Sarkisyan çöküşünü ört-basdır edir

Ermənistan təxribatları ilə danışıqlardan yayınmağa çalışır


Bir neçə gündür Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhədboyu ərazilərdə atəşkəsi intensiv pozur, mütəmadi diversiya təxribatları törədir. Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan hərbi bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törədərək mövqelərimizə soxulmağa cəhd göstəriblər. Lakin Milli Ordumuz tərəfindən düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Nəticədə düşmən tərəf xeyli itki verərək geri çəkilib. Təəssüflər olsun ki, düşmənin təxribatına cavab verilərkən 5 hərbiçimiz şəhid olub. Təcavüzkar Ermənistan və Qarabağdakı separatçı hərbi birləşmələr uğursuz təxribatlardan dolayı daha da həyasızlaşaraq, törətdikləri əməllərə görə Azərbaycanı "ittiham” ediblər. Düşmənin bu cəhdi yenidən müharibə ritorikasının gündəmə gəlməsinə səbəb olub. İşğalçı ölkənin hərbi-siyasi dairələrinin məhz bu cür çirkin yollarla dünya ictimaiyyətini aldatması əslində daxildə baş verənləri daha çılpaq şəkildə ortaya qoyur. Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində saxta referendum keçirərək Dağlıq Qarabağın adını "Artsax” olaraq dəyişdirməsi, ardınca cəbhədə gərginlik yaratması məhz Azərbaycana qarşı davam edən aqressiyanın, işğalçılıq siyasətinin davamıdır. 

Digər tərəfdən, ötən ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə birmənalı üstünlük əldə etməsinin ardınca, ermənilər tərəfindən belə təxribatların baş verəcəyini gözləməyə dəyərdi. Başqa bir amil isə bu ilin aprelində Ermənistanda keçiriləcək parlament seçkiləridir. Serj Sarkisyan məlum olduğu kimi məhz Qarabağ klanının başçısı olaraq bu ölkəni çapıb-talamaqla məşğuldur. Parlament seçkilərinin baş tutacağı tədqirdə Qarabağ klanı ölkənin və sadə ermənilərin qanlarını sümürməkdə davam edəcək. Sarkisyan rejimi məğlubiyyətini arxa plana keçirmək üçün Qarabağda qondarma referendum keçirir, ardınca da cəbhədə vəziyyətin gərginləşməsi istiqamətində qanlı təxribatlar edir.

Düşmən təxribatının səbəbləri...

Millət vəkili, politoloq Rasim Musabəyov deyib ki, cəbhə xəttində vəziyyətin pisləşməsinin bir neçə səbəbi var. Onun sözlərinə görə, ermənilər təmas xəttini "əbədiləşdirmək”, oraya beynəlxalq müşahidəçiləri yerləşdirmək və monitorinqlər təşkil etmək istəyirlər: "Bu, düşmənə imkan verəcək ki, özlərini arxayın hiss edərək torpaqlarımızdan geri çəkilməsinlər. Yəni təzyiqlərdən özlərini sığortalamağa çalışırlar. Çünki Azərbaycanın daimi təzyiqi altında olmağa tab gətirə bilmirlər. Azərbaycan həmin planı rədd edib və əvvəlcə erməni qoşunlarının işğal edilmiş ərazilərimizi tərk etməli olduğunu bildirib. Yalnız belə olan halda bölgəyə müşahidəçi gələ bilər, əks halda Azərbaycan ora heç kimi buraxmaq niyyətində deyil”. Politoloq bildirib ki, ikinci səbəb Ermənistanda keçiriləcək seçkidir: "Bu seçkiyə Serj Sarkisyanın komandası məğlub şəkildə qatılacaq. Sarkisyan hakimiyyəti xalqa iqtisadi baxımdan müsbət vədlər verə bilmir. Nəzərə alaq ki, aprel döyüşlərindən də ermənilər məğlub çıxıb. Ona görə də indi üstünlük qazanmağa çalışırlar. Yəni Azərbaycana mümkün qədər zərər verməklə öz əhalisinə bir qədər əhval-ruhiyyə verməyə cəhd göstərir”. R.Musabəyov hesab edir ki, hazırda cəbhədə davam edən gərginliyi aprel döyüşləri ilə eyniləşdirmək olmaz: "Amma toqquşmalar aprel döyüşləri istiqamətində irəliləyə və daha da şiddətlənə bilər. Ermənilər Azərbaycanın hansısa bir obyektini vursalar, eyni cavabı alacaqlarını çox yaxşı anlayırlar. Həm Naxçıvandan, həm Qazaxdan ermənilərin istənilən obyekti vurula bilər. Düşmənin məqsədi sadəcə olaraq qorxu yaradıb, öz insanlarına bir az ruh verməkdir. "İskəndər” raketlərinin istifadəsi qətiyyən real deyil. Düşmən bilir ki, onlar yarım addım atsalar, Azərbaycan tam addım atacaq”.

