İşimiz baxıb uğunmaqdır, nəticə çıxarmırıq, çıxarammırıqÖzünə ikinci dəfə toy edən yenə eyni adamlara dəvətnamələr paylayır, maariflənə bilmədik
Bayramlarda, xüsusən də yeni il ərəfəsi və təzə ilin ilk günləri efirdə adətən "arxiv materialları” - ötən əsrdə çəkilmiş xoş ovqatlı filmlər, teletamaşalar nümayiş olunur. Xalq yazıçısı Anarın ssenarisi əsasında, hələ də baxımlılığını itirməyən "Evləri köndələn yar” teletamaşası da bu qəbildəndir. 2017-də "Evləri köndələn yar”ı ekranda görəndə, ağlıma həm də bu gəldi ki, "Bəyin oğurlanması” bu teletamaşaya, poetik dildə desək, nəzirə olmasın?! Çünki hər iki əsərdə oxşarlıqlar var. Hər ikisində toy adət-ənənələrimizin yaxşısından-pisindən danışılır. Hər iki əsərdə də yumşaq, lirik, həm də kəskin istehza var.
Rəhmətlik Əliağa Ağayevin canlandırdığı "dayı” obrazının yana-yana "adə, mən bəgəm bilirəm, bunlar kimdi. Mən də sənin kimi, bu adamları tanımıram...” deməsi. Şadlıq sarayı doludu qonaqla, tamada kimlərəsə "spesialnı” tost deməyə can atır; yerini şirin salmaq, növbəti toya tamadalıq dəvəti almaq üçün. Aləm qarışıb biri-birinə. Bəyin də, gəlinin də adlarını səhv salır. Siyahılar da səhv düşür. Vur-çatlasın, çal-oynasın, yazıq dayının ürəyi rəsmən çökür... "Bəyin oğurlanmasında” da təxminən eyni ssenaridir. Toy adət-ənənələrindən film çəkmək istəyən çəkiliş qrupunun başına gələnlər, zorla oynamağa məcbur edilənlər, "necə oynayaq, çalğıçılar burda oturub, səs o tərəfdən gəlir” deyən kişi... Bir də var, köhnə filmlərimizdəki toy səhnələri. Məsələn, "Böyük dayaq”da Qaraşın toy səhnəsi. Ortada sona kimi süzən Maya... Şirzadın saz çalması, kənd arvadlarının iri qazanlarda yemək bişirməsi... İnsanda necə də xoş ovqat yaradır.
Və birdən-birə səhnə dəyişir...
At kimi şıllaq atan qadınlarXatırlayıram ki, mərhum Xalq şairi Bəxtiyar Vahabzadə "Şərq”ə verdiyi müsahibədə "qadın xeylağı incə rəqs etməlidir.
Qadının, qız-gəlinin qolu çiynindən yuxarı qalxmaz. Kim görüb, Əminə Dilbazi rəqs edəndə qollarını çiynindən yuxarı qaldırsın?! Əminə xanımın "Tərəkəmə”si, "Naz eləmə” rəqsinə bir baxın. Necə incə, kövrək, həzin rəqs edir. Rəqs hətta yüyrək tempdə olsa da, Əminə xanım yenə də əsl Azərbaycan qadınına məxsus incəliklə rəqs edir. İndiki toylara gedəndə adam utanır. Qadınlar at kimi oynayırlar. Bizim xalqın musiqisi sazdı, muğamdı. Hər ikisində də baş tərpənir, ayaqlar deyil. Çünki düşündürən musiqidirlər”.
Həqiqətən də, hazırda toylarda əksəriyyət oynaq, şux mahnılar sifariş edir. Ahəstə musiqi çalınanda, kənarda dayanıb ağız büzürlər ki, "e, bu nədi çalırlar”. Musiqi dəyişib sürətliyə keçən kimi atlanıb düşürlər ortalığa. Oyna ki, oynayasan... Rəqs də bir rəqs ola barı. "Ləzginka”nı da, "Ay qız keçmə bizim məhlədən” tempində oynayırlar. Arvad-kişiyə qarışır, böyük-kiçiyə. Bu, toyların görünən, zahiri tərəfidir. Əsas bəla toyun maddi tərəfidir. Qiymət oxuyan şadlıq sarayları, toy sahibinin bankrot olması, gəlinə, bəyə kreditlə alınan qızıllar, yığılan pulun toy xərcini ödəməməsi. Üstəlik, toya dəvət olunanların az qala, yas mərasiminə gedər kimi halı - "bu toylar da qoymur ki, nəfəs alaq”, yəni, cibimizdə pul qalmadı. "İşdə məhəbbət macərası” filmindəki Novoseltsevin məşhur frazası: "əgər daha bir anadan olan, ya da ölən olsa, naharsız qalacağam”.
