Yəhudi əsilli millət vəkili Yevda Abramov Sherga.az-a danışıb.
Parlament üzvü ilə Rusiya Dövlət Dumasının sədr müavini Dmitri Jirinovskinin "Niderland Türkiyəyə qarşı həyasızlıq edir" mesajı, Türkiyədə baş tutacaq referendum və rəsmi Ankaraya qarşı Avropanın qərəzli mövqeyi barədə maraqlı söhbət apardıq.
Y.Abramov qeyd edib ki, V.Jirinovski böyük bir dövlətin siyasətçisidir. O, Kremlin ruporudur:
"Jirinovski nə deyirsə, bu, onun öz işidir. Onun kariyerası, statusu dünyaya bəllidir. Ümumiyyətlə, Avropanın ayrı-ayrı dövlətlərinin Türkiyəyə qarşı 2 ildən çoxdur ki, sərgilədiyi mövqe xoşuma gəlmir. Əvvəldən də demişdim ki, bəşəriyyətin siviliziyasıyası, mədəniyyəti Osmanlı imperiyasının dövründə olduğu kimi, Türkiyə sivilizasiyası üzərində qurulacaq. Türk milləti hər cəhətdən dünyaya meydan oxuyacaq. Bu da, Avropanı təşvişə salır. Hazırda Avropanın qorxduğu iki ölkə var: Türkiyə və Rusiya. Bu gün Türkiyənin Avropaya qarşı dirənişi yəqin ki, Jirinovskiyə sərf edir. Məhz ona görə, o, Hollandiyaya qarşı bu sözləri işlədib.
Yoxsa Jirinovski sözü havayı yerə işlədən adam deyil. O, sözü zamanında, özünün və ölkəsinin xeyrinə deyir. Avropanın dağıdılması Rusiya siyasətinin prioritetidir. Və Rusiya Türkiyənin yanındadır. Avropa Avropanın türkləşməsindən qorxur. İndi Hollandiyanı qıcıqlandıran da elə budur. Avropada az-çox islam sivilizasiyasının daşıyıcıları orada yaşayan türklərdir. Ən yaxşı ailə, ən yaxşı iş islam inanclı insanların əlindədir. Bu tendensiya davam etsə, 50 ildən ildən sonra Avropa türkiyənin bir əyaləti olacaq. Ona görə də, Avropa qorxur. Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın apardığı uğurlu daxili və xarici siaysət Avropa ölkələrinin liderlərini narahat edir. Almaniya,Hollandiya və başqaları türklərə və Türkiyənin apardığı siyasətə qarşı qərəzli mövqe tuturlar.
-Türkiyədə baş tutacaq referendumu necə dəyərləndirirsiniz?
- Avropa ölkələri bu referendumda Türkiyənin aparıcı partiyaları arasında nifaq salmaq və Türkiyəni daxildən parçalamaq üçün belə siyasət yürüdürlər. AKP-nin hakim partiya kimi aparıcılığını avropalılar həzm edə bilmir. Amma mənə elə gəlir ki, Avropanın bu niyyəti baş tutmaycaq. Türkiyə tarix boyu belə sınaqlardan, çətinliklərdən üzü ağ çıxıb.
-Türkiyə Avropa Birliyinə niyə qəbul olunmur?
- Bunun səbəbləri çoxdur. Yenə deyirəm ki, Avropa türkləşməkdən qorxur. Avropa qocalır. Qocalığın əlaməti nədir? Düşünə bilmir, gözü görmür, qulaq eşitmir, bədən də zəifləyir, dəri qırışır. Avropa qoca qitədir. Türkiyənin inkişafı Avropa üçün dəhşət olacaq. Almaniyada 3 milyondan çox türk yaşayır. Onları hara çıxaracaqlar. 15 ildən sonra onların sayı 7 milyon olacaq. Hər bir avropa ölkəsində türk icmaları konkret və təmiz şəkildə işləyirlər. Belə getsə, Osmanlı imperiyasına qayıdış olacaq. Avropa da bundan qorxur. Amma Ərdoğan heç nədən çəkinmir. Çox üzdə olan bir siyasətçidir. Saatlarla çıxış edir. Dünyanın aparıcı jurnalistlərinə müsahibələr verir. Bütün bunların səbəblərini bir-bir açır. Mənə elə gəlir ki, Avropa ölkələrinin bu mövqeyi aprel ayında baş tutacaq referenduma qarşı yaradılmış böyük bir ajiotajdır. Əminəm ki, türk xalqı bu sınaqdan da uğurla çıxacaq.
-Hollandiyanın Türkiyəyə qarşı qərəzli mövqeyi ilə bağlı Azərbaycan hökuməti öz sərt bəyanatla çıxış etdi...
-Əlbəttə, Azərbaycan Xarici İşlər Nazirliynin verdiyi bəyanat Türkiyə xalqına dəstəkdir. Biz həmişə Türkiyənin və türk xalqının yanındayıq. Yəni ən mühüm məsələlərəd türklər bizi öz yanlarında görə bilərlər.
Ayyət Əhməd