsi, hərbi hissə, Sumqayıtdakı qaçqın və məcburi köçkünlər üçün xüsusi seçki məntəqələrinin yaradılmasının şahidi olduq. Həbsxanalarda seçkiləri təşkil etmək təhlükəsizlik nöqteyi-nəzərdən çətindir. Ona görə də bunun təşkil edilməsi təqdirə layiq hadisədir. Seçki məntəqələrində yerli müşahidələr - QHT-lər, partiya üzvləri aktiv iştirak edirdilər. Seçici fəallığı kişilər və qadınlar arasında çox yüksək idi. Bu gün Fransa və İsrail kimi ölkələrdə gənc qadın və kişilər seçkilərə gedib səs verməyə, siyasətdə iştirak etməyə fəallıq göstərmirlər. Amma Azərbaycanda bu vəziyyət fərqli idi. Seçkilərdən sonra səsləri sayılması prosesində də beynəlxalq müşahidəçilərin iştirakının və orada beynəlxalq qaydaların, standartların qorunduğunun şahidi olduq. Beynəlxalq müşahidəçilərə qarşı rəsmilərin, xüsusilə Mərkəzi Seçki Komissiyasının üzvlərinin açıq mövqe göstərməsi bizi çox qane etdi. Onların bu münasibəti xüsusilə Bakıda seçkilərin vəziyyətini müşahidə edən beynəlxalq müşahidəçilərin işlərini asanlaşdırdı”. Müşahidə missiyasının rəhbəri qeyd edib ki, ümumilikdə dünən seçki məntəqələrində apardıqları müşahidələr və əldə etdikləri nəticələrə əsasən Azərbaycanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun və tam şəffaf şəkildə həyata keçirildiyini demək mümkündür. Onun sözlərinə görə, Azərbaycan hələ də keçid dövrünü yaşamasına baxmayaraq, prezident seçkilər şəffaf və düzgün şəkildə həyata keçirilib. Seçkilərdə medianın rolunu da yüksək qiymətləndirən Claude Maniquet bildirib ki, media bu prosesdə lazımi formada iştirak edib. Avropa Akademiyasının Seçkiləri Müşahidə Missiyası Azərbaycan keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, missiyaya Avropa İttifaqının 24 ölkəsi və Kanadanı təmsil edən 135 deputat və siyasi ekspertlər daxil olub. Missiya 125 seçki dairəsindən 45-də olub. Bəyanatda bildirilir ki, 2013-cü ilin 9 oktyabrında Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara müvafiq və 2009-cu ilin referendumunda təsdiqlənmiş yeni Seçki Məcəlləsi əsasında keçirilib. Ölkədə çox saylı məcburi köçkünün olmasına baxmayaraq, müşahidəçilər seçicilərin qeydiyyatı ilə bağlı mühüm problemlər müşahidə etməyiblər. Qeyd olunub ki, müşahidəçilər namizədlərə pulsuz və ödənişli efir vaxtı verilib və mətbuatda nəşr üçün yer ayrılmasını müsbət qiymətləndiriblər. Sənəddə deyilir ki, seçicilərin yüksək fəallığı müşahidə edilib və seçkilər dinc şəkildə keçirilib: "Seçki komissiyası və digər aşağı səviyyəli komissiyalar seçkilərə texniki baxımından hazır idi və seçkilər yaxşı təşkil olunub. İştirak sərbəst və könüllü idi, seçki məntəqələrə getməklə bağlı məhdudiyyətlər yox idi. Səslərin hesablanması və nəticələrin açıqlanması sərbəst aparılıb. Bu il keçirilən seçkilər nisbətən gənc demokratiya olan Azərbaycanda demokratik seçkilərin möhkəmlənməsi beynəlxalq standartlara müvafiqliyi baxımından növbətin irəliləyişin göstəricisidir”. Asiya və Sakit Okean hövzəsi Beynəlxalq Mərkəz Demokratlar (CAPDI) təşkilatı Azərbaycanda keçirilən prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Təşkilatın müşahidə missiyasının üzvü Muhammad