“İslahatlar başlayandan sonra ona qarşı olan etirazlar səngiyəcək və bir müddət sonra tamamilə bitəcək”
Trampa heç kim mane ola bilməyəcək
ABŞ-ın yeni Prezidenti öz administrasiyasını quracaq
“İslahatlar başlayandan sonra ona qarşı olan etirazlar səngiyəcək və bir müddət sonra tamamilə bitəcək”
“İslahatlar başlayandan sonra ona qarşı olan etirazlar səngiyəcək və bir müddət sonra tamamilə bitəcək”
ABŞ-ın yeni Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra ölkə daxilində və xaricdə kütləvi etiraz aksiyaları başlayıb. Prezidentə etiraz edən qara geyimli nümayişçilər restoranların, bankların, ofislərin və avtomobillərin şüşələrini sındırıblar.
Etirazçıların bir qisminin əllərində Trampın seçkiqabağı istifadə etdiyi "Amerikanı yenidən böyük dövlətə çevirəcəm” şüarına cavab olaraq "İrqçiləri yenidən qorxmağa məcbur edəcəyik” şüarları olub. Polislər nümayişçiləri qovmaq üçün gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə ediblər. İlkin məlumata görə, iğtişaşlarla əlaqədar 50 nəfər saxlanılıb.
Qadınlardan Trampa VETO..
Trampa etiraz edən qadınlar Vaşinqtonda yürüş keçiriblər. ABŞ-ın hər yerindən zərif cinsin minlərlə nümayəndəsi küçələrə axışıblar. İştirakçılar qadınların hüquqları, immiqrantlar, abort məsələsi, irqçiliklə bağlı Trampın mövqeyinə etiraz ediblər. Xatırladaq ki, "Access Hollywood” proqramının yazısı üzə çıxandan sonra qadınların Donald Trampa pis münasibəti pik həddə çatıb. Prezident seçki kampaniyası dövründə qadınlara münasibətinə, o cümlədən "Fox News” telekanalının aparıcısı Meqin Kelli haqqında nalayiq fikirlərinə görə kəskin tənqid edilib. Analoji yürüşlər Vaşinqtondan başqa Amerikanın və dünyanın yüzlərlə şəhərində də keçirilib. Etirazlara dünyaca məşhur xanımlar da qoşulub. Madonna, Rihanna, Emily Ratajkovski, Miley Kruz kimi məşhurlar aksiyaçılara dəstək veriblər. Rihanna sosial şəbəkədəki səhifəsində etiraz aksiyalarından fotolar paylaşaraq "qadın olmaqdan və dünyanın dörd bir yerindən bu etirazlara qoşulan qadınlarla qürur duyuram” deyə yazıb.
Con Kerri öz iti ilə Trampa qarşı yürüşə qatılıb
Donald Trampın andiçmə mərasimində iştirak etməyən ABŞ-ın sabiq dövlət katibi Con Kerri də Vaşinqtonda dövlət başçısına qarşı keçirilən "Qadınlar yürüşü”nə qatılıb. Kerri mitinqə Ben ləqəbli iti ilə gəlib. Tezliklə nümayişçilər onu əhatəyə alıblar. Sabiq dövlət katibi başına toplaşanları salamlayıb və onlarla əl sıxışaraq minnətdarlığını bildirib. Bununla belə, aksiyaçılardan bəziləri Kerrini "hərbi cinayətkar” adlandırıblar.
Madonna Ağ Evi partlatmaqla təhdid edib
Pop-kraliçası Madonna yürüşdə söylədiyi nitq zamanı Trampı tənqid edərək, söyüş söyüb. Madonna Ağ Evi partlatmağı düşündüyünü deyib. Amerikanın məxfi xidmət orqanları müğənninin bəyanatları üzrə araşdırmaya başlayıblar. Onunla bağlı qəti qərarı federal prokurorluq verəcək.
