250 ailə çarəsiz vəziyyətə düşüb

MTK vətəndaşlardan topladığı pulları mənimsəyib, üstəlik, bir mənzil bir neçə nəfərə təkrar satılıb
Əliməmməd Nuriyev: “Vətəndaş müqavilələrin, sənədlərin təsdiqini notarial qaydada tələb etsə və bu sahədə qanunvericiliyə əməl edilsə, mənzil fırıldaqçılarından yaxa qurtara bilərik”


Mənzil tikinti kooperativlərindən daha birinin qanunsuz əməlləri üzə çıxıb. Bakının Yasamal rayonunda bina inşa etmiş "Yasamal MTK”nın vətəndaşları aldatdığı məlum olub. Binada mənzilə sahib olacaqları ümidi ilə MTK-ya pul yatıran və 9 ildir yeni mənzil həsrəti çəkən vətəndaşlar, nəhayət aldadıqlarını anlayıblar.

Məlum olub ki, MTK vətəndaşlardan topladığı pulları mənimsəyib, üstəlik, bir mənzil bir neçə nəfərə təkrar satılıb. İndi isə vətəndaşlar nə pullarını geri ala bilir, nə də mənzillə təmin olunurlar. 250 ailə faktiki, çarəsiz vəziyyətdə qalıb. Narazı sakinlər etiraz aksiyası keçirib, lakin bunun bir nəticə verib-verməyəcəyi də məlum deyil.

Xatırladaq ki, bir müddət əvvəl Prezident Administrasiyası fırıldaq, aldatma yolu ilə özgənin əmlakını mənimsəmiş MTK-ların uzun bir siyahısını ictimaiyyətə təqdim etmişdi. Siyahıdan da görünürdü ki, MTK-ların fırıldaqları səbəbindən insanlar müflisləşir. Mənzil həsrətində olanlar illərlə topladıqları pulları hansısa mənzil-tikinti kooperativinin inşa etdiyi binaya yatırır, amma sonunda yenə də evsiz-eşiksiz və bu azmış kimi, banklara da kredit borcu ilə yüklənmiş vəziyyətdə qalırlar.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında qanunvericiliyə edilən dəyşikliklərin vətəndaşların mənafeyinə uyğun olduğunu, lakin məlumatsızlıq ucbatından insanların bu müsbət amillərdən yararlanmadığını dedi:

- Qanunvericiliyə əsasən tikinti ilə məşğul olan hər bir MTK və ya MMC yaşayış binası tikirsə, tikintini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata aldırmalıdır. DƏDRX də özündə olan məlumat bazasını notariat kontorları ilə bölüşür. Vətəndaş da MTK ilə bağladığı müqaviləni notariat kontorunda təsdiqləməyə gəldikdə bu məlumatlar onunla da paylaşılır və həmin sənədlər ona da təqdim olunur. Əgər həmin məlumatlarda mənzilin kiməsə artıq satıldığı qeydə alınıbsa, əlbəttə, vətəndaş bu barədə bilgi əldə edəcək və özünü sığortalamış olacaq. Belədə bir mənzilin bir neçə nəfərə satılmasının qarşısı da alınacaq. Amma çox təəssüf ki, MTK-lar, həmçinin MMC-lər də çox zaman dövlət qeydiyyatına düşmürlər. Burada da məqsəd daha çox gəlir əldə etmək və vergidən yayınmaqdır. Təəssüf ki, MTK-ları Dövlət Reyestr Xidmətində qeydiyyata düşməyə məcbur edən bir qanun da yoxdur. Onların qeydiyyata düşüb-düşmədiyinə nəzarət mexanizmi işlənməyib, bu işi həyata keçirmək hansısa bir rəsmi quruma həvalə də edilməyib, vəzifə olaraq tapşırılmayıb. Hesab edirəm ki, bu cür qanunsuz əməllərin qarşısının alınması üçün qanunvericilikdə bununla bağlı müvafiq dəyişikliklərə ehtiyac var, eyni zamanda nəzarət-kontrol sistemi də sərtləşdirilməlidir.

