Elnur Rüstəmov: “Bədbəxt hadisələr zamanı həyatını itirən, yaralanan şəxslərin cibinə girən insanlar həmişə olub”
Əhməd Qəşəmoğlu: “Əgər kimsə başqasına aid olan bir şeyə tamah salırsa, deməli onun əxlaqında ciddi problemləri var”
Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza zamanı dünyasını dəyişən 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızına qarşı iyrənc əməl eşidənləri sarsıdıb.
Mərhumun xalası oğlu Vahid İlham oğlunun verdiyi məlumata görə, qəzadan dərhal sonra Çinarənin mobil telefonu hələlik şəxsiyyəti müəyyən edilməyən şəxs tərəfindən oğurlanıb. Hər kəsin yardıma qaçmalı olduğu bir məqamda naməlum şəxs iyrənc əməlindən əl çəkməyib.
Təbii ki, bu hal eşitdiyimiz ilk xəbər deyil. Zaman-zaman bu səpkili xəbərlər eşidir, bəzən də elə bu cür adamlarla rastlaşırıq.
Bu addımı bütün insanlara şamil etməyin düzgün olmadığını vurğulayan Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov hesab edir ki, burada konkret şəxsiyyət tiplərindən söhbət gedir:
"Bu cür insanların sayı çox olmasa da, var. Çirkin əməllər artıq onların qanına hopub və bu psixologiyada pataloji hal hesab olunur. Onlar üçün insanların hansı vəziyyətdə olmasının heç bir əhəmiyyəti yoxdur. Oğurluğu bir növ vərdiş halını alıb və fürsət tapan kimi bu cinayət əməlini həyata keçirirlər. Oğurluğa meyilli olan adamlar ən doğma adamlarından belə nəsə götürməyə çəkinmirlər. Qəzalar, bədbəxt hadisələr zamanı həyatını itirən, yaralanan şəxslərin cibinə girən insanlar həmişə olub, bundan sonra da olacaq. Amma əsas məsələ bu cür şəxslərin dərhal aşkar olunaraq məsuliyyətə cəlb olunmasıdır. Bu cür təhlükəli adamlar islah olunmalıdır ki, cəmiyyəti də özləri ilə təhlükəyə sürükləməsinlər”. Faktiki olaraq, bu cür adamların şəxsiyyət pozuntusu yaşayan psixoloji problemli insanlar olduğunu deyən psixoloqun sözlərinə görə, belələri insanlara maddi ziyanla yanaşı, mənəvi ziyan da vururlar: "Çünki belə hadisələr olanda insanlarda biri-birinə qarşı güvənsizlik yaradır. Hesab edirəm ki, hüquq-mühafizə orqanları araşdırma aparıb oğurluq edən şəxsin kimliyini müəyyənləşdirməli və islah olunması üçün məsuliyyətə cəlb etməlidirlər”.
Dəfələrlə mətbuata verdiyi açıqlamalarda artıq bəşəriyyətdə maddi dəyərlərin ön plana keçərək mənəvi dəyərlərin aşınmasına səbəb olduğundan söz açan sosioloq Əhməd Qəşəmoğlu getdikcə də cəmiyyətdə hər şey mənfiyə doğru istiqamətləndiyini deyib.
"Bu tendensiya da özünü insanların mənəviyyatında, davranışlarında büruzə verir. Əgər biz informasiyanı, təbliğat və maarifləndirməni düzgün qura bilsək, əhalidə mənəviyyata, dəyərlərə qarşı rəğbət yaratsaq, bu, problemi yumşalda bilər. Əvvəllər insanlar biri-birinə qarşı bu cür laqeyd yanaşmazdılar. Mənəvi dəyərlər aparıcı rol oynadığı üçün bədbəxt hadisələr zamanı hamı yaralıların durumu ilə maraqlanır, əlindən gəldiyi qədər onlara kömək eləməyə çalışardı. Amma indi elə adam var ki, bu cür halları fürsət kimi dəyərləndirir. İmanlı və vicdanlı, yüksək əxlaqlı adamlar nəinki bu cür faciəvi hallarda heç vaxt oğurluq kimi ağır bir cinayətə əl atmırlar. Əgər kimsə başqasına aid olan bir şeyə tamah salırsa, deməli onun əxlaqında ciddi problemləri var.
Hesab edirəm ki, mənəvi dəyərlərin təbliği istiqamətində ciddi işlər aparılmalıdır. Əks halda bundan daha xoşagəlməz hadisələrin müşahidə ediləcəyi istisna deyil. Ona görə də çalışmaq lazımdır ki, cəmiyyətimizdə get-gedə elə mühit yaradaq ki, orada mənəvi dəyərlərə üstünlük verilsin. Yoxsa bu hallar qaçılmazdır və ildən-ilə də artacaq. İstər sosial şərait yaxşılaşsın, istər insanların maddi gəliri artsın, həyat səviyyəsi artsın fərqi yoxdur. Bu sosiologiyanın qanunudur”.
Şəymən