250 manat toplandı, sağaldı

Bakıda avtomobil vuran it əməliyyat olundu
Paytaxtda adət etmədiyimiz və təəccüb doğuracaq bir hadisə baş verib. "Gənclik” metrostansiyası yaxınlığında avtomobil vurmuş it heyvansevərlərin köməyi ilə əməliyyat olunub və hazırda vəziyyəti qənaətbəxşdir.
İti əməliyyat edən veterinar Cavid Dilbazi "Şərq”ə bildirib ki, it onun yanına gətiriləndə, hər iki omba sümüyü sınıq vəziyyətdə idi: "İki-üç gün itin orqanizminin immunitet sisteminin möhkəmlənməsini gözlədik. Çünki adətən belə heyvanlarda immunitet mərhələsi keçdikdən sonra əməliyyat olunur. İtin omba nahiyəsinə mil yerləşdirilib. İti saxlayan adamla bu gün danışdım, vəziyyəti yaxşıdır. Üç həftə sonra mil çıxarıldıqdan sonra heyvan hərəkət edə bilər. Çünki yaş dövrü ilə əlaqədar sümüklərin bərpa prosesi tez gedir”.
Qeyd edək ki, "Facebook” istifadəçisi Leyla Ağazadənin bizə verdiyi məlumata görə, yaralı iti Məryəm adlı bir xanım taparaq veterinarın yanına gətirib. Veterinar heyvanı müayinə etdikdən sonra itin əməliyyata ehtiyac olduğunu bildirib. Bunun üçün 250 manat lazım olub. Bundan sonra itin əməliyyatı üçün tələb olunan məbləği toplamaq məqsədilə sosial şəbəkələrdə kampaniyaya start verilir. Beləliklə, heyvansevərlərin köməyi ilə tələb olunan məbləğ toplanaraq it əməliyyat olunub. Daha sonra L.Ağazadə öz "facebook” səhifəsində itin əməliyyatdan sonrakı fotoşəklini yayaraq yardım edən hər bir şəxsə öz təşəkkürünü bildirib.
Vüqar