"Ermənilərə aprel dərsini yenidən keçməyə hazırıq”

Millət vəkili Aydın Mirzəzadə deyib ki, cəbhə xəttində təxribatlar törətmək, Azərbaycan mövqelərinə məqsədli şəkildə hücumlar təşkil edərək razılıqları pozmaq Ermənistana xas olan bir məsələdir: "Son günlərdə cəbhə xəttində baş verən gərginlik ilk növbədə Ermənistanda qarşıdan gələn parlament seçkilərində əlavə siyasi dividendlər qazanmaq üçün nəzərdə tutulub. Amma Ermənistan yaddan çıxarır ki, bu gün onların qarşısında duran ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil. Dövlətimiz iqtisadi baxımdan kifayət qədər güclənib, beynəlxalq birlikdə böyük nüfuza malikdir. Bundan başqa, hazırda Azərbaycan Ordusu ən müasir hərbi texnikalara malikdir. Düşmənin cəbhə xəttində törətdiyi təxribatlar Ermənistana başucalığı gətirməyəcək. Erməni hökuməti bütün əməllərinə, tökdüyü qanlara görə cavab verməli olacaq”. Deputat qeyd edib ki, son hadisələr göstərir ki, Ermənistan rəhbərliyi ötən ilin aprel hadisələrindən heç bir nəticə çıxarmayıb: "Əgər belədirsə, biz o dərsi yenidən keçməyə hazırıq”.

"Hərbi toqquşmalar Ermənistanda vahimə yaradır, düşməni qorxudur”

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib ki, son günlər cəbhə xəttində müşahidə edilən gərginlik Ermənistanın keçən ilin aprelində itirdiklərinin bərpası ilə bağlı ssenari deyil: "Bir neçə gündür ki, Tovuzdan başlamış Tərtərə qədər erməni təxribatları özünü göstərir. Amma əsas döyüşlər mərkəz olaraq Qarabağda gedir. Belə düşünürəm ki, burada bir nömrəli amil əslində Ermənistanda keçirilən seçkilərdir. Rəy sorğuları hakim partiyanın mövqelərinin çox bərbad vəziyyətdə olduğunu göstərir. Belə vəziyyətdə hakimiyyət total saxtalaşdırmaya getməlidir. Məlumat üçün deyim ki, Serj Sarkisyan öz partiyasına və rəhbərlik elədiyi bloka müdafiə naziri Vigen Sarkisyanın adını birinci yazıb. Onlar cəmiyyətə sosial, siyasi, iqtisadi vədlər deyil, 25 il əvvəl olduğu kimi yenə də Qarabağla bağlı sözlər verirlər. Bu üzdən sanki seçki təbliğatı səngərdə gedir. Həmçinin, düşünürlər ki, əgər azərbaycanlılara zərbə vurulsa, bu, şübhəsiz ki, aprelə qədər hakim partiyanın mövqeyini gücləndirəcək.

Şübhəsiz ki, ermənilər ötən bir il ərzində ön cəbhəni xeyli dərəcədə möhkəmləndirməyə çalışıblar. Amma Azərbaycanın malik olduğu silahların uçma radiusunu hesablayanda düşmənin ön xətdə gördüyü işlərin çox da əhəmiyyəti olmayacaq”. Deputat hesab edir ki, əslində mahiyyətcə proseslər Azərbaycanın xeyrinədir: "Çox geniş bir ərazidə təxribatlar ermənilərin gücünün paylanması, bölünməsi baxımından qətiyyən Ermənistanın xeyrinə işləmir. Ermənilərin döyüşdə ölənləri Azərbaycanla müqayisədə üçqat artıqdır. Onların əhali və əsgəri sayı bizimlə müqayisə oluna bilməz. Ermənistan rəhbərliyi apreldə keçiriləcək parlament seçkilərinədək cəbhə xəttində məlum tamaşanı davam etdirməyə və hansısa uğurlar qazanmağa çalışacaq. Lakin hərbi toqquşmalar Ermənistanda çox böyük siyasi, mənəvi-psixoloji nəticələr doğurur, əhali arasında vahimə yaradır”.

"Ermənistan təxribatları ilə danışıqlardan yayınmağa çalışır”

Politoloq Fikrət Sadıqov deyib ki, Ermənistanın təxribat törətməsində genişmiqyaslı məqsədi Dağlıq Qarabağ danışıqlarından yayınmaqdır:

"Ermənistan danışıqların nəticəsinin onlar üçün xeyir gətirməyəcəyini çox yaxşı anlayır. Beynəlxalq təşkilatlar bir tərəfdən Ermənistanın başını sığallasalar da, digər tərəfdən işğal olunmuş torpaqların Azərbaycana məxsus olduğunu da yaxşı bilirlər”. Ekspert bildirib ki, Ermənistan Xocalı soyqırımı ərəfəsindən cəbhədə təxribata cəhd etməklə ölkəmizə qarşı məqsədlərini bir daha yada salmaq istəyib: "Bununla Ermənistan Xocalı vəhşiliyi kimi faciələri hər zaman törətməyə hazır olduğunu ortaya qoydu. Bundan əlavə, Ermənistan dünyaya bəyan etmək istəyir ki, guya onlar "sülh” tərəfdarıdırlar. Lakin Azərbaycan sülh siyasətindən uzaqlaşır, müxtəlif ölkələrdən silah alaraq onlara qarşı istifadə edir və s. Təbii ki, düşmən ölkə bunlarla daxili auditoriyanı sakitləşdirməyə, guya onların maraqlarını müdafiə etdiklərini göstərməyə çalışır. Ola bilsin bu cür yalanlar Ermənistan vətəndaşlarının az qismində dəyişiklik yaratsın. Amma ümumilikdə Ermənistanda vəziyyət tamamilə dəyişib. Artıq Sarkisyan tərəfdarları yeni partiya, siyasi qüvvələr qurur, ona qarşı çıxışlar edirlər. Bu da onların bu siyasətdən doyduqlarını göstərir. Bu baxımdan Ermənistan cəbhə xəttində təxribatlara əl atmaqla daxildəki qarışıqlığın qarşısını almağa çalışır. Təbii ki, bütün bunlar müvəqqəti xarakter daşıyır”.

İsmayıl