"Ermənistanın niyyəti elə niyyət olaraq da qalacaq"



"Atəşkəsin pozulmasında diqqətçəkən məqam Dağlıq Qarabağ sərhədlərindən kənarda olan işğal olunmuş ərazilərimizdən digər bölgələrimizin atəşə tutulmasıdır”.

Bunu Sherg.az-a son günlər cəbhə xəttində atəşkəsin intensiv pozulmasından danışarkən millət vəkili Jalə Əliyeva deyib. Xanım deputat bildirib ki, bu təxribatlar Ermənistan tərəfinin qorxu, təhlükə yaratmaq cəhdindən irəli gəlir:

"Ermənistanın Azərbaycana "meydan oxuması" kimi qiymətləndirilə bilər. Xüsusilə, Azərbaycanın hər bir diplomatik uğurundan, ölkə prezidentinin davamlı xarici səfərlərindən sonra Ermənistan bu addımlara əl atır. Səfər sırasında həmişə xarici rəsmilərlə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması erməniləri qıcıqlandırdığından cəbhədə atəşkəsin pozulmasına gətirib çıxarır.

Təxribatlar davamlı baş verir, artıq buna təəccüblənmirik. Çünki qarşımızda "Dağlıq Qarabağ bizimdir” niyyəti ilə ədalətsiz bir müharibəyə başlayıb, yalnız Dağlıq Qarabağı deyil, onun ətrafındakı rayonlarımızı da işğal edən bir düşmən dayanıb. Ona görə, ermənilərin təxribatlarında qeyri-adi bir şey axtarmağa dəyməz. Bu sadəcə diqqət çəkməyə çalışmaqdır, mənəm mənəmlikdir. Nəticə olaraq, sözsüz ki, onların niyyətləri elə niyyət olaraq qalacaq”.

Qeyd edək ki, Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozduğu haqqında məlumat yayıb.

Aysel Aslan