"Bizi bölməyə çalışma,sən xalqdan biri deyilsən”
ABŞ-ın məşhur yazıçı və jurnalisti Qloria Steynem ölkəsinin yeni seçilən prezidentinə müsəlmanlarla bağlı müraciət ünvanlayıb. Steynem Trampa müraciətində "bizi bölməyə çalışma. Əgər müsəlmanları qeydiyyata almağa çalışsan, hamımız müsəlman olaraq qeydiyyatdan keçəcəyik” deyib: "Tramp ictimaiyyətlə birlikdə olduğunu, xalqdan biri olduğunu söyləyir. Mən ictimaiyyətlə tanış oldum və sən onlardan biri deyilsən. Xalq bizik”.
Tramp ABŞ-dakı etirazlara münasibət bildirib
ABŞ Prezidenti Donald Tramp inauqurasiyasına qarşı etirazlara tvitter üzərindən münasibətini bildirib. Tramp ona etiraz edən qruplara sərt ifadələrlə cavab verib: "Etirazları müşahidə edirəm, sadəcə düşünürəm ki, bizdə seçki təzə başa çatıb. Niyə bu adamlar digər namizədə səs verməyiblər? Məşhurlar yalnız vəziyyəti pisləşdirir”. Media quruluşlarına da mesaj verən Donald Tramp, 20 yanvarda reallaşan andiçmə mərasiminin izlənilmə nisbətlərini paylaşıb. 2012-ci ildə baş tutan mərasimlə 20 yanvardakı andiçməni müqayisə edən Tramp, son rəqəmlərin daha yüksək olduğunu söyləyib: "Vay, televiziya reytinqləri açıqlandı. 31 milyon insan mərasimi izlədi, 4 il əvvəlkindən daha yaxşı reytinqdir. Əvvəlkindən 11 milyon artıq insan mərasimi izləyib”.
"Siyasət davam edəcək və Tramp öz administrasiyasını quracaq”
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, Trampa qarşı müşahidə olunan etirazlar solçu qüvvələrin seçkilərdə ağır məğlubiyyətə uğramasının emosional reaksiyasıdır:
"Qarşı tərəfin məğlubiyyəti sadəcə prezident seçkilərində olmadı. Eyni zamanda Konqresdə və Senatda da Trampdan narazı olan qüvvələr qələbə qazana bilmədilər. Etirazlar müvəqqətidir. Yaşanan proseslər heç bir halda Amerikanın dövlət maraqlarına ziyan vurmayacaq və nəyisə dəyişməyəcək. Vaşinqtonun siyasəti olduğu kimi davam edəcək və Tramp öz administrasiyasını quracaq. Əgər Tramp seçki ərəfəsində verdiyi vədləri yerinə yetirərsə, ABŞ-ın dünyada itirilmiş nüfuzunu bərpa etməyə nail olacaq”. Deputatın fikrincə, Trampın ölkədə köklü dəyişikliklər etmək imkanları böyükdür: "Yeni Prezident açıq şəkildə və dəfələrlə bəyan edib ki, ABŞ daxilində ciddi islahatlara ehtiyac var. Trampa görə, həmin zəruri islahatları reallaşdırmaq onun birinci vəzifəsidir. Prezidentin istəklərinə nə dərəcədə nail olacağını zaman göstərəcək. Məncə, Tramp islahatlara başlayandan sonra ona qarşı olan etirazlar səngiyəcək və bir müddət sonra tamamilə bitəcək”. A.Mollazadə Trampın proqramında yer alan islahatlara da toxunub: "Amerikada müvafiq sahələrdə, xüsusən, ölkənin köhnəlmiş infrastrukturlarında dəyişiklik aparmaq və sahibkarların imkanlarını genişləndirmək mühüm, başlıca islahatlardan hesab olunur. Tramp hökuməti bu istiqamətdə işləyəcək. O cümlədən, ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı müvafiq addımlar atılacaq”.
İsmayıl