İki qardaş dünyada 100 yaşlıların ən çox olduğu yerləri araşdırdı

Stres ömrü qısaldan faktortlardan biri sayılır
Qırmızı şərab və imanlılıq təlatümsüz və uzun ömür yaşamağın sirlərindən biridir


"The İndependent" yazır ki, bir vaxtlar bir əsrlik ömür sürmək nadir hadisə sayılırdı, lakin indi vəziyyət dəyişir. Məqalədə deyilir ki, 100 il yaşamağın sirləri barədə indiyədək çox yazılıb, lakin bu sirləri yüz yaşlıların özlərindən yaxşı bilən yoxdur.
Nick və Dan Buettner qardaşları dünyada 100 yaşlıların ən çox olduğu yerləri aşkara çıxarmaq missiyasına başlayıblar.
Onların Blue Zone adlı konsepsiyasına görə Yaponiyanın Okinavası, İtaliyanın Sardiniyası, Yunanıstanın İkariyası, Kosta Rikanın Nikoyası və Kaliforniyanın Loma Lindası dünyanın ən uzunömürlü şəhərləridir.
Buettner qardaşları bu nəticəyə gəliblər ki, bütün bu şəhərlər coğraflı və mədəni fərqliliklərinə baxmayaraq 9 ortaq cəhəti bölüşürlər.
Uzun ömür üçün müntəzəm idman geniş şəkildə tövsiyə olunsa da, bu o demək deyildir ki, söhbət idman xatirinə idmandan gedir. Bunun əvəzinə sözü gedən 5 şəhərdə adamlar piyada gəzməyi, velosiped sürməyi, çəmənlikdəki otları biçməyi həyat norması sayırlar. Elə bunun özü də idman deməkdir. Bu beş şəhər stresdən də eyni şəkildə xilas olmağı bacarır. Stres ömrü qısaldan faktortlardan biri sayılır. Qırmızı şərab və imanlılıq təlatümsüz və uzun ömür yaşamağın sirlərindən biridir.
Sözü gedən şəhərlərdə adamlar düşünürlər ki, "az yemək və düz yemək" sağlamlığın təminatçısıdır.
Buettner qardaşlarının müşahidəsinə görə bu şəhərlərdə istər 21 yaşında, istərsə də 100 yaşında olanların hamısının həyatda müəyyən bir məqsədi var.
Bu beş şəhəri birləşdirən ümumi cəhətlərdən biri də adamların ailə üzvləri və dostlarla çox vaxt keçirməsidir. Belə davranış insanın özünü xoşbəxt hiss etməsinə və deməli, yaxşı əhval-ruhiyyədə olmasına kömək edir. "Sevdiklərin üçün yaşamaq məqsədindən daha çox insan ömrünü nə uzada bilər?" - deyilir məqalədə (BBC).