Gənc, yolun hayanadır?

1990-2017-ci illərin Azərbaycanına gənc baxış



Hər zaman təkrar etdiyim bir cümlə var. "Mənfinin özü də mənfiyə görə müsbətdir”. İllər əvvəl ağlıma gələn və həmin gündən indiyə qədər ən sevdiyim aforizm budur. Sual yaranır ki, "Nə dəxli var?” Dəxli də odur ki, aşağıda yazacaqlarımı mən səhv görürəmsə, səhv olmaya da bilər. Və ya birinin səhv gördüyü hər hansısa bir şey səhv deyil. Sadəcə, səhv və doğru anlayışı insanlara və onların yaşayış tərzlərinə görə dəyişir.

"Uşaqlıqda bir ailə dostumuzun dediyi cümləni hələ də xatırlayıram: "İnternet, doğru istifadə edildiyində çox yaxşı bir yerdir”. Bu fikri hər zaman dəstəkləmişəm və dəstəkləməkdə davam edəcəm. 22 yaşım var və bilirəm ki, bildiklərim, biləcəklərimin milyonda biri qədərdir. Amma bir şeydən əminəm ki, mən gəncəm və mənimlə bərabər Azərbaycanda ən azı milyon gənc böyüyür. Amma gedilən yol heç də xoş deyil. Hazırda internet "aləmi” çox pozğunlaşıb. Vəziyyətin bu hal almasında gənclərimizə - öz yaşıdlarımıza borcluyuq. 2000-ci illərdən başlayaraq evlərə internet çəkilməyə, kompyuter alınmağa başlandı. 49 kb internetlə saatlarla "Youtub”da bir videonun yüklənməyini gözlədiyimi xatırlayıram. O vaxtlar nə smartfonlar var idi, nə də sürəti 56 kb-ti keçən internet avadanlıqları. Və gənc olan insanın, istəsəydi də "pozğun”laşmağına şərait yoxdu. İnternet və kompyuteri yeni öyrənənin hələlik "möcüzələr” yaratmaq imkanı yoxdu. Və doxsanıncı illərin uşaqları böyüdülər, "Like”lar və "Liker”ların dövrü gəldi. O zamanlar yaşıdlarımın ultra bənövşəyi sifətlərindən iyrənməyə başladım. Bayramlarda biri-birinin evinə sadəcə yaşlılar gedəsi oldu. Digərləri saxta babalı şablon cümlələrlə bəzədilmiş şəkilləri biri-birlərinə atıb və ya paylaşıb öz "like”larını gözləməyə başladılar. Sadəcə paylaşmaq xətrinə kitab alıb oxumayan "Ayka Kitab Oxuyanka”lar, ya da baxmadığı bir filmə özünü işarələyib "Məndə bu filmə baxmışam” deyən insanlar (əksər halda qızlar) çoxaldı. Çoxaldı, çünki ağıllı oğlan ağıllı qız istəyir. Amma eyni zamanda tam istədiyi "həm ondan, həm bundan” olmasıdır. Onlarla tanışımın dediyi bir söz var, gəzmək üçün ayrı qız olmalıdır, evlənmək üçün ayrı. Sonra da mənə deyirlər ki, sən kişilərin tərəfindəsən. Əlbəttə, mən nümayəndəsi olduğum bir cinsi tənqid edirəm. Eyni zamanda qadınları da. Bu o deməkdir ki, mən feministəm. Və feminizm çoxunun küt beyninə girmirsə deməliyəm ki, feminizm qadın üstünlüyü və qadın haqlarının qorunmağı deyil, bərabərlik deməkdir. Evdə qadın iş görürsə, kişinin də fiziki və mənəvi baxımdan iş görməsi lazımdır. Əksini deyənlər yəqin analarının işləyib, atalarının yekə qarınlarını doydurmaqlarına baxmaqdan həzz alırlar. Psixoloji mazoxizm xəstəlikdir. Amma müalicəsi də var. Dediyim kimi, savadlı insan əksər halda saf insan olur. Çünki düşündüyü tək şey digər insanların onun kimi düşündüyüdür. Onu vərdişindən əl çəkdirmək üçün uzun illər lazımdır. Niyə bunu deyirəm? Düşünün ki, savadlı bir qız, ya da oğlan "Ayka”ya, ya da "Yaxçı oğlana” vurulur. Birinin ali təhsili var və digəri küçə mədəniyyətinin təcəssümüdür. İkisi də gəncdir. Nə qədər oxşar nöqtələri olursa-olsun, mübahisədə hər zaman udan tərəf məhlə mədəniyyətində böyüyəndir. Və təbii ki, doğru olan tərəf digər tərəfin radikallığına bir gün dözmür və tükənir. Sonra nə olur, bu onların öz işləridir. Amma olan olur. Əsas da budur. Yaxşı və pis cəhətlərə gələk. Mən, sadəcə gördüyüm pozğunlaşmış pis cəhətləri yazacağam. Başlayaq qadın cinsinin nümayəndələrindən. 1. Dekalte və "mənə belə rahatdır”, "başqalarının fikri mənə maraqlı deyil”. 2. Dəxli olmayan qadın feminizmi. 3. Mən ağıllı qızam, mənə heç nə olmaz və sairə. İndi keçək bu iddiaları təhlil etməyə. Birincisi, dekalte və "mənə belə rahatdır” , "başqalarının fikri mənə maraqlı deyil” fikrini dekalte geyən qızların çoxu deyir. İdeal bəhanələrdir. Amma bu, özlərini aldatmağa yarayır. Burda fakt deyilən bir şey var. Fakt odur ki, kişilərin cinsəl hissləri ilə qadınların cinsəl hissləri arasında dağ boyda fərq var. Açıq yazıram, kişi dekalte bir qadın bədəni görəndə beynində min hala baş qaldırır. Gördüyünü min vəziyyətdə təsəvvür edir, min... yəni özünüz ardını bilirsiz. Bunu mən demirəm, alimlər deyir. Yəni mənə görə özünü bayırda qoyan insan miqdarından asılı olmayaraq gözlərlə soyundurulmaqdan zövq alır. Bu faktdır. Və nə əsasında dediyimi də yazdım. İkincisi, keçək dəxli olmayan qadın feminizminə. Hazırda axmaq qızların çoxunun oğlan "kankiləri” (dostları)

