Xarici müşahidəçilər razı qalıb
Seçici fəallığının 70 faizi aşması, yüksək göstəricidir
Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçilik missiyasını həyata keçirən çoxsaylı beynəlxalq təşkilatlar dünən "Hilton” otelində müşahidələrinin nəticələri ilə bağlı mətbuat konfransı keçiriblər. Səhər saatlarından günün sonuna qədər ardıcıl olaraq KİV-lərə açıqlama verən beynəlxalq təşkilatların nümayəndələri dünənki seçkilərin tam demokratik keçdiyini və heç bir qanun puzuntusu ilə rastlaşmadıqlarını bildiriblər.
"Seçki dinc və sabit şəraitdə keçib, missiya heç bir beynəlxalq tələblərin pozuntusu və yayınma hallarını müşahidə etməyib”.
Bunu prezident seçkilərinin qısa monitorinqini həyata keçirən Türk PA Beynəlxalq Müşahidəçilər Missiyasının üzvü Haluk İpək deyib. O əlavə edib ki, bir sıra kiçik texniki çatışmazlıqlar istisna hallar kimi xarakterizə olunsa da, bütövlükdə seçki prosesinə təsir göstərə bilməz. Türk PA Beynəlxalq Missiyası belə nəticəyə gəlib ki, Azərbaycanda keçirilən prezident seçkiləri, ümumilikdə, beynəlxalq seçki standartlarına tam uyğun şəkildə baş tutub. Seçki aktivliyinin 72 faiz təşkil etdiyini qeyd edən H.İpek bunu yüksək göstərici hesab edib. Xüsusilə, seçkilərdə gənc seçicilərin iştirakını müsbət hal adlandırıb. Türk PA Bakının 3 rayonunda - Yasamal, Səbail, Nəsimi rayonlarında müşahidə aparıblar. Baş katib Jandos Asanov qurum müşahidəçilərinə seçkiləri izləmək üçün yaratdıqları şəraitə görə Azərbaycan dövlət strukturlarına təşəkkür edib. O, İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.
"Dünən keçirilən prezident seçkiləri Azərbaycan tarixində texniki baxımdan ən yaxşı təşkil olunmuş seçki idi”.
Bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Müşahidə Missiyasının sədri Halil Akıncı deyib. Müşahidə apardıqları məntəqələrdə hər hansı qanun pozuntusunun qeydə alınmadığını deyən H.Akıncının sözlərinə görə, seçkilərdə ifadə azadlığı tam təmin olunub: "Müşahidə Missiyamız müşahidə apardığı ərazidə seçim prosesinin beynəlxalq standartlara uyğun şəkildə gerçəkləşdirildiyini dəyərləndirib”.
"Azərbaycan Prezidenti İlham Əliyevin yüksək faizlə səs toplaması hazırkı siyasətin xalq tərəfindən dəstəkləndiyini göstərir”.
Bunu seçkilərdə müşahidə aparan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (PABSEC) nümayəndəsi, Rusiya Dövlət Dumasını təmsil edən Saliya Murzabayeva söyləyib. Qeyd edib ki, ümumilikdə seçkilərlə bağlı missiyanın təəssüratları yüksəkdir: "Seçki məntəqələrində ab-hava yaxşı idi. Biz müşahidə apardığımız məntəqələrdə seçicilərin aktivliyini gördük. Hətta səhhəti ilə bağlı problemləri olanlar belə yaxınlarının müşayiəti ilə səsverməyə gəlmişdilər. 70 faizdən çox seçicinin səsverməsi yüksək göstəricidir. Bu o deməkdir ki, ölkədə əksər vətəndaş seçmək, səs vermək hüququndan istifadə etmək arzusundadır”. Müşahidə Missiyasının üzvü səsvermədə gənclərin daha aktiv iştirakını müsbət qiymətləndirib: "Onlar seçkilərə daha düşünülmüş şəkildə yanaşırdılar. Azərbaycanda vətənpərvərlik, vətənə sevgi hissi açıq-aşkar hiss olunurdu”. Çıxış edən Müşahidə Missiyasının rəhbəri, Bolqarıstanı təmsil edən Peter Kanev Azərbaycanda keçirilən seçkilərin indiyədək müşahidə apardıqları ölkələrlə müqayisədə texniki baxımdan ən yaxşı təşkil olunduğunu qeyd edib.
