Qaydaları pozan yalnız qanunsuz fəaliyyət göstərən mikroavtobuslar deyil
Sumqayıt şəhərində qanunsuz sərnişin daşıma ilə məşğul olan sürücülərə qarşı növbəti dəfə reyd keçirilib. Reyddə 25-dən çox mikroavtobus saxlanılıb.
Sürücülər isə buna görə yol polisi ilə razılaşmayıb, etirazlarını bildiriblər. Lakin şəhərin müxtəlif ərazilərində paytaxta sərnişin daşıyan mikroavtobus sürücülərinin etirazı fayda etməyib. Hətta bəzi sürücülər müxtəlif cür bəhanələrlə özlərinə haqq qazandırmağa çalışsalar da, cərimə qaçılmaz olub.
Onlar barəsində protokol tərtib edilib. (Xezerxeber)
Məsələ ilə bağlı "Şərq”ə danışan Sosial-Strateji Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri, nəqliyyat üzrə ekspert İlqar Hüseynli isə Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsinin son bir həftə ərzində ölkədə mübahisəli vəziyyət yaratdığını deyib:
"Halbuki bu problemin kökünü lap dərinlərdə axtarmaq lazımdır. Necə ola bilər ki, bu mikroavtobuslar 9-10 il ərzində qanunsuz fəaliyyət göstərir? Atalarımızın gözəl bir misalı var: "İmam üçün ağlayanda, yezid üçün də ağlamaq lazımdır”. Problemin mahiyyətində o dayanır ki, aidiyyəti qurumlar bu sahəni zamanında nəzarətsiz qoyub. Keçmiş Nəqliyyat Nazirliyinin müfəttişləri uzun müddət onların bu fəaliyyətinə göz yumduqları üçün birbaşa məsuliyyət sahibidir. Sürücülük vəsiqəsi, lisenziyası, xüsusi nişanları olmayan şəxslərlə öz aralarında razılaşıb, onların fəaliyyətinə razılıq veriblər. Bakı-Sumqayıt yolu boyunca Dövlət Yol Polisinin iki postu var. Sadəcə olaraq tələbələrin ölümü ilə nəticələnən qəzadan sonra aidiyyəti qurumlar bu problemi qabartdılar ki, qarşısı alınacaq.
Bu gün 25 mikroavtobusun sürücüsü cərimələnibsə, qarşıdakı günlərdə onların sayı daha da artacaq. Bu isə onlarla insanın işsiz qalmasına yol açacaq. Yaxşı olar ki, onların fəaliyyətinə qadağa qoymaqdansa, qanuni fəaliyyətlərinə şərait yaratmaq, stimullaşdırmaq lazımdır. Yaxud da hansısa şirkət bu işi öz üzərinə götürə bilər. Sürücüləri cərimələyib xətdən uzaqlaşdırmaqla problem aradan qalxan deyil. Sumqayıt-Bakı marşrut xətti üzrə qanunsuz sərnişin daşıyan yüzlərlə taksi var. Onların qarşısını necə alacaqlar? Yaxşı olar ki, qanunvericilikdə dəyişiklik edərək cərimələr artırılsın və yol hərəkəti qaydaları ciddi nəzarət altına alınsın. Elə bilirsiniz ki, yol hərəkəti qaydalarını pozan sadəcə qanunsuz fəaliyyət göstərən mikroavtobuslardır. Xeyr, hansısa şirkətin nəzdində olan avtobuslar da yol hərəkəti qaydalarını pozaraq yollarda qəzalı vəziyyət yaradırlar. Bütün bunlar onu göstərir ki, məsələyə birtərəfli yox, hərtərəfli yanaşmaq və kompleks addımlar atmaq lazımdır”.
Şəymən