Hollandiya Türkiyədən üzr istəyib
Binəli Yıldırım deyib ki, aprelin 16-da hər kəs susacaq, millət danışacaq
"Türkiyə Avropa İttifaqı ilə miqrasiya üzrə sazişə əməl etməyə lüzum görmür, razılaşmaya yenidən baxılmalıdır”. Bu sözləri Türkiyənin Aİ işləri üzrə naziri Ömər Çelik bildirib. Nazir əlavə edib ki, Türkiyə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Avropa ölkələri verdiyi sözlərə əməl etməyiblər. Çelikin sözlərinə görə, artıq məlum olub ki, Brüssel Türkiyə vətəndaşları üçün viza liberallaşdırılması üzrə obyektiv mövqe tuta bilməz. Avropa İttifaqı ilə miqrantlara dair sazişin ləğv edilməsinin mümkünlüyü barədə XİN rəhbəri Mövlud Çavuşoğlu da çıxış edib.
Xatırladaq ki, Brüsseldə Avropa İttifaqı və Türkiyə arasında 2016-ci il martın 7-də istisnasız olaraq bütün qaçqınların Yunanıstandan Türkiyə ərazisində yerləşdirilməsi barədə razılıq əldə olunub. Əvəzində Türkiyə vətəndaşlarına Avropa Birliyi ölkələri ilə vizasız rejim, Avropaya inteqrasiya vəd olunub.
Avropa Parlamenti - "Biz razılaşmaya bağlıyıq”
Türkiyənin Avropa Birliyi nazirinin qaçqınlarla bağlı açıqlamasından sonra Avropa Birliyi təşvişə düşüb. Ömər Çelikin açıqlamasından bir neçə saat sonra Avropa Komissiyası məsələ ilə bağlı təcili açıqlama verib. Komissiyadan verilən açıqlamada "Avropa Birliyi Türkiyə ilə qaçqınlarla bağlı razılaşmasına bağlıdır” deyilib: "Türkiyə-AB razılaşmasına bağlıyıq. Bu bir ortaq etimad və təslimiyyətlə bağlı razılaşmadır. Hər iki tərəfin də öhdəliklərini yerinə yetirməsini gözləyirik”.
Atdıqları addımların yanlışlıqla olduğunu dedilər
Türkiyənin Baş naziri Binəli Yıldırım deyib ki, Hollandiyada saxlanılan səfirlə bağlı üzr istənilib: "Atdıqları addımların yanlışlıqla olduğunu dedilər. Məndə olan məlumata görə, zərərçəkənlər Avropa İnsan Haqları Məhkəməsinə gedəcəklər. Bütün detallar araşdırılacaq. Səfirin saxlanılması ilə bağlı üzr istənilib”.
"Türkiyə tezliklə Avropanı inlədəcək”
Binəli Yıldırım çıxışında deyib ki, aprelin 16-sı hər kəs susacaq, millət danışacaq: "Verəcəyiniz hər bir "bəli” səsi Türkiyəni daha da irəli aparacaq. Türkiyə təhsilində bərabərlik artıq tam təmin olunub. Ölkənin hər yerində dərs kitabları pulsuz paylanılır. Biz söz üstünə söz yox, daş üstünə daş qoyan siyasət yürüdürük. Xidmətlərimizin qarşısını almaq üçün əllərindən gələni edirlər, etməyə də davam edəcəklər. Türkiyə tezliklə Avropanı "bəli” səsi ilə inlədəcək. Hamı bilsin ki, bizi bu müqəddəs yoldan geri qaytara bilməyəcəklər”.
"Hollandlar səhv ediblər...”
Hollandiyanın hərəkətlərini bir sıra ölkələr dəstəkləsələr də, əksər dövlətlər bu addımı pisləyiblər. Polşanın xarici işlər naziri Vitold Vaşikovski deyib ki, Türkiyənin iki nazirinə Rotterdamda mitinq keçirməyə icazə verməyən hollandlar olduqca sərt davranıblar. O qeyd edib ki, Türkiyə və Niderland arasındakı diplomatik böhran Avropa İttifaqı üçün faydalı deyil: "Ankara Brüsselin əhəmiyyətli müttəfiqlərindən biridir. Hollandlar səhv ediblər, çünki belə kəskin reaksiya verməyə heç bir lüzum yox idi”. Polşanın XİN rəhbəri vurğulayıb ki, rəsmi Ankara Avropaya qaçqın axınının qarşısının alınmasında mühüm rol oynayır: "Əgər Türkiyə ilə ötən il əldə olunmuş saziş pozulsa, bu ölkə əsasən Suriyadan olan miqrant dalğasının qarşısını almasına gözlərini yumacaq. Onda bu dalğa Avropanı yenidən bürüyəcək”.
Avropa Şurasının rəhbəri Türkiyəni hədələdi...
Avropa Şurasının rəhbəri Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunker Hollandiyaya dəstəklərini ifadə ediblər. Tusk Türkiyənin Hollandiyanı faşizmdə ittiham etməsinin həqiqətdən "uzaq” olduğunu iddia edib. Jan-Klod da çıxışında Tusku dəstəkləyib və getdikcə Türkiyənin Avropa Birliyinə üzv olma ehtimalının aradan qalxdığını söyləyib.
"Zaman” qəzetindən türk xalqına xəyanət
Fəaliyyətinə qadağa qoyulmuş "Zaman” qəzetinin Hollandiyada çap olunan versiyasında Türkiyə dövlətinə və xalqına qarşı növbəti xəyanət törədilib. Adıçəkilən qəzet Türkiyə əleyhinə çıxış edən Avropa ölkələrinin fikirlərini dərc etməklə yanaşı, onun fəaliyyətinə son qoyulması tələblərini də qulaqardı edib: "Hollandiyadakı faşist əməliyyatının bir parçası olmaqda canfəşanlıq edən xainlər vətəndaşlarımızı hədəf almağa başladı. Hollandiya bu işi FETÖ terror təşkilatına verib”. "Zaman” qəzetinin Hollandiya şöbəsi atlı-itli hücumlara məruz qalan türklərin qanlı fotolarını deyil, "zərərçəkən” hollandiyalı polislərin şəkillərini manşet verib. Həmçinin, Fətullahçı xəyanət şəbəkəsi Hollandiyada demokratik haqlarını istifadə edərkən polis tərəfindən hücuma məruz qalan türk vətəndaşların ad və fotolarını casus təşkilatı kimi aşkar edərək Hollandiya polisinə göndəriblər.
Fatih Portakaldan Türkiyə dövlətinə növbəti xəyanət!
FOX TV-nin aparıcısı Fatih Portağal xain mövqeyi ilə yenidən gündəmə gəlib. Portağal son günlər Türkiyə-Hollandiya arasında yaşanan münasibətlərə toxunaraq Hollandiyanı müdafiə edib: "Mənə vətən xaini deyə bilərsiniz, amma təqsir Türkiyədədir”. Portağalın açıqlaması Türkiyədə böyük rezonansa səbəb olub və o, sosial mediada kəskin şəkildə tənqid edilib. Xatırladaq ki, Portağal 2016-cı ilin aprel ayında cəbhə xəttində aparılan əməliyyatlar zamanı Ermənistanı müdafiə edərək Azərbaycanın da ünvanına yersiz fikirlər səsləndirib. Eyni zamanda vaxtilə FOX TV ekranlarından səslənən "İraqdakı türkmənləri PKK xilas etdi, türkmənlər PKK-ya minnətdar olmalıdır” ifadəsi də Portağala məxsusdur.
İsmayıl