"Hazırda qorunası tarixi abidə qalmayıb, hamısını tikinti işlərində məhv ediblər”.
Bunu Sherg.az-a "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna edilən dəyişikliyi şərh edərkən Müstəqil Memarlar Assosiasiyasının (MMA) prezidenti Zenfira Budaqova deyib.
Onun sözlərinə görə, məlum dəyişiklik haqlı və yerində olan qərardır:
"Bnunla bağlı 5 ildən çoxdur təkliflər səsləndirilir. Abidələrin məhv edilməsi halları ilə dəfələrlə rastlaşmışam. Təxminən 5 il əvvəl Bakıda "Semaşko” xəstəxanasına yaxın ərazidə olmuşdum. Tikinti aparanlar yerin altından abidələr çıxdığını dedilər. Yeri qazanda görüblər ki, "arka”lar var. Həyətdə kiçik deşik açıblar. Sən demə, oradan ermənilər aşağı düşüb, ayaqqabı tikişi kimi işlərlə məşğul olarmışlar. Oradan ayaqqabıya lazım olan materiallar tapılmışdı. Həmin yeraltı tağları indi, guya ki, "Şahın getdiyi yer” adları ilə restoran kimi istifadə edirlər. Çox yerlərdə olan yeraltı "arka”ları qazıb, bünövrəsini qaldırmaqla hündürmərtəbəli binalar tikiblər. Bunları tikəndə heç kimin sözlərinə qulaq asmadılar.
Mən 10 il əvvəldən İçərişəhərin konstruksiyasına toxunulmaması barədə müraciətlər etdim. İçərişəhərin, Şirvanşahlar sarayının girişində abidələr var idi. İndi onlar yoxdur. Həmin vaxt İçərişəhər rəhbərinə "həmin tarixi abidələr haradadır, niyə götürülüb?” sualını verəndə məlum oldu ki, onları çinlilərə satıblar. Baxın, qədim abidənin detalları xaricilərə niyə satılmalıdır? Bundan əlavə, qala divarlarının üzərində olan 2,5-3 metrə yaxın bünövrə daşları var idi. Həmin daşlar indi hardadır? Həmçinin İçərişəhərdə qədim, nəhəng Övliyanın qəbri var idi. O qəbir də indi yoxdur”.
Z. Budaqova Qız Qalasından da danışıb. O bildirib ki, bərpa olunmaq adı ilə Qız qalasının ətrafını da sökdülər:
"Qız qalasının altında qədim abidələr, "arka”ların arasında kiçik otaqlar var idi. Həmin evlər bizdən əvvəl yaşayanlar üçün yaşayış evləri idi. İndi onlar da sökülüb, atılıb. Ən qədim abidələr Şirvanşahlar sarayı, Qız qalası idi. Onlardan geriyə demək olar ki, heç nə saxlanılmadı. Qız qalası divarın içi ilə qalxan pilləkanlar var idi, içəridə arakəsmələr olmamalı idi, əlavə ediblər.
Qız qalası mayak kimi istifadə edilən vaxtlardan bəri aşağıdan qaz boruları qalxırdı. Qalanın ən təpəsində 3 məşəl var idi. Məşəl 1-i yandıqda yol göstərmək, 2 məşəl yandırılırdısa, "bura gəlin” anlamı daşıyırdı. Artıq 3 məşəl birlikdə yandırılanda "təhlükə var, köməyə gəlmək lazımdır” demək idi. Bərpa planları nəticəsində nə Qız Qalası, nə Şirvanşahlar sarayı, nə də digər tarixi abidələr olduğu kimi qorundu”.
Z. Budaqova onu da əlavə edib ki, son dəyişiklik mövcud problemlərin aradan qalxmasına gətirib çıxaracaq.
Aysel Aslan