Polad Bülbüloğlu UNESCO-nun baş direktoru vəzifəsinə çox uyğun adamdır
Əgər onu seçməsələr, aşkar görünəcək ki, bu qurum bir müsəlmanın rəhbər təyin edilməsindən əndişələnir
Azərbaycan hökuməti UNESCO-nun baş direktoru vəzifəsinə Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun namizədliyini irəli sürüb. Azərbaycan XİN-in yaydığı məlumatda bildirilir ki, Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə seçiləcəyi təqdirdə, bu vəzifənin öhdəsindən layiqincə gələcək.
Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, 2017-ci ildə Azərbaycanın YUNESKO-ya üzvlüyünün 25 illiyi qeyd olunur: "Bu illər ərzində Azərbaycan və YUNESKO arasında sıx əməkdaşlıq qurulub, YUNESKO ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verib”.
XİN rəsmisi əlavə edib ki, multikulturalizm dövlət siyasətinin prioriteti olan Azərbaycan zəngin tolerantlıq və mədəniyyətlərarası dialoq ənənələri ilə YUNESKO-nun dəyərlərinə və ideallarına sadiq olaraq onların təşviq edilməsinə ardıcıl surətdə öz töhfəsini verməkdədir. Qeyd olunanları və hazırda YUNESKO-nun baş direktoru olan İrina Bokovanın fəaliyyət müddətinin başa çatmasını nəzərə alaraq, Azərbaycan hökuməti YUNESKO-nun prosedur qaydalarına uyğun olaraq Polad Bülbüloğlunun təşkilatın baş direktoru vəzifəsinə namizədliyini irəli sürüb:
Polad Bülbüloğlu UNESCO-nun baş direktoru vəzifəsinə namizədlərdən biridir.
"Təbiətən mədəniyyətə, incəsənətə və elmə bağlı olan, bəstəkar, müğənni, aktyor və elmi fəaliyyəti ilə seçilən, uzun müddət nazir vəzifəsində çalışmış, TÜRKSOY-un qurucularından biri olan və 14 il bu beynəlxalq təşkilata rəhbərlik edən, Azərbaycanın YUNESKO ilə əməkdaşlığının qurulmasında və inkişafında bilavasitə iştirak edən, zəngin diplomatik təcrübəyə malik olan bir şəxs kimi Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə seçiləcəyi təqdirdə, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə və YUNESKO-nun məqsəd və məramlarının təşviqinə öz töhfəsini verəcəyinə inanırıq”.
H.Hacıyev deyib ki, YUNESKO-nun Baş Assambleyası YUNESKO baş direktorunun üzv dövlətlər tərəfindən irəli sürülmüş namizədlər sırasından İcraiyyə Şurasının tövsiyəsi əsasında 2017-ci ilin oktyabr-noyabr aylarında seçilməsini həyata keçirəcək”.
Əslində, Polad Bülbüloğlunun xüsusi tanıtıma ehtiyacı yoxdur. XİN-in açıqlamasında qeyd olunmuş fəaliyyətləri bir yana, Azərbaycan xalqı üçün Polad Bülbüloğlu hər şeydən öncə dahi Bülbülün yadigarıdır. Bununla yanaşı, Polad Bülbüloğlu adını Azərbaycan mədəniyyəti və ictimai-siyasi həyatında öz yerini fərdi keyfiyyətləri, bacarıq və peşəkarlığı ilə tutub. Həm də Polad Bülbüloğlunda bir Qarabağ yanğısı, Qarabağ həsrəti də var.
Bu şəxsin UNESCO-nun baş direktoru vəzifəsinə seçilməsi Azərbaycana hansı üstünlüklər qazandıra bilər?
Politoloq Cümşüd Nuriyev Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru seçilməsinin təkcə Azərbaycana deyil, ümumilikdə bu mötəbər quruma üstünlüklər qazandıra biləcəyini dedi:
- Söhbət təkcə Azərbaycanın hansısa üstünlüklər qazana biləcəyindən getmir. Polad Bülbüloğlu kimi şəxslər hardadırsa, ora artıq üstün cəhətlər əldə edir. Bilirik ki, P.Bülbüloğlu 18 il mədəniyyət naziri işləyib. 10 ildən artıqdır ki, səfirdir. Mədəniyyət naziri olmamışdan öncə də Azərbaycan xalqı Polad Bülbüloğlunu sevirdi. Bu şəxs özünəməxsus musiqi nümunələri ilə dünyada məşhur idi. Yəni Polad müəllim atasının kölgəsinə arxalananlardan olmayıb. Öz yolunu seçib, taleyini həll edib. Hətta sizə deyim ki, yaxşı mənada atasını da üstələyib. Tanınmaq, sevilmək baxımından. Çünki təkcə musiqi ilə məşğul olmayıb, həm də ictimai xadim kimi fəaliyyət göstərib. TÜRKSOY-a rəhbərlik edib. Polad Bülbüloğlu dünya xalqlarının mədəniyyətinə bələd bir adamdır. Belə bir şəxsin UNESCO-nun baş direktoru seçilməsi bu qurumun özünə böyük fəxr olardı.
Qaldı ki, bir azərbaycanlının, müsəlmanın UNESCO-ya rəhbərlik etməsi hazırda dünyanı təhdid edən islamafobiyanı aradan qaldırardı. Əgər onu seçməsələr, aşkar görünəcək ki, bu qurum bir müsəlmanın rəhbər təyin edilməsindən əndişələnir. Deməli, dini-irqi ayrı-seçkilik edəcəklər. Amma mən Polad Bülbüloğlunun namizədliyinin dəstəklənəcəyinə daha çox inanıram. Çünki bu insan bütün parametrləri və titulları ilə bu vəzifəyə uyğun gəlir.
C.Nuriyev P.Bülbüloğlunun UNESCO-nun baş direktoru seçiləcəyi təqdirdə Dağlıq Qarabağ münaqişəsi, işğal olunmuş torpaqlarımız və oradakı milli-mədəni abidələrimizin taleyi ilə bağlı çox işlər görə biləcəyini vurğuladı:
- Polad Bülbüloğlu baş direktor seçilərsə, ermənilərin həyasızlığının, Azərbaycanın maddi və mənəvi sərvətlərinə iddialarının qarşısını qətiyyətlə ala biləcək.
Məlahət Rzayeva