Jusuf Kalla seçkinin nəticələri və səsvermə prosesinə münasibətlərini açıqlayıb. Müşahidə apardıqları məntəqələrdə seçki prosesinin normal təşkil edildiyi, neqativ hallarla qarşılaşmadıqlarını deyən müşahidə missiyasının üzvü bildirib ki, seçki prosesi normal keçirilib. "Məntəqələrdə veb-kamerlaın qurulması diqqət çəkən məqam idi. Bundan başqa, seçkiləri kifayət qədər müşahidəçi izləyirdi, həm yerli, həm də beynəlxalq. Açığı bu qədər müşahidəçinin gözü önündə nəsə etmək mümkün deyildi. Bu baxımdan biz seçkilərin legitim olduğunu düşünürük. Təbii ki, hansısa çatışmazlıqlar ola bilər, hərçənd ki, biz rastlaşmamışıq. Ümumi rəyimiz seçkinin normal mühitdə keçməsi ilə bağlıdır". CAPDI-nin seçkiləri izləyən digər müşahidəçiləri də seçki prosesi ilə bağlı fikirlərini bölüşüb. Bildiriblər ki, onlar da seçki prosesindən, ümumi olaraq şəffaf və maksimum ədalət prinsiplərinin qorunmasından razıdırlar. Qrupun ümumi rəyi seçkinin demokratik prinsiplərə uyğun keçirilməsidir. Beynəlxalq "İDEES" qeyri-hökumət təşkilatlarının müşahidə missiyası Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib. Missiyaya Afrika, Asiya, Latın Amerikası və Avropanın 37 ölkəsini təmsil edən 52 parlamentari və eksperti daxil olub. Seçki günü müşahidəçilər Bakıda və 5 rayonda 26 seçki dairəsində fəaliyyət göstəriblər. Onlar 450 seçki məntəqəsini ziyarət ediblər. Seçki günü ölkədə vəziyyət sakit və dinc olub, yerli hakimiyyət orqanları və polis tərəfindən seçkinin gedişinə müdaxilə olunmayıb. Seçki məntəqələrinin çoxunda müxtəlif siyasi partiyalara mənsub yerli müşahidəçilər də var idi. Səslərin hesablanması açıq və şəffaf keçirilib. Latin Amerikası və Karib dənizi ölkələri siyasi partiyalarının təşkilatı (COPPPAL) Azərbaycanda keçirilən prezident seçkilərinin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirib. Müşahidə qrupunun rəhbəri Qustavo Karvaxal bilirib ki, COPPPAL özündə 23 ölkədən 67 siyasi partiyanı biləşdirir. Seçkilərlə bağlı danışan qrupun rəhbəri qeyd edib ki, onlar seçicilərin azad şəkildə səs verdiklərinin şahidi olublar: "Biz dünən iki qrupa bölündük və müxtəlif məntəqələrə gedərək, vətəndaşların azad səs verdiklərini müşahidə etdik. Deyə bilərik ki, seçki şəffaf keçirildi. Vətəndaşların barmaqlarına xüsusi rəngin vurulması saxtakarlığın qarşısını almaq baxımından böyük nailiyyətdir". Q.Karvaxal qeyd edib ki, onları seçki məntəqələrində işləyənlərin əsas hissəsinin qadınlar olması maraqlandırıb. Onun sözlərinə görə, həmin qadınlar onlara böyük yardımlar edib: "Hiss olunurdu ki, hər kəsdə Azərbaycanın gələcəyinə böyük ümidlər var. Son ana qədər seçici aktivliyi hiss olunudu. Seçkilər olduqca normal keçirildi və Avropa standartlarına uyğun şəkildə təşkil olunmuşdu". Qrupun rəhbəri bildirib ki, seçkinin nəticələrinin legitim olduğunu hesab edirlər və Azərbaycan vətəndaşının öz gələcəyini seçmək baxımından bu seçkinin olduqca şəffaf keçirildiyini düşünürlər. Qara Dəniz Ölkələri Vətəndaş Dialoqu və Rusiya İctimai Palatasının müşahidə missiyaları Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat qəbul edib. Missiyaya Moldova və