Dünən Bakıda "Ədalətli seçkilər uğrunda” Seçki Texnologiyalarının İnkişafına Yardım Beynəlxalq İctimai Təşkilatının (For Fair Election) müşahidə qrupu Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı tədbir keçirib. Toplantıda səsvermə prosesi haqqında rəyini açıqlayan, qrupun rəhbəri Sergey Mirzoyev seçkilərin aydın və şəffaf keçirildiyini bildirib: "Müşahidələrimizdən çıxış edərək qeyd edirəm ki, seçki kampaniyası çox ədalətli və demokratik müstəvidə həyata keçirildi”.
Qrupun üzvü Mişel Hohendahi müşahidə apardıqları məntəqələrdə qanun pozuntusunun aşkarlanmadığını söyləyib: "Bütün nəticələri leqal və legitim sayırıq”.
Anna Curdova da seçkilərin şəffaflığını təsdiqləyib: "Heç Avropa ölkələrində baş tutan seçkilərdə bu cür canlanma müşahidə olunmur. Elektoratlara seçkidə aktivlik nümayiş etdirdiklərinə görə təşəkkür edirəm. Məntəqələrin seçicilərin evlərinə yaxın olması da çox müsbət hal idi”.
Vladimir Driml də seçki günü ölkədə canlanmanın hiss olunduğunu vurğulayıb: "Seçkilər çox demokratik, şəffaf, ədalətli şəkildə keçirildi. Azərbaycan prezidentini təbrik edirəm”.
Prezident seçkilərini müşahidə edən Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu kampaniyanın texniki baxımdan lazımi səviyyədə təşkil edildiyini qeyd edib.
Qrupun üzvü, estoniyalı siyasətçi Nikolay Meinert seçkilərin demokratik şəkildə keçirildiyini deyib: "Azərbaycana qısamüddətli missiya üçün gəlmişdik. Yalnız seçki gününü müşahidə etdik. Müşahidələrimiz göstərir ki, nəticələr seçicilərin iradəsini əks etdirir. Əlbəttə, texniki səhvlərə "fikir verdik”. Amma Texniki problemlər nəticəyə təsir göstərmir”.
Bir çox seçki məntəqələrində olduğunu deyən Avstriya Parlamentinin deputatı Qerhard Huber seçkilərin texniki baxımdan lazımi səviyyədə təşkil edildiyini düşünür: "Hər hansı neqativ hala və ya qanun pozuntusuna yol verildiyini müşahidə etmədim. Seçkilər azad və şəffaf şəkildə keçirildi”.
Həmkarlarının fikri ilə razılaşdığını deyən qrupun üzvü Nikolas Qriffin müşahidələrinin müsbət nəticə doğurduğunu qeyd edib. O, müxalifətin bəzi nümayəndələrinin ona şikayət etdiyini deyib: "Onların şikayəti ziddiyyət təşkil edirdi. Gün ərzində çalışdım ki, müxalifət üzvlərinin dedikləri şikayətlə bağlı hər hansı bir sübut tapım. Amma tapa bilmədim”. N.Qriffin əlavə edib ki, seçkilər zamanı hansısa pozuntulara və ya təzyiqlərə rast gəlməyib: "Seçkilər azad və demokratik şəkildə reallaşdı”.
Bakıdan kənarda da seçki məntəqələrində olduğunu deyən Litva Parlamentinin deputatı Linas Balsys hesab edir ki, vəziyyət heç də paytaxtdakından fərqli deyildi: "Seçki ardıcıllığı və qanunlara əməl olunması yüksək səviyyədə təşkil olunmuşdu. Yerli müşahidəçilərin çox olması da məni sevindirdi. Onlar çox fəal idilər. Bizimlə əməkdaşlıq edirdilər. Yüksək seçki fəallığını müşahidə etdik ki, bu da ən mühüm göstəricidir”.
ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzinin müşahidə qrupu seçkinin ədalətli və demokratik şəkildə keçirildiyini bildirib.
Qrupun üzvü, ABŞ-dan olan hüquqşünas Tia Mkittrik qrupun üzvlərinin Bakıda və Bakıdan kənarda bir çox seçki məntəqələrində müşahidə apardıqlarını deyib.
Müstəqil Siyasi Monitorinq Mərkəzinin rəhbəri Lida Lavsin seçki məntəqələrində texniki işlər və səsvermənin təşkilinin beynəlxalq standartlara cavab verdiyini qeyd edib: "Mütəxəssislərimiz heç bir seçki məntəqəsində Seçki Məcəlləsinə zidd hallarla rastlaşmayıblar. Yerli və beynəlxalq müşahidəçilər seçkiləri sərbəst şəkildə izləyə bilirdilər. Bütün iştirakçılar prosesin yüksək səviyyədə təşkil olduğunu bildirib. Məntəqə seçki komissiyalarının üzvləri seçki qanunvericiliyi ilə tam tanış idilər və istənilən sualı izah edə bilirdilər. Mütəxəssislərimiz hər hansı qanun pozuntusu ilə rastlaşmayıblar”.
Polşa Seyminin deputatı Andrej Romanekinin sözlərinə görə, səsvermə tamamilə qanunauyğun şəkildə keçirilib və insanların seçim hüquqları tam təmin olunub: "Hansısa qanun pozuntusuna rast gəlmədik. Seçki prosesi yüksək səviyyədə təşkil olunmuşdu. Səsvermə prosesi şəffaf keçirilirdi. Müşahidə missiyamızın yekun rəyi ondan ibarətdir ki, seçkilər şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirildi. Seçkilər Azərbaycan vətəndaşlarının iradəsini ifadə etdi və seçicilər öz seçimlərini etdilər”.
Hindistan müşahidə qrupu məntəqələrdə hüquq pozuntularının qeydə alınmadığını və seçkiyə hazırlığın yüksək səviyyədə olduğunu vurğulayıb.
Qrup rəhbəri, Hindistan parlamentinin üzvü Süvesh Küsevani bildirib ki, müşahidə qrupu 6-7 oktyabrda seçkiləri müşahidə etmək üçün Bakıya gəlib. Onun sözlərinə görə, qrupa 15 nəfər daxildir: "Müşahidə qrupu seçki günü bir neçə məntəqələrdə olub və prosesi yaxından izləyib. Seçki məntəqələrində çoxsaylı müşahidəçilər səsvermə prosesini izləyirdilər. Müşahidə prosesinə heç bir maneə yox idi. Müşahidəçilər seçicilərlə söhbət ediblər. Heç bir şikayət bildirilməyib. Seçki məntəqələrində hazırlıqlar lazımi səviyyədə idi. Seçicilərin növbəsi qaydasında idi. Hindistan müşahidə qrupu hesab edir ki, seçkilər şəffaf, azad və ədalətli keçirilib”.