Məhərrəm Zülfüqarlı: “ATƏT müşahidə etdiyi məntəqələrdə xırda pozuntuları şişirdərək bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışır”
Ötən gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə ATƏT Parlament Assambleyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.
Qeyd edək ki, Azərbaycanda seçkiləri ATƏT DTİHB-nin 350-dək qısamüddətli və uzunmüddətli müşahidəçiləri izləyib. Səsvermə günü onlar 1143 seçki məntəqəsinə baş çəkiblər.
ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen bildirib ki, seçki marafonunda 10 partiyanın iştirakı plüralizm nöqteyi-nəzərindən müsbət məqamdır: "Seçicilərin fəallığı da digər Avropa ölkələrində olduğu kimi yüksək idi. Bu, onu göstərir ki, insanlar nəticədə maraqlıdır”. Vauzen deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası Azərbaycandakı seçkilərin nəticələrini tanıyır: "Başqa cür ola da bilməz. Çünki bu, ölkənin suverenliyinə müdaxilə olardı. Azərbaycanda bir çox "exit-poll” keçirilib və onların hamısı demək olar ki, eyni nəticəni göstərib. Ona görə də müşahidəçilərin bir sıra məntəqələrdə səslərin sayılması zamanı qeydə aldıqları pozuntulara baxmayaraq, nəticələr arasındakı fərq 4 faizdən çox ola bilməz. Bu isə siyasi yox, texniki qeyddir.
ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Doris Barnett isə seçkilər günü müşahidə apardığı 7 məntəqədəki pozitiv atmosferdən və seçicilərin fəallığından danışıb.
ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyasının Tana de Zulueta isə bəyan edib ki, seçki təkcə səsvermə günündən ibarət deyil: "Bizim müşahidə missiyamız 6 həftə ərzində seçkiqabağı vəziyyətin və seçki kampaniyasının gedişinin monitorinqini aparıb. Hesab edirəm ki, seçkidən əvvəl baş verənlər prosesin atmosferinə ciddi təsir göstərir.
Zulueta seçkilər müddətində ifadə, birləşmə və toplaşma azadlıqlarının qismən məhdudlaşdırıldığını, seçki prosesinə müdaxilə hallarının qeydə alındığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, müşahidəçilərin olduğu məntəqələrin 11 faizində səsvermənin gedişi zamanı müəyyən pozuntular müşahidə edilib. O, ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçilərindən neqativ məqamlar eşitdiyini və bunun şəxsən öz təəssüratları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.
Müşahidə missiyasının ilkin rəyində o da bildirilir ki, Mərkəzi Seçki Komissiyası (MSK) seçkilər üçün texniki hazırlıq işlərinin səmərəli şəkildə idarə olunmasını təşkil edib. MSK müşahidəçilər və mətbuat üçün açıq olan müntəzəm iclaslar keçirib, qərarlarını vaxtı-vaxtında dərc edib.
Qeyd edək ki, bu missiyanın ilkin dəyərləndirməsidir. Seçkilər üzrə yekun hesabat isə seçki prosesinin başa çatmasından təxminən səkkiz həftə sonra hazır olacaq. ATƏT PA öz hesabatını Daimi Komitənin oktyabrın 13-də Budva şəhərində keçirilən toplantısında təqdim edəcək.
Əksər siyasilər isə ATƏT-in ilkin rəyi ilə razılaşmır.
ATƏT-in DTİHB-nun ilkin hesabatını dəyərləndirən hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan xalqı prezident seçkilərində öz siyasi iradəsini ifadə edib: "Xalqın öz iradəsini ifadə etməsi üçün hər bir şərait yaradılmışdı. Seçkilər şəffaf və ədalətli keçirildi. İnsanlar istədikləri namizədə səs verdi. Cənab İlham Əliyev seçicilərin səslərinin əksəriyyətini qazandı. Mən bunu tamamilə ədalətli sayıram. Xalq görülən işlərə və gələcək uğurlara səs verdi. ATƏT-in DTİHB-nin rəyinin ədalətli olmaması təəssüf doğurur. Onlar seçki prosesini xalqın iradəsinin ifadə olunmasına görə deyil, görünür, özlərinə məlum olan mülahizələrə əsasən dəyərləndirməyə üstünlük verdilər. Mən ATƏT-in DTİH bürosunun prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri-obyektiv və qərəzli hesab edirəm. Bu hesabat mahiyyətinə görə, Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir”.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı da ATƏT-in ilkin rəyini qərəzli sayır. O "Şərq”ə bildirib ki, seçkilər normal, demokratik şəraitdə baş tutub: "Biz demirik ki, heç bir problem yaşanmayıb, pozuntular olmayıb. Təbii ki, müəyyən məntəqələrdə, müəyyən adamlar tərəfindən bilərəkdən və ya bilməyərəkdən pozuntular edilib. Amma ümumilikdə bu seçki prosesinə kölgə salan hallar deyil. Ona görə də ATƏT-in rəyini qərəzli sayıram. Seçkilərin reallığını özündə əks etdirməyən bir hesabatdır. Bütün beynəlxalq qurumlar, "exit-poll” keçirən təşkilatlar nəticələri ortaya qoydular, fikirlərini bildirdilər. Görünən odur ki, seçkilər yüksək səviyyədə həyata keçirilib. Hesab edirəm ki, ATƏT müşahidə etdiyi məntəqələrdə xırda pozuntuları şişirdərək bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Ona görə də onların rəyini qərəzli sayıram”.