Novruz tonqalı qalanmamış əl də, cib də “yanır”

Pərviz Heydərov: “Son 2-3 ildir qiymətlər daha çox artır”
Bu gün (dünən) ilaxır çərşənbəsidir, Novruz bayramına isə sayılı günlər qalıb. Amma ölkədə bayram əhval-ruhiyyəsi hökm sürmür. Yolda-izdə qarşılaşanda biri-birini təbrik edən insanlar dərhal giley-güzara keçib, bazardakı qiymətlərdən şikayətlənir. Haqsız da sayılmazlar. Novruz tonqalı qalanmadan insanların əlini yandırmağa başlayıb.
Düzdür, artıq əhalimiz bayramqabağı qiymət artımına təəccüblənmir. Hətta iqtisadi ekspertlər proqnoz verməzdən əvvəl belə Novruz ərəfəsində qiymətlərin kəllə-çarxa çıxacağını bilirlər. Amma əhalinin maddi vəziyyəti aşağı olduğundan bu bahalaşma daha çox hiss olunur.
Bayramqabağı bazarda qiymətlərin qalxmasının isə heç bir iqtisadi əsası yoxdur, bu sadəcə işbazların bir kələyidir. Bəs, bayram bazarlığının nədən belə baha başa gəldiyinin hardasa məlum görünən səbəblərini qismən də olsa aradan qaldırmaq mümkün deyilmi?
Elə İqtisadçı-ekspert Pərviz Heydərov isə deyib ki, istehlak bazarında qiymətlər tələb ilə təklifin nisbəti altında təşəkkül tapır. Odur ki, bayramqabağı qiymətlərdə dəyişiklik təbii xarakter daşıyır
"Yəni bu, istənilən halda baş verməlidir. Lakin sözsüz ki, son 2-3 ildir qiymətlər daha çox artır. Bu da ümumi iqtisadi vəziyyətlə əlaqədardır. Belə ki, həm istehlak mallarının təklifində durğunluq var, həm maliyyə sarıdan qeyri-sabitlik hökm sürür, həm də bir sıra subyektiv amillərin diktəsi üçün müvafiq şərait yaranıb.” Qiymətlərin yüksəlməsinin qarşısını tam olaraq almağın mümkün olmadığını vurğulayan P.Heydərov qeyd edib ki, subyektiv amillərin diktəsi üçün müvafiq şərait aradan götürülərsə, bahalaşmasını nisbətən məhdudlaşdırmaq mümkün olardı: "Bu isə çox çətin və mürəkkəb vəzifədir. Bununla belə, yaxşı ki, müvafiq strukturlar bu istiqamətdə bir sıra işlər aparırlar. Yoxsa, daha böyük bahalaşmanın şahidi ola bilərdik. Ümumiyyətlə, hesab edirəm ki, manatın məzənnəsiylə bağlı nə vaxta qədər ki, konkret müəyyənlik yaranmadı, istehlak bazarımızda da qiymətlərdə sabitlik təşəkkül tapmayacaq”.
Şəymən