"Seçki məntəqələrində quraşdırılan kameralar şəffaflığın təminatıdır”.
Bu sözləri Asiya və Sakit Okean hövzəsi Beynəlxalq Mərkəz Demokratlar (CAPTİ) təşkilatının üzvü Muhammed Jusif Kalla deyib. O, məntəqələrdə apardığı müşahidə nəticəsində heç bir neqativ halla qarşılaşmadığını dilə gətirib: "Məntəqələrdə, xüsusilə yerli və xarici müşahidəçilərin öz vəzifələrini icra etmələri üçün lazımi şərait yaradılmışdı. Seçkilərdə iştirak etməkdə və ölkə prezidentini seçməkdə vətəndaşlar biz gözlədiyimizdən də çox maraqlı idilər”. Amerika üzrə müşahidəçi Stüart Skorts da missiyanın uğurla başa çatdığını bildirib: "Yeni seçilmiş prezidenti təbrik edirəm. Ona növbəti 5 ildə də siyasi yolunu düzgün qurmağı arzu edirəm”.
"Azərbaycanda Prezident seçkiləri ölkə konstitusiyasına, seçki məcəlləsinə və beynəlxalq qanunvericiliyə uyğun keçirilib”.
Bunu MDB Müşahidə Missiyasının rəhbəri Sergey Lebereç deyib. Onun sözlərinə görə, missiyaya 9 ölkədən daxil olan 70-dən çox müşahidəçi Azərbaycanın demək olar ki, bütün regionlarında, ümumilikdə 1973 məntəqədə müşahidə aparıblar:
"Müşahidələrimiz nəticəsində gördük ki, seçkilər çox yüksək səviyyədə təşkil olunub. Seçki məntəqələri bütün zəruri avadanlıqlarla təchiz olunmuşdu. Hətta, xəstə və əlil seçicilərin səsverməsi üçün lazımi tədbirlər görülmüşdü. Məntəqələrin çoxunda vebkameralar quraşdırılmış, seçicilərin rahat şəkildə səsvermələrini təmin etmək üçün bütün tədbirlər görülmüşdü. Ümumilikdə gəldiyimiz qənaət ondan ibarətdir ki, seçkilər legitim, qanunlar çərçivəsində keçirilib”.
"Azərbaycana dərs keçmək və demokratik inkişafın dərəcəsin ölçməyə yox, demokratiya prosesinin inkişafını izləmək üçün gəlmişik”.
Bu barədə Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Pino Aplaççi AŞPA nümayəndə heyəti ilə birgə razılaşdırılan bəyanatı səsləndirərkən deyib.
O qeyd edib ki, biz azad və ədalətli seçki prosesini müşahidə etdik: "Böyük sayda müşahidəçilərin prosesi izləməsi təqdirəlayiqdir. Seçki prosesi dinc və peşəkar həyata keçirilib. Azərbaycan hökumətinin tutarlı texniki hazırlığını yüksək qiymətlədiririk. Səsvermə günü seçicilərə heç bir təzyiq olmayıb. Əvvəlki seçkilərlə müqayisədə debatların daha açıq şəkildə keçirilməsini də dəyərləndiririk”.
"Biz bu seçkiləri demokratik prosesin məntiqi nəticəsi kimi qiymətləndiririk”.
