Ali Məhkəmə 3 müxalifətçinin işinə baxır




Sərdar Cəlaloğlu: "Bizə dəyən maddi və mənəvi ziyan ödənilməlidir”

Rauf Arifoğlu: "Tam bəraət gözləyirik”

"Ali Məhkəmənin 28 oktyabr plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin müxalifətçilər Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, sabiq baş nazir Pənah Hüseyn və "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu haqda qərarına da baxılacaq”. Bu barədə "Musavat.com” saytına vəkil Fuad Ağayev bildirib.

Qeyd edək ki, 2003-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkisindən sonra həbs edilmiş adıçəkilən şəxslər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər. 26 iyul 2011-ci ildə Avropa Məhkəməsi həmin şəxslərin məhkum olunmasını qanunsuz sayıb və onların məruz qaldığı ədalətsizliyə görə Azərbaycan dövlətini ümumilikdə 40 min avro cərimələyib. Qərara görə, Azərbaycan dövləti şikayətçilərin hər birinə 10 min avro maddi təzminat ödəməli idi. Müxalifətçilərə təzminat ödənilsə də, qərar özü yerinə yetirilməyib.

F.Ağayevin açıqlamasını dəyərləndirən S.Cəlaloğlu qeyd edib ki, Ali Məhkəmə konstitusiyanın qanunlarını pozur. Çünki Avropa Məhkəməsi bu qərarı 3-4 il öncə verib: "Məhkəmənin çıxaracağı qərarların ədalətli olmasını istəyirik. Düzdür, üzərimizdən məhkumluq statusunu götürüblər. Amma 1 il 6 ay nahaq yerə məhbus həyatı yaşamışıq. Bizə dəyən maddi və mənəvi ziyan ödənilməlidir. Ədalət bərqərar olunmalıdır”.

R.Arifoğlu isə məhkəmədən tam bəraət istədiyini vurğulayıb: "Heç bir günahımız olmadan 1 il 7 ay təcridxanada saxlanmışıq. Buna görə dövlət bizə tam bəraət verməlidir. Tam bəraət gözləyirik. İşə ədalətli baxılmalıdır. AİHM-nin Azərbaycan məhkəməsindən tələb etdiyi yenidən baxış məsələsi həyata keçirilməlidir. İmzalanan konvensiyaya görə, Azərbaycan məhkəmələri Avropa Məhkəməsindən verilən qərarları həyata keçirməyə borcludurlar. Həmin prosesdə də tam bəraət gözləyirəm”.