“Hazırkı qiymətləndirmə sistemi sınaqdan keçirilmiş, hərtərəfli qiymətləndirilmiş sistemdir və müasir zamana hesablanıb”
Böyük summativ qiymətləndirmə valideynləri narahat edir
Təhsil mütəxəssisi isə əksini düşünür
“Hazırkı qiymətləndirmə sistemi sınaqdan keçirilmiş, hərtərəfli qiymətləndirilmiş sistemdir və müasir zamana hesablanıb”
“Hazırkı qiymətləndirmə sistemi sınaqdan keçirilmiş, hərtərəfli qiymətləndirilmiş sistemdir və müasir zamana hesablanıb”
"Qızım 3-cü sinif şagirdidir. 2 ağır dərs sayılan Azərbaycan dili (rus sektoru üçün) və Riyaziyyatdan dünən sinifdə 2 dərs ardıcıl Böyük Summativ Qiymətləndirmə (BSQ) keçirilib - həm də tənəffüssüz! Uşaqlar sonuncu dərsdən göz yaşları içində çıxıblar. Niyə? Çünki verilən testləri
yazıb çatdıra bilməyiblər. Niyə çatdıra bilməyiblər? Çünki uşaqların yaşlara görə diqqət həcmi normaları var...”
Bu məlumat saytların birində yayılmışdı. Diqqətimizi cəlb etdi. Çünki ətrafımızda övladı orta məktəb şagirdi olan valideynlər var və onlar da kiçik və böyük summativ qiymətləndirmədən həzər edirlər. Yəni, mövzu yad deyil. Aktualdır. Gündəlik həyatda rastlaşdığımız, haqqında narazılıqlar eşitdiyimiz bir məsələdir. O səbəbdən də summativ qiymətləndirmə ilə bağlı valideyn Nərgiz Hüseynovanın yazdıqları aktual göründü. Araşdırdıqda məlum oldu ki, N.Hüseynova orta məktəblərdə şagirdlərin göz yaşını selə döndərən "imtahan” haqqında analizlə çıxış edib. Nilfor.az saytında "öncə valideyn, sonra psixoloq-məsləhətçi, Ümumrusiya Professional Psixoterapiya Liqasının həqiqi üzvü Nərgiz Hüseynova” imzalı məqalə yerləşdirilib. Xanım yazır ki, "həm bir valideyn, həm də bir psixoloq kimi uşaqlarımıza təhsil adı altında verilən xəstəliklər barəsində danışmaq istəyirəm”.
Söhbət məktəblərdə aparılan Böyük Summativ Qiymətləndirmədən (BSQ) gedir. Bir gündə 2-3, böyük siniflərdə hətta 4-5 Böyük Summativ Qiymətləndirmənin keçirilməsində məqsəd nədir?
Gözləri giryan...
N.Hüseynova qeyd edir ki, BSQ-yə hazırlıq üçün uşaq yarımillik materialı təkrarlamalıdır:
"İbtidai siniflərdə şagirdlərin ixtiyari diqqətləri hələ yenicə inkişaf etməyə başlayır. Diqqətin imkanları 1-4-cü siniflərdə oxuyan hər uşaqda fərdi olaraq müxtəlifdir. Dərslərini yaxşı çatdıran uşaqlarda diqqət orta, əlaçılarda yaxşı, çatdırmayanlarda isə diqqətin səviyyəsi daha az müşahidə olunur. Ancaq 3-cü sinifdə ixtiyari diqqətin inkişafında artımın müşahidə olunması baş verir ki, bu da tədrisə marağın artması və motivasiya ilə bir inkişaf edir. Kiçik məktəb yaşında diqqətin iradi idarə olunması imkanları hələ ki, məhduddur. Kiçik yaşlı məktəbli ancaq müəllimdən "5” alma və təriflənmək motivasiyası ilə diqqətini toplayıb işləyə bilər.
Öz adımdan danışaraq qeyd etmək istəyirəm ki, mən və bu vaxtacan istər bağça dövründəki müəllimlər, istərsə də məktəbdə dərs keçən müəllimlər tərəfindən qızım haqqında ancaq aktiv, diqqətli və yaddaşlı olduğu üçün daima tərif eşitmişəm. Özüm də uşağın qabiliyyət və bacarığına güvənirəm. Tanıdığıma görə əminəm ki, qızımın oxuduğu sinifdə təhsil alan və dünən ağlayaraq dərsdən çıxan uşaqlar da həmçinin dərrakəli uşaqlardır.
İndi mən bu işdə məsuliyyətli olan Təhsil Nazirliyinin səlahiyyətli şəxslərinə üzümü tutub soruşuram. 3-cü sinif şagirdi, yəni 9 yaşlı uşaq diqqətini neçə dəqiqə toplayıb saxlaya bilər? 90 dəqiqə ardıcıl olaraq (tənəffüssüz) 2 müxtəlif dərsə uşaq necə cavab verə bilər?
Müşahidələrimə əsaslanaraq qeyd etmək istəyirəm ki, 2 summativə bir gündə hazırlaşan uşaqlar həmin gün baş ağrısından, qorxu və həyəcandan şikayət ediblər. Hətta iş o dərəcəyə çatıb ki, bir ana uşağına əsəb sakitləşdirici dərman verməyə də məcbur olub.