Bu sözləri Pakistan Müşahidə Missiyasının rəhbəri Müşahid Hussain Sayid deyib. Onun dediyinə görə, rəhbərlik etdiyi Müşahidə Missiyasının üzvləri seçki məntəqələrində seçkilərin çox yüksək səviyyədə təşkil olunmasının, seçici fəallığnın şahidi olublar: "Biz 9 oktyabr seçkilərini izləmək üçün dünən 15 seçki məntəqəsində olmuşuq. Həmçinin, azərbaycanlı millət vəkilləri, o cümlədən, sıravi insanlarla görüşmüşük. Seçkilər çox normal, hamar şəkildə keçirilib və insanlar da sərbəst şəkildə iradələrini ifadə ediblər. Bu seçkilərin qalibi isə Azərbaycan prezidenti İlham Əliyev olub və onu da dost-qardaş Pakistan xalqının adından təbrik edirik”.
"Seçkidə iştirak sərbəst və könüllü olub. Səslərin hesablanması və nəticələrin açıqlanması da sərbəst aparılıb”.
Bunu Avropa Akademiyasının Seçkiləri Müşahidə Missiyasının nümayəndəsi bildirib. Seçkilərin nəticələrini müsbət qiymətləndirən qurum bununla bağlı bəyanat yayıb. Bəyanatda missiyaya Avropa İttifaqının 24 ölkəsi və Kanadanı təmsil edən 135 deputat və siyasi ekspertlər daxil olduğu qeyd olunub. Missiya 125 seçki dairəsindən 45-də olub. Sənəddə bildirilib ki, ölkədə çoxsaylı məcburi köçkünün olmasına baxmayaraq, müşahidəçilər seçicilərin qeydiyyatı ilə bağlı mühüm problemlər müşahidə etməyiblər. Namizədlərə pulsuz və ödənişli efir vaxtının verilməsini və mətbuatda nəşr üçün yer ayrılmasını çox müsbət qiymətləndirən müşahidəçilər seçicilərin yüksək fəallığından məmnun qalıblar. "Azərbaycan, doğrudan da demokratik ölkədir. Xalqın öz arzusu ilə seçdiyi şəxs onları istədikləri gələcəyə çatdıracaq”.
Bu sözləri seçkilərdə müşahidə aparan Latın Amerikası və Karib ölkələri siyasi partiyalarının təşkilatının rəhbəri Qustavo Karbaxal bildirib. O, seçkilərdə aktivliyin müşahidə olunduğunu və aktiv şəkildə insanların səsvermə hüququndan istifadə etmək istədiklərini qeyd edib: "Ən yaddaqalan hadisə isə seçkilərdə qadınların daha aktiv iştirak etmələri idi. Səs verməyə gələn hər kəsdə Azərbaycanın gələcəyinə böyük ümidlər olduğu hiss olunurdu. Onlar öz gələcəklərinə inamla baxırdılar. Biz müşahidəçilər də seçki prosesindən tam razı qaldıq. Seçkilər Avropa standartlarına uyğun keçirildi”. "Dünən Azərbaycanda keçirilən prezident seçkilərində mənə demokratiya dərsi verdilər. Biz dünən əsl demokratiyanın nə olduğunun şahidi olduq”.
Bunu seçkilərdə müşahidə aparan Bolqarıstan Parlamentinin nümayəndə heyətinin rəhbəri Həmid Həmidbəy deyib və qeyd edib ki, dünən seçkidə Azərbaycan xalqı qalib gəldi: "Bu qısa vaxt ərzində Azərbaycan xalqının demokratiya prosesinə keçdiyinə şahid olduq. Biz belə sakit, gözəl təşkil olunmuş seçki görməmişdik”.
"Təsdiq etmək istəyirəm ki, heç bir qeyri-adi hal, normaları pozan insidentlə qarşılaşmadıq”.
Bunu Fransa Senatının üzvü, senatın müşahidə missiyasının rəhbəri Natali Qule bildirib: "Biz seçkilərin tamamilə beynəlxalq normalara uyğun, demokratik, şəffaf keçirildiyini müşahidə etdik”. N.Qule bildirib ki, bu seçkilərin Fransada keçirilən seçkilərdən heç bir fərqi yoxdur: "Təkcə bir fərqi demək istəyirəm ki, bizim ölkədə bu qədər müşahidəçi olmur”.