Rusiya parlamentlərini təmsil edən 3 deputat daxil olub. İctimai Palatanın sədri, politoloq Sergey Markov deyib ki, müşahidəçilərin fəaliyyəti Azərbaycan və beynəlxalq qanunlara uyğun keçirilib: "Seçki məntəqələrdə lazımı şərait yaradılıb, minə yaxın məntəqələrdə veb-kameralar quraşdırılıb, ərazi seçki komissiyaların tərəfindən səhhəti ilə bağlı seçkilərə gələ bilməyən insanlar üçün şərait yaradılıb. Müşahidələr zamanı bəzi nöqsanlar aşkar edilib, məsələn, bəzi seçki məntəqələrində seçicilərin sıxlığı vardı ki, bu da bəzi problemlər yaradıb. Bir seçki məntəqədə "exit-poll” elə məntəqənin içində keçirilib və s. Lakin bu hallar az-az müşahidə olunub və seçkilərin gedişatına, səslərin hesablanmasına təsir etməyib. Seçkilər ümumən Azərbaycanın seçki qanunlarına və demokratik normalara uyğun keçirilib”. S.Markov eyni zamanda İlham Əliyevi prezident postuna yenidən seçilməsi münasibətilə təbrik edib. Onun sözlərinə görə, müxalifət yenidən birliyini nümayiş etdirə bilməyib və güclü lider yerinə zəif namizədini irəli sürüb. Hindistanın seçkiləri müşahidə qrupu Azərbaycanda prezident seçkilərinə dair bəyanat yayıb. Bəyanat Hindistan müşahidə qrupu üzvlərinin bu gün keçirdikləri mətbuat konfransında açıqlanıb. Qrupun rəhbəri, Hindistan parlamentinin üzvü Suresh Kesvani bildirib ki, müşahidə qrupu 15 nəfərdən ibarət olub. S.Kesvani 50-yə yaxın seçki məntəqəsində müşahidələr apardıqlarını açıqlayıb: "Seçki məntəqələrində çoxsaylı müşahidəçilər səsvermə prosesini izləyirdilər. Müşahidə prosesinə heç bir maneə yox idi. Seçicilər şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etdikdən sonra onların təkrar səsvermədə iştirakının qarşısının alınması üçün barmaqları xüsusi mürəkkəblə rənglənirdi. Müşahidə qrupu seçki məntəqələrində nəzərəçarpacaq hüquq pozuntuları ilə qarşılaşmadı. Müşahidəçilər seçicilər və namizədlərin, siyasi partiyaların nümayəndələri ilə söhbət ediblər. Heç kəs şikayət bildirməyib. Onların hamısı hazırlıqlardan və səsvermə prosesinin şəffaflığından məmnun qaldıqların bildiriblər. Seçki məntəqələrində hazırlıqların lazımı səviyyədə olduğunu gördük. Məntəqələrin yerləşdiyi binalar yaxşı vəziyyətdə idi və müvafiq işıqlandırılmışdı. Seçicilərin növbələri qaydasında idi və seçki rəsmiləri proses barədə yaxşı məlumatlı idilər. Bütün bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri şəffaf, azad və ədalətli seçki tələblərinə cavab verir”. MDB müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı keçirdiyi monitorinqin nəticələri elan edib. Bununla bağlı keçirtdiyi brifinqdə MDB İcraiyyə Komitəsinin katibi Sergey Lebedev bildirib ki, uzunmüddətli missiya öz işinə sentyabrın 10-dan başlayıb, MDB-nin üzvü olan 9 ölkənin nümayəndələrindən ibarət olub və iş zamanı daim MSK ilə əlaqədə olub. Onun sözlərinə görə, müşahidəçilər 1973 seçki məntəqəni ziyarət edib və müşahidə zamanı seçkilərə tam hazırlığını müşahidə edib. S.Lebedev vurğulayıb ki, missiyanın əsas vəzifəsi seçkilərin ölkə qanunlara uyğun keçirilməsinə nəzarət etməkdən ibarət olub: "Mən şəxsən özüm 21 seçki məntəqəsini ziyarət etdim. Ciddi pozuntular