"Şəxsi maşınlarını qaraja atıb, avtobuslardan istifadə edəcəklər"

Ərşad Hüseynov: "Avtobusun hərəkəti elə təmin edilməlidir ki, o, tıxaca düşməsin"

"Avtobus sürücüləri, şəxsi avtomobili olanlar ictimai nəqliyyat üçün nəzərdə tutulan yeni zolaqlardan istifadə qaydaları ilə maraqlanmalıdırlar. 

Bunu Sherg.az-a Bakıda avtobusların hərəkəti üçün çəkilən xüsusi zolaqlardan istifadə haqqında danışarkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib. 

O bildirib ki, bu, hələlik pilot layihə şəklində qalır:

"Avtobusun hərəkəti elə təmin edilməlidir ki, o, tıxaca düşməsin. Avtobusun tıxaca düşməsi qəbahətdir, hətta mən deyərdim ayıbdır. Gərək yol elə olsun ki, hərəkət edən avtobus vaxtında ünvanına çata bilsin, tıxacda gözləməsin. Çünki avtobusun içərisində, məsələn, 40 adam olur, amma fərdi avtomobillərdə 1-2 nəfər. Yəni tıxaca bir var tək adam düşə, bir də var, 40 adam. Bu zolaqların sayəsində avtobus tıxaca düşmür. Həmin vaxt fərdi avtomobillərdən istifadə edənlər avtobusların daha tez çatdığını gördükdə, şəxsi maşınlarını qaraja atıb, ictimai nəqliyyatdan istifadə etməyə başlayacaq. Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi layihə bundan ibarətdir. Layihənin qəbulunun son zamanlar baş verən qəzalarla əlaqəsi yoxdur. Bununla bağlı qərar ötən ilin sentyabr ayından verilib və hazırda bunun icrası ilə məşğul olunur”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatdan istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhərinin küçə və prospektlərində yalnız sərnişin avtobuslarının hərəkət etməsi üçün xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlayıb.

Aysel Aslan