var. Sevgilisi olduğu halda başqaları ilə də isti münasibət saxlayan - cici-bacı olan qızlar. Bununla belə həmin qızların əksər faizi kükü belə bişirə bilmir. Niyə? Çünki çətindir. Mən qadınam məndən yoxdu. Təkəm, bir dənəyəm. Qurban olaram özümə. Gedən gedər mən yenə də öz bildiyimi edərəm”... Üçüncüsü, mən ağıllı qızam, mənə heç nə olmaz fikrinə. Bu gecə klubuna gedən çox qızın dediyi şeydir. Buna fikir bildirməyəcəyəm. Gələk kişi cinsinin nümayəndələrinə. 1. "Yaxçı oğlan Müsəlman olmalıdı.” 2. "Qaqaş ti panimayeş yəni burdan vorlar” keçib. 3. Dünən o qıznan idim. Bidənə "maska” şeydi... 1. "Yaxçı oğlan Müsəlman olmalıdı”. Çox gəncin dedikləri, məhz budur. Amma daha çox savadsız gəncin dediyidir bu. Bunu qızlara da aid edirəm. Adama deyərlər filankəsin dininin fərqli olmağı sənin milli və mənəvi dəyərlərinə ziyan vurur? Sənin evdə çörəyin azalır? Ya da bu xasiyyətini dəyişir? "Racism” deyilir buna. "Bambılı racism”i. İkincisi keçək, "qaqaş ti panimayeş yəni burdan vorlar” keçib ifadəsinə. İbtidai sinif ağlı ilə filankəslərdən danışır. Bunu da rusca sözlər qataraq deyir. Sanki onun gücləndirici işarəsi nida yox, rus sözləridir. Buna da, mən artistlik edirəm deyilir. Üçüncüsü isə dünən o qıznan idim. Bidənə "maska” şeydi... Fahişə və ya ideal qız olmağından asılı olmayaraq onunla eləyib-eləmədiklərini bölüşmək "məndə nəsə bacarıram” deməkdir. Və həm də cinsəl aclıqdan irəli gəlir. Qısası, hal-hazırda inkişaf edən dövlətik. Amma hara inkişaf edirik, ondan xəbərimiz yoxdur. Gənclik ömrün ən inqilabi, üsyankar, ipə-sapa yatmayan dövrü olduğunu da bilməmiş deyiləm. İçində yaşadığım və mənsubu olduğum gənclik haqqında düşüncələrim kənar baxışın yox, içdən baxışın gördüyü gerçəkləklərdir. Və unutmayaq ki, sabahın Azərbaycanı, bu günün gəncliyinin əxlaqi dəyərlərindən çox asılı olacaq! Rus yazıçısı A.Platonovun belə bir məşhur kalamı var ki, insan hər kəsin gözünə girməyi bacaran yox, nə olmaq istədiyini bilən adamdır. Zamanın, sanaye gəlişimin ziqzaqında başını itirən gəncliyimiz təmsil etdiyi toplumu ən azından bir buğda boyu irəli aparmaq istəyirsə,nə olmaq istədiyini bilməlidir.

Ülvi İsmayıl