aşkar olunmayıb, sadəcə, bəzi texniki nöqsanlar olub. Məsələn, bir seçki kabinəsinə iki nəfər daxil olub, ya da seçici bülleteni alıb yerindəcə səs verib onu qutuya atıb. Bəzi seçki məntəqələri təyin olunan vaxtından gec açılıb. Bununla belə, bütün seçki məntəqələrində çoxlu müşahidəçilər iştirak edib, minlərlə məntəqələrdə veb-kameralar quraşdırılıb”. Nəticələrə gəlincə, S.Lebedev vurğulayıb ki, qeydə alınan texniki qüsurlar seçkinin nəticələrinə təsir göstərmək gücündə malik deyil və seçkilər legitim olub: "Seçkilər açıq və şəffaf şəkildə, qəbul olunmuş demokratik normalar, ölkənin Konstitusiyası və Seçki Məcəlləsinə uyğun keçirilib”. S.Lebedev əlavə edib ki, artıq İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. Azərbaycan Respublikasının prezident seçkilərini izləyən "Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu” (CEGPM) müşahidə qrupu seçkilərlə bağlı hesabatını açıqlayıb. Hesabatı müşahidə qrupunun rəhbəri Nikolay Meinert əsasən seçki günündə müşahidələr apardığını bildirib. Seçkilərin nəticəsinin tam şəkildə seçicilərin iradəsini əks etdirdiyini deyən nümayəndə heyətinin rəhbəri qeyd edib ki, onlar hər hansı ciddi texniki çatışmazlıqları müşahidə etməyiblər. Seçkilərin demokratik prinsiplərə və milli qanunvericiliyə uyğun keçirildiyini vurğulayan N.Meinert Azərbaycanın seçki prosesində irəliyə doğru əhəmiyyətli addım atdığını qeyd edib. O, Avropa ölkələrində seçkilər zamanı seçki məntəqələrinə veb-kameraların quraşdırılmadığını və bu baxımdan Azərbaycanın nümunəvi ölkə sayıla biləcəyini bildirib. Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, veb-kameraların quraşdırılması seçkilərin texniki baxımdan yüksək səviyyədə təşkil olunduğunun göstəricisidir. N.Meinert veb-kamera təcrübəsindən Avropada istifadə ediləcəyini bildirib. "Çox şadam ki, Azərbaycanda ən kiçik müxalifət partiyaları belə öz narazılığını açıq şəkildə bildirirlər. Bir seçki məntəqəsində iki müxalifət nümayəndəsi mənə yaxınlaşaraq öz narazılığını bildirdilər. Lakin biz seçki məntəqələrini gəzərkən onların sözlədikıərini sübut edəcək heç nə görmədik. Deyərdim ki. Bu seçkilər hətta Böyük Britaniyada keçirlən seçkilərdən də yaxşı keçirilib”,- nümayəndə heyətinin Böyük Britaniyadan olan üzvü Nikolas Qriffin bildirib. Nümayəndə heyətinin Litvadan olan üzvü Linas Balsys Sumqayıtın bir neçə seçki məntəqəsində müşahidə apardığını bildirib. Yerli müşahidəçilərin aktivliyinin onda yaxşı təəssürat yaratdığını deyən litvalı müşahidəçi Sumqayıtda yüksək seçici fəallığının olduğunu, seçicilərin hətta növbəyə düzüldüyünü dilə gətirib. L.Balsys səslərin sayılma prosesində də iştirak etdiyini və seçki məntəqəsi üzvlərinin bu işdə yüksək təcrübəsinin müşahidə olunduğunu deyib. "Ədalətli Seçkilər Uğrunda" müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinin legitimliyini tanıyan hesabat qəbul edib. Təşkilatın seçkilərin nəticələrinə dair keçirilən brifinqdə qəbul olunan hesabatda qeyd olunub ki, seçkilər baş tutmuş hesab edilir: "Seçki prosesi, həmçinin optimal təşkil olunub. Prezidentliyə namizədlərin, müşahidəçilərin, seçkinin digər