Nədir xalqımızdakı bu toy çılğınlığı? Oynayıb, atlanıb-düşməyə bu qədərmi hərisik?! Bəlkə də toy edənin bir əsas qayəsi var: indiyədək xərclədiklərini geri qaytarmaq. "Filan qədər toya getmişəm,
gəlsinlər, pulumu qaytarsınlar”. Bir lətifə var: "Yas mərasiminə gəlməyən birinin evinin qapısı döyülür, açanda görür bir uşaqdı, əlində bozbaş kasası: "Bunu sizə göndərdilər, dedilər, gəlmir-gəlməsin, bozbaşı yesin, pulumuzu versin”. Hər zarafatda, həqiqət payı var deyirlər, doğrudur.
Toy siyahılarıMütləq hər evdə toy və yas siyahıları var. Kimin toyuna getmişik, bizim toya kimlər gəlib, hara yasa getmişik, bizdəki yasa kimlər gəlib, nə qədər yazdırıb, filan... Toya çağırılan da, yasa gedən də mütləq qaydada bu siyahı üzrə hərəkət edir. Amma son illər toy və yas tarifləri dəyişdiyindən insanlar ciddi mənada çətin duruma düşüb. Məsələn, 10 il əvvəl toya gedəndə 20 manat, yasa da 5 manat salırdılarsa, indi 20 manat heç nədir. Heç kim də 20 manat toya pul salmağı özünə sığışdıra bilmir. Aşağısı - "ölüsü” 50 manatdır. O da əgər tək getmisənsə. Yas mərasimlərində də yaxşı halda 20, pis halda 10 manat yazdırmalısan.
Ölmək də çətindi, evlənmək də. Müqayisəyə dursaq, ikisi də biri-birinə tay gələr. Yenə toy belədir ki, danışıb-gülürsən, oynayırsan. Yas mərasimləri isə lap ağırdır - həm insan itkisi, həm də pul itkisi yaşayırsan. Necə ağlamayasan?!
Deputat Araz Əlizadə bu günlərdə çoxumuzu narahat edən məsələyə toxunub. Deyib ki, adamlar var, pul yığmaq üçün övladına 3 dəfə sünnət toyu edir. Bəlkə, bir az şişirdilmiş görünə bilər. Övladlarına 3 dəfə sünnət toyu etməsələr də, bir ailədə 2, ya 3 oğlan uşağı varsa, hərəsi üçün 1 ildən 1 intervalla sünnət toyu etmək, elə 3 dəfə toy edilməsidir. Hələ özü üçün iki dəfə toy edənlər də var. Biri ilə evlənib, bir-iki ildən sonra boşanan birisi, sonra yenidən evlənir və yenə də camaata dəvətnamə paylayır ki, bəs, toyumdu. Nəinki kişilər, hətta xanımlar da iki dəfə toy etməyi dəb halına salıb. Yaşlılar demiş, qabaqlar ədəb-ərkan, utanmaq-qızarmaq vardı. İkinci dəfə evlənənlər bunu səssiz-küysüz, dar çərçivədə, ailəarası edərdilər. Bir dəfə gəlinlik geyinmiş qızın, ikinci dəfə gəlin libası geyinməsi ayıb sayılardı. "Maşallah” olsun, indikilər daha heç nəyi ayıb saymır.
Qeyd edək ki, A.Əlizadə "toy bəlasına” mərasimlərlə bağlı qanun layihəsinin hazırlanması barədə danışarkən toxunub. Deputat bildirib ki, toy və ya yas mərasimlərini qanunla, inzibati yolla sahmana salmaq qeyri-mümkündür. Burada yalnız maarifləndirmə işlərinin aparılması məqsədəuyğundur.
Maarifləndirmə işləri barədə, artıq danışdıq. Sovet dövründən bu yana əndazəni aşan toy məclisləri barədə nə qədər film çəkilib, pyes səhnələşdirilib. Heç cür maariflənmirik də!.. İşimiz baxıb uğunmaqdı. Nəticə çıxarmırıq, çıxarammırıq.