Ə.Nuriyev qeyd etdi ki, vətəndaşların ayıq-sayıqlığından, hüququ bilmələrindən də çox şey asılıdır:

- Bilirsiz ki, Respublika Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tikinti şirkətləri ilə bağlı çoxsaylı cinayət işləri qaldırıb. Sizə deyim ki, vətəndaşlara dəymiş ziyanın ödənməsinə 80 faiz nail olunub. Doğrudur, dəymiş ziyanın ödənməməsi halları da var. Amma burada bəzən vətəndaşlar da günahkardır. MTK-larla vətəndaş arasında müqavilə imzalanır. Həmin müqavilədə tikintinin müddəti göstərilməlidir. Amma bəzən vətəndaşlar müqaviləni imzalayarkən onun şərtlərinə baxmır, diqqətli yanaşmır, soruşmur ki, burada niyə müddət haqqında heç nə yazılmayıb? Bundan əlavə, vətəndaşlar alqı-satqı məsələlərini notariat kontoru vasitəsilə sənədləşdirmirlər, təsdiqlətmirlər. Bəzən ona görə ki, rəsmi şəkildə təsdiqləndikdə, rüsum ödəməli olacaq. Rüsumu ödəməmək xatirinə özləri qanunsuzluğa rəvac verirlər, bəzən də nəticə çox pis olur. Vətəndaş MTK-dan mənzil aldığını hüquqi sənədlərlə sübuta yetirə bilmir. Problem həm də bundadır ki, korrupsiya idarəsi daxil olan şikayətlər əsasında araşdırmalara başlayır. Vətəndaş mənzilin tikintisi üçün pul ödəyir, bəzən binanın tikintisi bir neçə il uzanır, vətəndaş gözləyir, bir də məlum olur ki, şirkət sahibi pulları götürüb qaçıb. Bundan sonra əlaqədar qurumlara müraciətlər başlayır. Amma həmin şəxsin yaxalanması da vaxt aparır, bəzən yaxalandıqda dəymiş ziyanı ödəmək iqtidarında olmadığı üzə çıxır, bunun üçün müəyyən vaxt qoyulur və s. Vətəndaş da, şirkət sahibi də bütün işlərin hüquqi sənədlərlə aparılmasında maraqlı olmalıdır, çünki bu, onun gələcəyinin təminatıdır. Şirkət rəhbərinin inşa etdiyi obyekti Dövlət Reyestri Xidmətində qeydiyyata aldırması ona daşınmaz əmlak üzərində təminat hüququ verir. Həmçinin, vətəndaş da almaq istədiyi və ya tikintisinin başa çatmasını gözlədiyi mənzili əvvəlcədən notariat qaydada rəsmiləşdirməklə, sabah baş verə biləcək hər hansı hadisədən özünü sığortalamış olur. Vətəndaş müqavilələrin, sənədlərin təsdiqini notarial qaydada tələb etsə və bu sahədə qanunvericiliyə əməl edilsə, mənzil fırıldaqçılarından yaxa qurtara bilərik. Bu qədər mənzil fırıldaqlarının üstü açılır, amma bizim əhali yenə də səhlənkarlıq edir. Vətəndaşlar gərək ehtiyatlı olsunlar. Çalışsınlar ki, hüquqi sənədlərə əsaslanmış ödəmələr etsinlər. Rəsmi sənədlərə əsasən iş görsünlər.

Ə.Nuriyev bildirdi ki, bəzi hallarda MTK-ları gizli himayə edənlərin olması da onların fəaliyyətinin yoxlanmasına mane olur:

- Elə MTK-lar, MMC-lər var ki, vəzifəli şəxslər tərəfindən himayə edilirlər və o obyektlər də nəzarətdən kənar qalır. Hətta vergi müfəttişlərinin, əlaqədar qurumların həmin obyektlərə girişi mümkün olmur. Nəticədə, bəzən vətəndaşlar ziyan çəkir, pullarını itirir, mənzilə sahib ola bilmirlər. Bu sahədə nəzarət sistemi hələ istənilən səviyyədə deyil. Və ciddi islahatlara ehtiyac var.

Məlahət Rzayeva