iştirakçılarının hüquqları təmin edilib. Qeydə alınan qüsurlar seçkinin nəticələrinə təsir etməyib. Seçki kampaniyasının gedişi, səsvermə günü açıq və şəffaf, vicdanlı keçirilib. Bu, seçkinin nəticələrinin leqal və legitim tanınmasına şərait yaradıb. Seçkilərdə yüksək seçici fəallığı qeydə alınıb. Seçici fəallığı ilə bağlı qeydə alınan bu göstərici hətta bir çox Avropa ölkələrində müşahidə olunmur. Çexiyada bu göstərici 40-45 faiz təşkil edir. İnsanların çox rahat şəkildə istədiyi namizədə səs verirdilər. Seçki məntəqələrinin insanların evlərinə yaxın olması da yaxşı hal idi”. Tədbirdə çıxış edən müşahidə missiyasının rəhbəri, Rusiyadan olan müşahidəçi Sergey Mirzoyev deyib ki, keçirilən sorğuların nəticələrinə, seçicilərin fəallığına dair rəqəmlərə inanırlar: "Seçkilər azad, şəffaf və legitim olub. Buna şübhə etməyə heç bir əsas yoxdur. Seçicilər fəal olublar. Müasir texnologiyalardan istifadə olunub". Almaniyadan olan müşahidəçi Mixael Hohendahl seçkilərin baş tutduğunu deyib: "Seçkilər yüksək nəticələrlə keçib. Nəticəyə təsir edən ciddi qüsurlar qeydə alınmayıb. Nəticələri qanuni və legitim sayırıq". Çexiyadan olan müşahidəçi, ATƏT-in sabiq vitse-prezidenti Anna Çurdova isə deyib ki, seçicilərin fəallığına hörmətlə yanaşır: "Mərkəzi Avropa ölkələrində bu qədər fəallıq olmur. Məntəqələrdə xırda qüsurlar olub. Lakin bu, nəticələrə təsir edən qüsurlar deyil". Çexiyadan olan senator Vladimir Driml qeyd edib ki, müşahidə etdiyi məntəqələrdə seçkilər azad, demokratik, şəffaf, ədalətli və açıq şəkildə keçirilib. Pakistan Parlamentinin müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Müşahidə missiyasının tərkibində 6 siyasi partiyanın nümayəndələri, həmçinin kiçik mətbuat qrupu daxil idi. 15 seçki məntəqəsində müşahidə aparıblar. Pakistan parlamentinin senatoru Müshaid Hussain Sayed: "Biz səsvermə prosesindən çox razı qalmışıq. Seçki çox dinc və şəffaf keçirilib. Seçicilərə heç bir təzyiq olmayıb, səsverməyə müdaxilə edilməyib. Seçicilər çox sərbəst seçki məntəqələrinə gələrək öz layiq bildikləri namizədinə səs veriblər. Biz seçkinin nəticələrini yüksək qiymtələndiririk və bunu Azərbaycanda demokratiyanın qələbəsi hesab edirik. Azərbaycanın prezidenti İlham Əliyevə təbriklərimizi çatdırırıq. Azərbaycan çətin regionda sabitlik adasıdır. O, Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb. Qeyd edib ki, təcili olaraq BMT-nin qətnamələri yerinə yetirilməlidir. Müşahidə missiyası yekun olaraq seçkini yüksək qiymətləndirdiklərini və onlara göstərilən qonaqpərvərliyiyə görə minnətdar olduqlarını dilə gətiriblər. Bolqarıstan parlamentinin müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransında çıxış edən missiyanın üzvü Həmid Həmid: "Müşahidə heyəti tərəfindən seçki məntəqələrində aparılan monitorinq zamanı hüquq pozuntuları aşkarlanmayıb. Azərbaycanda keçirilən prezident seçkiləri dünyaya demokratiya dərsi verdi. Biz seçkilərdə iştirak etməklə praktik olaraq əsl demokratiyanın şahidi olduq. Rəsmi nəticələr məlum olmadan öncə qalibi təbrik etmək tələskənlikdir. Lakin demək istəyirəm ki, ötən gün keçirilən seçkilərdə yeganə qalib Azərbaycan xalqı idi. Nə istədiyini bilən xalq məqsədi uğrunda səs verdi və düşünürəm ki, bu doğru seçimdir. Bolqarıstanlı deputat bildirib ki, dünən bir qalib var idi - Azərbaycan xalqı. Qısa müddət ərzində Azərbaycan xalqı demokratiyanın yüksək səviyyəsinə nail olub. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESISC) mətbuat konfransı keçirib. Konfransda bildirilib ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri maksimum şəffaf və beynəlxalq standartlara uyğun olub. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin Klod Monike deyib: Azərbaycanın keçid dövründə olmasına baxmayaraq, ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirildi: "ESISC missiyasının müşahidəçiləri Bakı, Sumqayıt və digər rayonlarda 200 seçki məntəqəsində, həmçinin səsvermənin hesablandığı 11 məntəqədə olublar". Müşahidəçilərin baş çəkdiyi məntəqələr arasında məhdud imkanlı insanlar üçün səyyar seçki məntəqəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı islah müəssisəsində səs vermək üçün xüsusi məntəqə, Bakıda hərbi hissələrin birində xüsusi seçki məntəqəsi və Bakıda məhdud imkanlı insanlar üçün 1 saylı xüsusi seçki məntəqəsi var. K.Monikenin sözlərinə görə, missiya üzvləri müşahidələrin nəticələrinə əsasən qeyd ediblər ki, yerli seçki komissiyalarına və milli müşahidə missiyalarına xeyli sayda qadın daxildir. Missiya nümayəndələri, həmçinin seçkilərdə seçicilər arasında gənclərin çoxluğunu və xeyli sayda yerli müşahidəçilərin olduğunu vurğulayıblar. ESISC prosesin çətin olmasına baxmayaraq, islah müəssisələrində səsvermə prosesinin savadlı təşkilindən və məhdud imkanlı insanların səs verməsi üçün səyyar məntəqələrin təşkilindən məmnunluqlarını ifadə ediblər. Onun sözlərinə görə, müşahidəçilər səslərin hesablanması üçün məntəqələrdə qanunvericiliyin bütün normalarına ciddi riayət edildiyini vurğulayıblar. Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Latın Amerikası və Karib dənizi Siyasi Partiyaları Təşkilatından (COPPPAL) olan missiyanın rəhbəri Qustavo Karvahal bildirib: Prezident seçkilərində Azərbaycan vətəndaşlarının iradəsinin azad şəkildə ifadəsinin şahidi olduq. Seçkilər beynəlxalq normalara uyğun şəkildə keçirilib və seçicilərin seçdikləri prezident bundan sonra da ölkənin inkişafı üçün hər şey edəcək.Karvahalın sözlərinə görə, missiya üzvləri səhər saatlarından etibarən seçicilərin yüksək fəallığını vurğulayıblar. AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları birgə mətbuat konfransında bildiriblər ki, Azərbaycanda seçki prosesi azad, ədalətli və şəffaf keçirilib. Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlakki deyib: "Biz sizə dərs keçmək üçün deyil, seçkini müşahidə etmək məqsədilə bura gəlmişik. Bizim müşahidəmizə görə, seçki dinc atmosferdə keçdi. Biz seçicilərə hər hansı təzyiq faktını müşahidə etmədik”. Prezident seçkilərini müşahidə edən AŞPA nümayəndə heyətinin rəhbəri Robert Uolter isə deyib ki, AŞPA-nın 7 üzvündən ibarət nümayəndə heyəti ilə Azərbaycana bir ay əvvəl gəliblər. Uzunmüddətli müşahidə missiyasının seçkiqabağı prosesi izlədiyini qeyd edən