"Azərbaycanın bizi müşahidəçilər qismində seçkilərə dəvət etməsi ölkənizin demokratiyasından və özünə olan güvənindən xəbər verir”.
Bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) baş katibi, Nepal, Vyetnam və Koreya müşahidəçilər qrupunun rəhbəri Çunq Ey Yonq deyib.
Azərbaycanda seçkilərin sülh şəraitində keçirildiyini bildirən Yonq ölkənin demokratiya istiqamətində inkişaf etdiyini deyib: "Müşahidələrimiz əsasında deyə bilərəm ki, seçki gözlədiyimizdən də sakit və şəffaf keçdi. Seçici fəallığı açıq şəkildə hiss olunurdu. Müşahidələrimiz zamanı bu güvənin nə dərəcədə doğru oduğunun şahidi olduq”.
"Seçkilərdə nə elementar demokratik qaydalarının pozulmasını, nə də hər hansı zorakılıq müşahidə etmişik”.
Bunu Azərbaycanda Prezident Seçkiləri ilə əlaqədar müşahidəçilik edən 36 üzvdən ibarət olan Almaniyanın Seçkiləri Müşahidə qrupunun rəhbəri Eduard Lintner söyləyib. Qeyd edək ki, bu heyətə Avropa Parlamentinin deputatları, Alman Bundestaqının, Bavariya Parlamentinin üzvləri və sabiq parlamentarilər, Alman Federal Hökumətinin və Bavariya Əyaləti hökumətinin sabiq parlament üzvləri, eləcə də alman mətbuatının və işçi təşkilatlarının üzvləri, hüquqşünaslar daxildir. Qrupun digər bütün üzvləri də prezident seçkilərinin azad, sərbəst və demokratik qaydalara uyğun keçdiyini qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan bu seçkilərlə beynəlxalq demokratik standartlara doğru növbəti addım atıb.
"Seçki günü internetə pulsuz girişin təmin olunması təqdirəlayiq idi”
Bunu Avropa Parlamentinin Estoniyadan olan üzvü xanım Kristina Oyuland deyib.
O bildirib ki, Azərbaycanda keçirilən seçkilər şəffaf, ədalətli və demokratik şəraitdə keçib: "Biz seçkiləri burada 3-cü dəfə izlədiyimizə görə artıq tam deyə bilərəm ki, seçki demokratik şəraitdə baş tutub. Burada inkişaf çox yaxşı tempdə gedir”.
"Bizi təəccübləndirən seçkidə qadınların sayının çox olması idi”.
Bunu İtaliya senatının nümayəndə heyətinin müşahidə qrupunun rəhbəri Sergio Divino söyləyib. Seçkilərin tam azad şəkildə keçirildiyini bəyan edən S.Divino 8 seçki məntəqəsində olduqlarını bildirib: "Müşahidələr zamanı gördük ki, seçkilərə insanların axını və demokratik ölkə qurmaq istəyənlərin sayı böyükdür. Seçki məntəqələrində yüksək nizam-intizamla qarşılaşdıq. Mən seçkilərdə olan azadlığı və şəffaflığı çox yüksək qiymətləndirirəm”. Missiya qrupunun digər üzvü Mario Rinori də seçkilərin çox şəffaf keçdiyini deyib: "Biz hər bir seçki məntəqəsində demokratiyaya gedən addımların şahidi olduq. Seçki məntəqələrində seçkilərin azad və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüşdü”.
"Səsvermənin gizliliyi və məxfiliyi tam təmin olunmuşdu”.
Bunu Avropa Parlamentinin xarici əlaqələr komitəsinin vitse-prezidenti Fiorello Provera deyib. Seçkilərin dinc şəraitdə keçirildiyini qeyd edən vitse-prezidentin sözlərinə görə, proses şəffaf, azad və demokratik keçib.