“Region dövlətlərinin münaqişəyə cəlb edilməsi də qaçılmazdır”
“Xüsusən, Türkiyə və İranın proseslərə daha aktiv qoşulması istisna edilmir. Əgər bu, reallaşarsa, ciddi fəsadlar yaşana, savaş yalnız Suriya uğrunda deyil, bütövlükdə bölgə uğrunda gedə bilər”
Dünən Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya münaqişəsinin nizamlanması ilə bağlı görüşün birinci mərhələsi baş tutub. Geniş tərkibli danışıqlarda Rusiya, Türkiyə, İran, BMT və ABŞ-ın nümayəndələri ilə yanaşı, Suriya hökuməti və müxalifəti də iştirak ediblər. Dəməşq hökuməti və silahlı müxaliflər birinci dəfə danışıqlar masasına əyləşiblər.
Görüş Astananın "Rixos” otelində bağlı qapılar arxasında keçirilib. Yanvar ayının 24-də (bu gün) görüşün ikinci mərhələsi keçiriləcək. Danışıqların əsas məqsədi dekabrın sonunda qəbul olunmuş atəşkəs rejiminin bir daha təsdiqlənməsi olacaq. Suriya böhranının nizamlanması üzrə birinci iclasın yekununda Əsəd hökumətinin nümayəndə heyəti müxalifəti ittiham edib. Rəsmi Dəməşqi təmsil edən Bəşər əl-Cəfəri Suriya müxalifətinin özünü təxribatçı kimi apardığını bildirib.
Onun sözlərinə görə, müxaliflər diplomatik qaydalara əməl etmirlər:
"Nümayəndə heyətinin rəhbəri iclasa aidiyyəti olmayan çıxış etməklə bunu təsdiqlədi. O, çıxışında "Cəbhət ən-Nüsra” qruplaşmasının Ayn əl-Ficə və Vadi-Baradadakı hərbi cinayətlərini müdafiə etdi”. Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko isə deyib ki, suriyalı müxalif qruplar Astana danışıqlarında vahid lider və koordinasiya edilmiş strategiya olmadan iştirak ediblər: "Bunlar Rusiya və Türkiyənin aktiv təşəbbüsü ilə dekabrın sonunda atəşkəs rejiminin bərpa olunmasını dəstəkləyən təşkilatlardır. Suriya müxalifət qruplarının lideri hələlik müəyyənləşməyib, hər qrup öz nümayəndələri ilə təmsil olunub. Burada heç bir adamın bütün müxalifət adından danışmaq hüququ yoxdur”.
Astana Sammitinin nəticə verib-verməyəcəyi ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Azər Rəşidoğlu bildirib ki, yaxın müddət ərzində Suriyada sülhə nail olmaq imkansız görünür. Ekspertin fikrincə, kəskin mövqe dəyişiklikləri fonunda problemi sadəcə bir-iki görüşlə həll etmək mümkünsüzdür:
"Yaranmış vəziyyətdən Səudiyyə Ərəbistanı və onun bölgədəki müttəfiqləri mənfəət götürməyə çalışır. Lakin tələsdikləri üçün ciddi səhvlərə yol verirlər. Suriya istər Rusiya, istərsə də ABŞ üçün çox əhəmiyyətli bir ölkədir. Bu baxımdan, Suriya uğrunda ciddi mübarizənin davam edəcəyini ehtimal etmək mümkündür. Region dövlətlərinin münaqişəyə cəlb edilməsi də qaçılmazdır. Xüsusən, Türkiyə və İranın proseslərə daha aktiv qoşulması istisna edilmir. Əgər bu, reallaşarsa, ciddi fəsadlar yaşana, savaş yalnız Suriya uğrunda deyil, bütövlükdə bölgə uğrunda gedə bilər”. Politoloq bildirib ki, ABŞ strateqləri müharibənin külli miqdarda maliyyə vəsaiti tələb etdiyini nəzərə alırlar: "Kiçik dövlətlərin biri-biri ilə savaşı böyük dövlətlər üçün yeni bazarlar açır və böyük ölkələr döyüşən tərəflərə silah satır. Bu isə milyardlarla vəsait deməkdir. Belə olan təqdirdə, Vaşinqtonun Suriya danışıqlarından kənarda durmaq, görüşü iflasa uğratmaq niyyəti anlaşılandır”.
İsmayıl