R. Uolter seçki günü 30 millət vəkilindən ibarət heyətlə müşahidə apardıqlarını deyib. O, AŞPA-nın Azərbaycanda gedən prosesləri yaxından izlədiyini də vurğulayıb. R. Uolter qeyd edib ki, AŞPA və Avropa Parlamentinin müşahidə missiyaları Azərbaycanda keçirilmiş prezident seçkilərini obyektiv, şəffaf və ədalətli qiymətləndirirlər. İlham Əliyev səslərin böyük əksəriyyətini toplayaraq qələbə qazanıb: "Biz səslərin sayılması prosesində də iştirak etmişik və qanun pozuntusuna rast gəlməmişik”. O deyib ki, müxtəlif uğursuz namizədlərin seçkinin nəticələrini tanıyıb-tanımaması siyasi məsələdir və bununla bağlı suallar onlara verilməlidir: "Bilirəm ki, Azərbaycanda bir sıra insanlar AŞPA-nın fəaliyyətini tənqid edirlər. Ancaq AŞPA-da Avropanın hər yerindən siyasətçilər təmsil olunurlar və onlar azad, sərbəst müzakirələr aparıb, hesabatlar, qərarlar qəbul edirlər”. Azərbaycanda keçirilən prezident seçkiləri izləmək üçün Azərbaycana gələn Amerika Müstəqil Siyasi Monitorinq Mərkəzinin nümayəndə heyəti seçkilərlə bağlı hesabatını açıqlayıb. Hesabatı açıqlayan müşahidə qrupunun üzvü, 10 sentyabr 2013-cü ildə Azərbaycan Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçdiyini deyən nümayəndə qrupunun rəhbəri Tai Mittrik 6 Oktyabr tarixindən müşahidə missiyasına başladığını qeyd edib. O, qeyd edib ki, monitorinq qrupuna Avropa İttifaqı, ABŞ, İsrail və bir çox ölkələrindən olan üzvlər daxildir. T.Mittrik Bakı və bölgələrdə 100-dən artıq seçki məntəqəsində müşahidələrin aparıldığını bildirib. Amerika Müstəqil Siyasi Monitorinq Mərkəzinin sədri Lidia Lavson müşahidə seçkilərin bütövlükdə beynəlxalq standartlara cavab verdiyini dilə gətirib: "Seçki məcəlləsinə zidd olan heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçki prosesində iştirak edən bütün şəxslər seçkilərin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Dairə seçki komissiyaları və seçki məntəqəsinin üzvləri tam peşəkar idilər və onlar işi ilə bağlı bütün suallara cavab verirdilər. Ekpertlərimiz Seçki Məcəlləsinin hər hansı bir müddəasının pozuntusu halına rast gəlməyib. Bütün seçki məntəqələrində texniki təchizat yüksək səviyyədə idi. Buraya kompüterlər və veb-kameralar da daxildir. Ekspert qrupumuz hansısa zorakı hallarına rast gəlməyib. Polis qanunvericilikdə nəzərdə tutulduğu kimi məntəqədən 100 metr aralıda dayanmışdılar”. Polşa parlamentinin və müşahidə qrupunun üzvü Andrzei Romanek seçkilərlə bağlı bütün prosedurların Seçki Məcəlləsinə tam cavab verdiyini söyləyib. Seçki protokollarının doldurulmasının da tamamilə qanuna uyğun həyata keçirildiyini deyən polşalı müşahidəçi seçkilərin şəffaf, demokratik və dinc şəraitdə keçirildiyini vurğulayıb. "Seçkilər tam olaraq Azərbaycan vətəndaşlarının iradəsini əks etdirirdi. Azərbaycan xalqı öz seçimini etdi”, - Polşa parlamentinin üzvü əlavə edib. Müşahidəçi qrupunun üzvü, Estoniya parlamentinin üzvü Vladimir Velman seçki nəticələrinin reallığı və Azərbaycan vətəndaşlarının iradəsini əks etdirdiyini söyləyib. Beynəlxalq Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı-İCAPP Azərbaycanda keçirilən prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. İCAPP bəyan edib ki, seçkilər din yolla, şəffaf və ədalətli keçirilib: "Missiya 3 qrupa bölünüb və müxtəlif məntəqələrdə seçki prosesini izləyiblər. Müşahidələrin nəticələrinə görə, Azərbaycandakı seçkilər dinc yolla, şəffaf keçirilib. Hər bir namizəd öz fikirlərini müstəqil şəkildə cəmiyyətə çatdıra biliblər. Siyasi rəhbərliyin gördüyü işdən hami razı qalıb. Televiziya debatının aparılması müzakirələrin aparılması üçün imkanlar yaradılıb. Azərbaycan iqtisadi inkişaf baxımından yüksək inkişaf edib". İCAPP-ın rəyinə görə, prezident seçkilərinin nəticələri azad səsvermənin sayəsində bəlli olub. İtaliya Senatının nümayəndə heyəti Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Müstəqil Mətbuat mərkəzində mətbuat konfransı keçirib. Müşahidə missiyasının rəhbəri Serco Dvina: "Nümayəndə heyətinin Bakı və Sumqayıt şəhərlərinin 8 məntəqəsində oldu. Heyətin apardığı müşahidələr zamanı seçici aktivliyi özünü göstərib. Seçkilərə seçici fəallığı vətəndaşların demokratik ölkə qurmaq istəməsinin göstəricisidir. Ölkənizdə keçirilən prezident seçkilərinin dinc, şəffaf və demokratik yolla keçdiyinə əmin ola bilərsiniz. Seçkilərdə bizi təəccübləndirən əsas məqam isə həm müşahidə, həm də qeydiyyat qruplarında qadınlar üstünlük təşkil edirdilər. Eyni zamanda seçicilərin qəbulunda və qeydə alınmasında yüksək nizam-intizam var idi. Məntəqələr kiçik olsa da, seçki prosesi sürətlə gedirdi. Gün ərzində yalnız bir seçicinin məntəqədən geri qaytarılmasını müşahidə etdik. Bu halla dərhal maraqlandıq və məlum oldu ki, o, məntəqənin ünvanını səhv salıb. Seçkilərdə olan azadlığı və şəffaflığı qiymətləndirir, sizi təbrik edirəm”. Müşahidə missiyasının üzvü Mariya Ridcoti: "1300-ə qədər xarici müşahidəçinin iştirak etdiyi seçkilərin azad və şəffaf keçirilməsi üçün lazımi tədbirlər görülüb, neqativ halların qarşısının alınması reallaşıb. İtaliya parlamentini təmsil edən nümayəndə kimi deyə bilərəm ki, qadınların seçki prosesində aktivliyi, öz vəzifələrini yerinə yetirməkdə heç də kişilərdən geri qalmaması məni sevindirdi. Azərbaycan Parlamentində qadınlar 35%, İtaliya parlamentində isə 32,5% təşkil edir. Azərbaycanın bu sahədə İtaliyadan öndə olması belə demokratiya istiqamətində atılmış növbəti addımdır”. Avropa Parlamentinin Estoniyadan olan deputatı Kristina Oyuland: "Avropa Parlamentinin üzvi kimi mən də bu strukturun hesabatında seçkilərin demokratik şəraitdə keçirilməsinə dair fikrə qoşuluram". Onun sözlərinə görə, heç bir ölkə mükəmməl ola bilməz, lakin əminliklə demək olar ki, on il ərzində Azərbaycan dinamik şəkildə inkişaf edib. Oyuland bildirib ki, seçkilər zamanı hamının internetdən azad şəkildə istifadə etməsi əhəmiyyətli dərəcədə vacibdir. Müşahidəçi hesab edir ki, Azərbaycan müxalifətinin nümayəndələri sosial şəbəkələrdən aktiv şəkildə istifadə etməyiblər. Oyuland vurğulayıb ki, bu seçkilər son illər Qərb ölkələri ilə strateji əməkdaşlıq və inkişaf edən münasibətlər quran Azərbaycanın çətin inkişaf prosesinin mərhələlərindən birini təşkil edir.O bildirib: "Seçkilər sakit şəraitdə keçirilib".