"Toy sahibi yükün altında əzilir”
Məsələyə münasibət bildirən sabiq millət vəkili, əslən Qarabağ bölgəsindən olan Həvva Məmmədova toy şənliklərinin adət-ənənələrimizə zədd şəkil aldığını təəssüflə qeyd etdi:
- Qarabağ bölgəsinin camaatı yaxşı bilir ki, bizim bölgədə necə toy məclisləri keçirilərdi. Böyüyün, kiçiyin yeri bilinərdi. Hörmətli, sevilən xanəndələr toya dəvət edilərdi, ev sahibi qonaqların rahatlığı üçün əlindən gələni əsirgəməzdi. Milli xörəklər bişirilərdi, bir çadırda qonaqlara yemək təqdim edilərdi, digər çadırda isə xanəndələr, aşıqlar əyləşərdi, gözəl ifaları ilə toyu rövnəqləndirərdilər. Qızlar, gəlinlər incə rəqs edərdi, kişilər də kişisayağı. Təəssüf ki, son zamanlar adət-ənənələrimiz unuduldu, toylarda yeni qayda-qanunlar tətbiq edilməyə başlandı. Guya ki, müasirləşirik, avropalaşırıq. Bu gün bizim toy məclislərində yaşananların nə müasirliklə bir bağlantısı var, nə də Avropayla. Sadəcə, öz gözəl adət-ənənələrimiz itir. Hələ mən israfçılıqdan, toy sahibinin çiynini necə ağır yükün altına verdiyindən danışmıram. Toylarda atılıb-düşən qadınlar, qızlar, yarıçılpaq səhnəyə çıxan müğənnilər insanda ikrah hissi oyadır. Hər işin bir ölçüsü, əndazəsi var. Bizim toylarda artıq bütün ölçülər itib, əndazələr aşılıb. Hansısa toyda Azərbaycanın dövlət himninin səslənməsinə mən çox şad oluram. Çünki ailənin təməli möhkəm qoyulmalıdır. Amma bəzən görürsən ki, lazımsız improvizələr edilir, kiçik yaşlı uşaqlar rəqqasəlik edir, oğlanlar plov daşıyır,
balaca qızlar gəlinin paltarının ətəyini tutur. Bunlar nəyə lazımdı?! Belə hərəkətlər toylarımıza yaraşmır, yersiz alınır və əks-effekt verir.
H.Məmmədova milli adət-ənənələrimizin qorunması zərurətini xüsusi vurğuladı:
- Dünya ölkələri Azərbaycanın milli adət-ənənələrinə, ailə möhkəmliyinə həsəd aparır. Qonşu dövlətlər bizim milli adət-ənənələrimizə sahiblənməyə cəhd etdikləri bir halda, biz kökümüzdən uzaqlaşmağa çalışırıq. Nə üçün biz gözəl adət-ənənələrimizdən imtina etməliyik?! Toylarda müxtəlif təbəqələrin insanları iştirak edir. Baxırsan ki, çoxu narazıdır, amma biri ağzını açıb bir söz demir, irad bildirmir. Belə fikir yaranır ki, demək, belə toy məclisləri bəyənilir. Əslində isə heç kim bəyənmir və əksəriyyət də narazı qalır. Hesab edirəm ki, adət-ənənələrimiz, xüsusən də toy, yas mərasimləri ilə bağlı geniş ictimai müzakirələr aparılmalıdır. Şadlıq evlərinə də təlimatlar verilməli, qayda-qanuna riayət etmələri tələb olunmalıdır. Şadlıq evlərinin rəhbərliyi adət-ənənələrimizin pozulmasına icazə verməməlidirlər. Amma görünür, şadlıq evləri yalnız gəlirlərini düşünür, hətta toy sahibi nəyəsə etiraz edəndə də öz daxili qaydalarına riayət olunmasında israr edirlər.
H.Məmmədova iştirak etdiyi toy məclislərində istirahət etmək əvəzinə, yorulduğunu dedi:
- İnsan toya gedir ki, yaxın qohumları ilə, dostları ilə, həmkarları ilə ünsiyyət qursun, istirahət etsin. Ancaq indiki toylarda bu əsla mümkün deyil. Bayağı mahnılar, səviyyəsiz müğənnilər, səs-küy... Məni ən çox narahat edən səsdi. Bir adamla danışa bilmirsən, ağız deyəni qulaq eşitmir. Kondisionerlər insanları xəstə salır. Toyda bircə onu fikirləşirsən ki, nə vaxt buranı tərk edib gedəcəksən. Bizim gələcək nəsillərə ötürməli çox gözəl adət-ənənələrimiz var, onlardan biri də Azərbaycanın milli toy şənlikləri, evlənmə, nişan mərasimləridir. Biz bu ənənələrimizi qoruyub saxlamalıyıq.
Məlahət Rzayeva