Bilirəm ki, bu hal tək mənim övladımın təhsil aldığımız məktəbdə baş vermir, bütün məktəblərdə valideyn və şagirdlər bu cür keçirilən BSQ-lərdən şikayətçidirlər. Yuxarı siniflərdə 4-5 BSQ-ni 1 gündə keçirməkdə Təhsil Nazirliyinin məqsədi nədən ibarətdir?
Ürəyi qan olan cocuq...
Bir gündə belə keçirilən BSQ-lər uşaqlarda özgüvəni aşağı salır, dərsə olan marağı və həvəsi öldürür, "uğursuz və bacarıqsız insan” kompleksi yaradır. Nəticədə 1-ci sinifdə məktəbə həvəslə gələn uşaq, artıq 3-cü sinifdə həm məktəbə, həm dərsə, həm də müəllimə nifrət edir. Əgər 3-cü sinifdə artıq uşaqda məktəbə qarşı nifrət varsa, onda yuxarı siniflərdə oxuyan uşaqların motivasiyası barədə danışmağa heç dəyməz.
Bundan başqa müəllimlərin uşaq psixologiyasından xəbərsiz olmaları, uşaqlarla aqressiv rəftarı, dərsi keyfiyyətli keçməmələri də əlavə olaraq uşaqlarda dərsə olan həvəsi öldürür.
Dərsə girib başıbəlalı BSQ-nin nəticələrinə görə 2 qiymət alanların siyahısını uşaqlara oxuyandan sonra uşaqlarda hansı dərsə həvəsdən söhbət etmək olar? Bir sinfin yarısı necə və niyə 2 qiymət alıb? Uşaqlara "2-çi” ("dvoyeşnik” red.) damğası vurmaq nə deməkdir?
Onu da nəzərinizə çatdırım ki, BSQ məktəbdə təşkil olunmuş xüsusi komissiya tərəfindən keçirilir. Yəni ibtidai siniflərdə uşaqların öyrəşdiyi müəllimə çıxır, başqa müəllimə BSQ-də iştirak edir. Bu da uşaq üçün əlavə bir stressdir. Uşaqların ibtidai sinifdə müəlliməyə və dərsə psixoloji adaptasiyası üçün xüsusi vaxt tələb olunur. Bunu bu sistemi təşkil edən insanlar bilir görəsən? Uşaqlara bu cür göstərilən təzyiq nə əhəmiyyət kəsb edir?
Stressin gətirdiyi xəstəliklər
Bilməyənlər üçün psixoloji cəhətdən uşaqlarda yaşanan bu stresslərin hansı xəstəliklərə yol açdığı barədə məlumat vermək istəyirəm.
Nevrozlar - Sayrışan halların nevrozu - qorxular, fobiyalar, tiklər, kəkələmələr, enurez, enkoprez, nevrasteniya və s. Qeyd edim ki, bu nevrozların müalicəsi uzun müddət tələb edir və müalicədən sonra gələcəkdə stressli situasiya zəminində yenidən təkrarlana bilər.
Ürək-damar xəstəlikləri
Mədə xəstəlikləri - mədə xorası, qastrit və s.
Şəkərli diabet.
Stressin verdiyi xəstəliklər barədə uzun siyahı göstərmək olar. Amma elə təkcə bu siyahı məsələnin nə qədər ciddi olduğundan xəbər verir.
İndi soruşmaq istəyirəm ki, uşaqları bu cür sındırmaqla nə əldə edirik? Belə getsə, belə təhsil sistemi ilə ancaq gələcəkdə təhsilə, elmə marağı olmayan, sındırılmış, savadsız və müxtəlif xəstəliklərlərdən əziyyət çəkən insanları qazanacağıq...”
"Bu, valideynlərin narahatlığıdır”
Təhsil mütəxəssisi Nabatəli Qulamoğlu isə "Şərq”ə açıqlamasında summativ qiymətləndirmənin vacib prosedur olduğunu bildirdi:
- Sovet təhsil sistemindəki qiymətləndirmə artıq tətbiq olunmur. Hazırkı qiymətləndirmə sistemi Qərb dəyərlərinə hesablanıb. Müsbət tərəfləri də çoxdur. Bu qiymətləndirmə sistemi şagirdi daim ayaqda - yəni həmişə hazır vəziyyətdə saxlayır. Summativ qiymətləndirmə sistemi ilə bağlı müxtəlif fikirlər var. Bizim qocaman, təcrübəli təhsil mütəxəssislərimizin hərəsi bir vasitə təklif edir. Şəxsən mən summativ qiymətləndirməni müsbət hesab edirəm. Hazırkı qiymətləndirmə sistemi sınaqdan keçirilmiş, hərtərəfli qiymətləndirilmiş sistemdir və müasir zamana hesablanıb. Bu gün üçün çox vacibdir. Özünüz düşünün, yoxlama nəticəsi bilinmədən müəllim necə tədris planı qura bilər? Məktəblərdə keçirilən kiçik və böyük summativ qiymətləndirmələr valideynlərin narahatlığıdır. Mən bu narahatlığı bölüşmürəm.
Məlahət Rzayeva