"Düşünürəm ki, üç ölkə lideri - Donald Tramp, Vladimir Putin və Rəcəb Tayyip Erdoğan görüş keçirməlidir”.
Bunu Sherg.az-a ABŞ pezidenti Donald Tramp və Rusiya rəhbəri Vladimir Putinin telefon danışığına münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib.
Deputat Rusiya və ABŞ arasındakı münasibətlərin vacibliyinə toxunaraq bildirib ki, prezidentlərin razılaşması dünyada təhlükəsizliyi bərpa edə bilər:
"Barak Obamanın 8 illik prezidentliyi dövrü başa çatdıqda Rusiya Amerika münasibətləri də son səhnəsinə çatdı. Diplomatik dillə ifadə etsək, bütün əlaqələr sıfıra düşdü və açıq-aşkar bütün kontaktlar kanallar üzrə dayandırıldı. Belə olduğu təqdirdə D.Trampın hakimiyyətə gəlməsindən Rusiya siyasi elitasının böyük gözləntiləri yarandı. Təkcə Yaxın Şərq problemləri deyil, ümumən beynəlxalq təhlükəsizliyin çox mühüm punktları bu gün iki dövlət arasındakı münasibətlərdən həlledici dərəcədə asılıdır. Obama administrasiyası Rusiyanı yeni imperiya iddialarında suçlandırırdı. Onun daha geniş xarici məkana çıxmasını həzm etmək istəmirdi. Ancaq rusların da anlayışı bundan ibarətdir ki, biz SSRİ yeni dağılandan sonra, yəni Yeltsin dövründə olan zəif bir dövlətdə idik. Bizim də regional konteksdə ciddi mənafelərimiz var.
Həmçinin qlobal müstəvidə müxtəlif problemlər Moskva ilə məsləhətləşdirilərək qəbul edilməlidir. Hətta hazırkı dövr Rusiya informasiya vasitələrinin daha çox vurğuladığı tezis təkqütblü sistemdən üçqütblü sistemə, yəni Amerika, Çin və Rusiyanın bölüşdürdüyü dünyaya qədəm qoymalıyıq, deyə yanaşmalar var. Hazırda Tramp daxildə böyük ictimai təzyiq altındadır, cəmiyyət ikiyə bölünüb. Meksika ilə ABŞ arasında olan 300 km divar çəkilməsi məsələsi daxili narazılıqlar yaradıb. Həmçinin təhlükəsizlik orqanlarının terrorçulara qarşı cəza hüququnu təkrar bərpa etmək istəyi, bir sıra gizli həbsxanaların təkrar dövriyyəyə qaytarılması məsələləri, Sakit okeanı hövzəsində bir neçə ölkə arasında imzalanmış sazişin ləğvi hazırda gündəmdədir. Bütün daxili problemlərə baxmayaraq, prezident tərəfindən Obama administrasiyasının qəbul etdiyi qərarların bir çoxunun dayandırılması fonunda hər kəsin marağında olan qərarların qəbul olunması gözlənilir”.
Z. Oruc bildirib ki, Trampın xarici siyasətə yönəlik görüşlərindən biri mütləq Putinlə təyin ediləcəkdir:
"Hərçənd bir daha deyirəm ki, anti-Tramp qüvvələr onu daha çox özünü Putin kimi aparmaqda, Moskvanın etdiyi haker hücumları vasitəsilə prezidentliyə namizəd Hillari Klintonu məğlubiyyətə uğratmasında, Amerikanın bu hücumlardan ziyan çəkməsində və digər məsələlərdə hakimiyyəti suçlandırırlar. Bununla bərabər gözlənilən ondan ibarətdir ki, D. Tramp öz qərarlarında qətidir, israrlıdır, davamlıdır. V. Putinlə başlanan telefon danışıqları artıq görüşün başlanğıcı ola bilər. Putin və Tramp arasında bir sıra problemlərin, xüsusilə qardaş Türkiyənin sərhədləri boyunca ərəb qitəsində baş verən böyük müharibələr və kütləvi köçlər, insan qətilləri məsələsinin çözülməsini arzulayıram. Ümid edirəm ki, bu məsələ ətrafında 3-lü görüş keçiriləcək.
Bu hazırkı dünyada təhlükəsizliyi təmin edib, terror probleminin bu qədər yayılmasını durdura bilər. Ona görə də Putin və Tramp arasında münasibətlər iki dövlət arasında əlaqədən əlavə dünyanın problemlərinin həlli üçün vacib məsələdir. Sonuncu cümləni deyim ki, Obama hakimiyyətinin son ayları ərzində dünyada insanların gözləntiləri və vahiməsi ondan ibarət idi ki, 3-cü dünya müharibəsi törədilə bilər və nüvə silahı istifadə oluna bilər. Qeyd etdiyimiz kimi hegemon dövlətlər arasında görüşlərin, kontaktların bağlanması bu təhlükələrin qarşısını ala bilər”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Məlumata görə, telefon danışığı 45 dəqiqə davam edib.
Danışıqların təfərrüatı barədə hələlik məlumat verilmir.
Aysel Aslan