2017-ci il fevral ayının 21-i xalqımız və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edən bir tarixi qərarla yadda qalacaq. Çünki həmin gün ölkə ictimaiyyəti idarəetmə strukturunda qabaqcıl Avropa ölkələrinin təcrübəsinə əsaslanan bir yeniliyin reallaşdırılmasının şahidi oldu. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildi. Bu xəbər birmənalı olaraq cəmiyyət tərəfindən məmnunluqla qarşılandı.
Ona görə ki, 2003-cü ildən ölkənin birinci xanımı statusuna malik Mehriban Əliyeva bu dövr ərzində çoxsaylı fəaliyyətləri ilə Azərbaycanı ölkədən kənarda layiqincə təmsil edib. Bir çox beynəlxalq miqyaslı yarışlara rəhbərlik edib və dünya dövlətləri tərəfindən Azərbaycanın tanınmasında əvəzsiz xidmətlər göstərib. Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi çoxşaxəli fəaliyyəti, bilavasitə rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr, həmçinin fəal parlament fəaliyyəti istər ölkə daxilində, istərsə də xaricdə ona böyük rəğbət və nüfuz qazandırıb. Onun xeyriyyəçilik fəaliyyətində uşaqlara və yaşlı insanlara qayğı xüsusi yer tutub. Mehriban Əliyeva bütün fəaliyyəti boyu sosial qayğıya ehtiyacı olan insanların problemlərinin aradan qaldırılması istiqamətində çalışıb. Uzun illər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib.
Birinci xanım ölkənin ictimai-siyasi həyatında, prezidentin imicinin formalaşmasında, dövlət idarəçiliyinin operativ, real həyata keçirilməsində çox yaxından iştirak edib. O, ulu öndərin adını daşıyan fondun yaradılmasından əvvəl də böyük təəssübkeşliklə fəaliyyət göstərib. Fondun yaradılmasından sonra isə Mehriban xanımın Azərbaycan naminə həyata keçirdiyi tədbirlərin kəmiyyəti və keyfiyyəti dəfələrlə, coğrafiyası isə on dəfələrlə böyüyüb. Mehriban xanım Azərbaycan mədəniyyətinin şəriksiz dostu, səhiyyəmizin yorulmaz dəstəkçisi, uşaq və gənclərimizin isə əvəzsiz himayədarı kimi həm ölkə miqyasında, həm də beynəlxalq aləmdə Azərbaycan xanımlığına xüsusi nüfuz qazandırıb. Onun çoxsahəli ictimai-siyasi fəaliyyətində fəxr ediləsi məqamlar həddindən artıq çoxdur. Əminik ki, birinci vitse-prezident vəzifəsinə təyin olunması Mehriban Əliyevanın fəaliyyət dairəsini daha da genişləndirəcək və o, Azərbaycanın inkişafına bundan sonra da dəyərli töhfələr verəcək.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca APA.az-a bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyeva indiyə kimi ona tapşırılan bütün işlərin öhdəsindən layiqincə, şərəflə gəlib:
"Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsini müsbət qarşılayıram. Görünən kəndə bələdçi lazım deyil. Muğamın, ədəbiyyatımızın, folklorumuzun, mədəniyyətimizin dünyada təbliğ olunmasında Mehriban xanımın əvəzsiz xidmətləri var. Mehriban Əliyeva çox böyük xadimdir. Onun aid olduğu nəslin, ailənin əsli, kökü var. Nəsildən, ailədən də çox şey asılıdır. Böyüyünə, keçmişinə hörmət etməyən adam gələcəyin qədrini bilməz. Mehriban Əliyeva böyüklərə, keçmişə daim hörmətlə yanaşıb. Mehriban xanım ona tapşırılan bütün işlərin öhdəsindən şərəflə gəlməyi bacarıb. I Avropa Oyunları Mehriban xanımın təşkilatçılığı ilə çox möhtəşəm keçirildi. O, məktəbləri təmir etdirir, yeni məktəblər tikdirir. Elmə, təhsilə, məktəbə diqqət də şəxsiyyət olmağın göstəricisidir”.